Oxlokratiya müstəqil Azərbaycanı necə böhrana sürüklədi? Heydər Əliyev iqtidara iki il öncə gəlsəydi...

Heydər Əliyevin iqtidara gəlməsinə təşəbbüslər istər latent, istərsə də açıq formada hər zaman irəli sürülüb. Ayaz Mütəllibov iqtidarı məhz bu ideyanın reallaşmaması üçün prezidentliyə namizədlər üçün yuxarı yaş senzi tətbiq edib. 1992-ci ilin mayında onun namizədliyi Azərbaycan Ali Sovetinin sədri postuna irəli sürülüb. Lakin bu təklif rəsmiləşməyib ona görə ki, guya Bakıdan Naxçıvana zəng çatmayıb. Təsəvvür edirsiniz? Azərbaycan qan çanağında boğulur, Xocalı qətliamından sonra Şuşa, Laçın əldən gedir, lakin “Əliyevlə telefon əlaqəsi yaratmaq mümkün olmur” kimi ikrah doğuran bir bəhanə ilə ölkə daha dərin böhrana sürüklənir. Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra, hətta 1992-ci ilin mayında Heydər Əliyev iqtidara gəlməsi yönündə ortaya iradəyə qoymağa cəmiyyətimizin prinsipiallığı, siyasi elitanın zəkası, dövlətçilik baxımından ənənələrimiz çatmayıb. Bunun bədəlini isə Azərbaycan ağır- həm torpaq, həm də insan resursları hesabına ödəyib, təbiri-caizsə, bir ovuc ermənini 30 il inkişafın qarşısında əngələ çevirib.

Heydər Əliyev 1991 və yan 92-ci illərdə iqtidara gəlmiş olsaydı ilk növbədə öz yüksək siyasi liderlik keyfiyyətləri və idarəetmə təcrübəsi xalqın səfərbər olunmasına şərait yaradacaqdı. Onun nüfuzu milli həmrəyliyi artıracaq, əhalini vahid məqsəd ətrafında birləşdirəcəkdi. Bu, həm milli kimliyimizi bərpası prosesini gücləndirəcək, həm də Dağlıq Qarabağ münaqişəsində cəmiyyətin parçalanmasının qarşısını alacaq, daxili siyasi çəkişmələri minimuma endirəcəkdi.

Azərbaycan meydan hərəkatının stixiyasında milli ideologiya baxımından yanlış bir yol tutaraq Azərbaycanlı kimliyini və Azərbaycançılıq məfkurəsini arxa plana keçirmiş, tarixdə saxta büt axtarışına çıxaraq heç bir elmi əsas, fakt olmadan Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin banisi adlandırmış, sağ, sol, yoxsa mərkəzçi ideologiya kimi məğzi məlum olmayan müsavatçılığı süstləyərək dövlət quruculuğunun mərkəzi konsepsiyasına çevirmişdi. Yenidən bərpa olunmuş Müsavat Partiyası Elçibəy hakimiyyətinin mərkəzçi əsaslarını sarsıtmış, hakim elitanı de-fakto parçalamışdı. Uzun illərdir “milli demokratik hakimiyyət” kimi öyülən AXC-Müsavat iqtidarı öz mahiyyətinə görə tipik oxlokratiya idi. Aqoniya içində çabalayan bir məmləkətdə oxlokratiya formalaşması isə cəmiyyətə nəinki tərəqqi vəd edir, hətta xalqı və yenidən əldə edilmiş dövlət müstəqilliyini məhv olmaq təhlükəsinə sürükləyirdi. Əliyevin iqtidara gəlməsi bu riskləri aradan qaldırar, mövcud peşəkar kadrların hökumətə gətirilməsi ilə dövlətin idarəetmə mexanizmləri gücləndirərdi.

1991-92-ci illərdə Qarabağ münaqişəsi tam bir silahlı qarşıdurmaya çevrilmiş, Azərbaycan özünü müdafiə etmək məcburiyyətində qalmışdı. Ancaq hərbi müdafiəni həyata keçirən ordu yox idi. Ordu quruculuğu bu gündən baxanda nə qədər acı həqiqət olsa da, Rəhim Qazıyevə- heç bir hərbi biliyi, səriştəsi olmayan meydan populistinə həvalə edilmişdi. Ordu quruculuğu mürəkkəb prosesdir. İntizamlı, təchizatlı, vahid komandanlıq altında fəaliyyət göstərən milli ordu üçün ilk növbədə səriştəli milli komandan lazımdır. Milli ordu quruculuğunun lazımı səviyyədə getməməsi Azərbaycanı ərazi itkilərinə sürükləyir, buna paralel olaraq ölkədə anarxiya güclənir, silahlı siyasi qruplaşmalar meydana çıxırdı. Belə qruplaşmalardan üçü ən çətin zamanlarında Azərbaycana sözün əsl mənasında arxadan zərbə vurmuşdu. 1992-ci ildə Surət Hüseynov hərbi qiyam qaldırmış, Əlikram Hümbətov Talış-Muğan Respublikası elan etmiş, 1995-ci ildə isə Rövşən Cavadov dövlət çevrilişinə cəhd göstərmişdi.

Hər üç hadisədə xarici kəşfiyyat orqanlarının iştirakı artıq heç kimə sirr deyil. Bu isə bir daha onu göstərir ki, istər regional, istərsə də beynəlxalq səviyyədə Azərbaycanın xarici siyasət kursu müstəqilliyin ilk iki ilində aydın və düşünülmüş olmayıb. Ölkə bu səhvlərin nəticəsini nəinki Heydər Əliyev hakimiyyətə gələndən sonrakı illərdə hiss edib, hətta bu gün də çəkməkdədir. Ümummilli Lider Heydər Əliyev 1993-ci iqtidara gəldikdən sonra “Əsrin müqaviləsi”ni imzalamaq üçün böyük təhdidlər, təzyiqlər və risklərlə üzləşdi. Buna baxmayaraq, 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" ilə Azərbaycanın həm iqtisadi sistemini, həm də müqəddəratını dəyişdi. Əgər bu müqavilə 1992-ci ildə imzalansaydı, nə olardı? Əlbəttə, xarici neft şirkətləri ilə daha erkən razılaşma ölkəyə valyuta axını təmin edər, neft gəlirləri ilə infrastruktur layihələri həyata keçirilər, nəqliyyat və kommunikasiyalar, əmək bazarı güclənər, işsizlik azalar, milli valyuta möhkəmlənər, milli ordu təchiz olunar, ən əsası, Qarabağ münaqişəsinin idarə olunmasında Azərbaycan böyük fürsətlər qazanardı.

Əgər Heydər Əliyev 1991-ci ildə iqtidara gəlmiş olsaydı:

• Laçın, Şuşa və Kəlbəcərin işğalının qarşısı alınar, digər rayonlar işğal riski ilə üzləşməzdi: Effektiv müdafiə strategiyası və ordunun koordinasiyalı fəaliyyəti ilə bu rayonların itirilməsi baş verməzdi. Bu rayonların müdafiəsi təmin edildikdə, Ermənistan separatizminin logistika və silah dəstəyi zəifləyərdi.
• Qaçqınların yerləşdirilməsi və sosial müdafiə tədbirləri daha erkən mərhələdə həllini tapar, məcburi köçkün problem yaşanmazdı.
• Diplomatik təzyiq: Ermənistanın hərbi əməliyyatlarına beynəlxalq təzyiqlər artar, Azərbaycanın mövqeyi güclənərdi.
• Separatizmin aradan qaldırılması: Ərazi bütövlüyü qısa müddətdə bərpa edilə, münaqişə sülh yolu ilə həll oluna bilərdi.

Birinci yazının başında da qeyd etyim kimi, tarix əgər başlayan cümlələri sevmir. Bununla belə, “Heydər Əliyev iqtidara daha erkən gəlsəydi, nə baş verməzdi, nə baş verərdi” sualına cavab olaraq bir tarixi simulyasiya yaradırıqsa, bunun elmi və politoloji arqumentləri olmalıdır ki, irəli sürülən tezislər inandırıcı olsun. Odur ki, Əliyevdən öncəki iqtidarlarla bağlı ən əsas məsələləri bir daha xatırlatmaqda yarar var. Əgər Ayaz Mütəllibov hakimiyyəti tarixi məsuliyyətini dərk etməyən, milli müstəqilliyin inkişafı üçün heç bir konseptual baxışa malik olmayan və əlini Moskvanın ətəyindən çəkə bilməyən kommunistlərin re-qruplaşması idisə, AXC-Müsavat iqtidarı ortaçaplı sovet intellektualların romantikasını oxşayan oxlokratiya idi. Oxlokratiyanın əsas xüsusiyyəti ani qərarlar və emosional idarəetmədir. Heydər Əliyevin iqtidarı isə tarixin daha sonrakı illərdə birbaşa təsdiq etdiyi kimi, strateji düşüncəyə əsaslanardı. İstər Heydər Əliyevin, istərsə də İlham Əliyevin siyasi xəttini və dövlət başçı kimi fəaliyyətini analiz edəndə üç önəmli amil üzərində dayanmalı oluruq.

Birincisi, Əliyevlərin fəaliyyəti iqtisadi, siyasi və hərbi sahələrdə istisnasız olaraq uzunmüddətli strategiyalara əsaslanır.

İkincisi, nə ata, nə də oğul Əliyev heç zaman spontan qərarlar verməyib, davamlı və nəticəyə hesablanmış siyasət yürüdüblər.

Üçüncüsü, hər iki dövlət başçısı Azərbaycana kənar paytaxtlarda biçilən boy, yazılan qədərlə heç zaman razılaşmayıb, xalqın tarixi şüuruna və ənənələrinə əsaslanan regional liderlik əzmi ilə çıxış ediblər.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-portalının baş redaktoru