- Redaktor masası
- 08:42
- 2 193
Milli Məclisin “Mehman Hüseynov”ları
Problemsiz həyat və tərəqqi yoxdur! Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin ən böyük üstünlüyü cəmiyyətin problemlərini vaxtında çeşidləyib kompleks qərarlar verməsi, strateji siyasətini rifah cəmiyyətinin qurulması üçün müəyyənləşdirməsidir. Bu günə qədər elə bir sosial problem olmayıb ki, prezidentin və komandasının diqqətindən kənarda qalsın. Həmçinin cəmiyyətin ayrı-ayrı kəsimlərindən gələn sağlam təkliflərin müzakirəsindən hakimiyyət heç zaman çəkinməyib. Bizim bir cəmiyyət olaraq ən böyük problemlərimizdən biri, hətta birincisi isə, tarixi inkişafımızın paradiqmasıdır- biz istehsalçı yox, istehlakçı toplumuq.
İstehlakçı toplum olaraq üzləşdiyimiz çoxsaylı problemlərin meydana çıxmasında açıq və ya dolayı şəkildə dövlət başçısını və onun sosial, iqtisadi, siyasi kursunu suçlamaq ucuz, absurd və faydasız fəaliyyət növüdür. Üstəlik, savadsızlıqdan qaynaqlanan və sosial şəbəkələrin “çiçəklənməsinə” geniş imkanlar yaratdığı populizmin rasional müzakirələrin qarşısını kəsməsinə xidmət edən daha bir mərəzdir.
Bu günlərə qədər həmin mərəzin daşıyıcılarını biz "Facebook"da, "Tik-tok"da, "Youtube"də görürdük. Sosial şəbəkələrin alqoritmləri və xüsusi botlar sayəsində “şöhrətlənmiş” siyasi cahillər, psixikası yerində olmayan, uğursuz, marginal, qəzəbli və qərəzli tiplər layk girəvəçiliyi ilə bu günümüzün və gələcəyimizin rasional müzakirə meydanını daraltmaq üçün öz trendlərini yaradıblar. Milli Məclisdəki büdcə müzakirələrində adları artıq hər kəsə məlum olduğundan bir-bir çəkilməsinə ehtiyac olmayan deputatların bu trendə qoşulmasını müşahidə etmək, nə gizlədim, məndə böyük məyusluq yaratdı.
Bu, üçüncü məyusluğum idi.
Birinci dəfə hələ 44 günlük müharibədən xeyli öncə belə məyus olmuşdum. Azərbaycan hökuməti Mərkəzi Bankın rezervlərini qorumaq üçün devalvasiyaya getməli olmuşdu. Bu qeyri-populyar, amma zəruri bir addım idi ona görə ki, əks halda, dövlət defoltla üzləşə bilərdi. İstənilən devalvasiya cəmiyyətdə şok yaradır. Bizim bir çox qənaət öndərləri cəmiyyəti şokdan çıxarmaq əvəzinə bədbinlik və qəzəb aşılayırdılar. Qiyyə çəkənlərin qarşısında cəmi bir neçə adam qalmışdıq...
İkinci dəfə yenə müharibədən öncə- Azərbaycan prezidenti İlham Əliyev ölkə ziyalılarını geniş tərkibdə qəbul edərkən yaşadım. O ərəfədə işğalçı Ermənistan Azərbaycanı ələ salır, Qarabağı ilhaq etmək üçün qəti addımlar atmağa hazırlaşır, “DQR”-in müstəqilliyini tanımaq və ya özünə birləşdirmək üçün alçaldıcı bəyanatlarla nəbzimizi yoxlayırdı. O günlərə boylandığımızda artıq qətiyyətlə demək olar ki, prezident Əliyev daxilən savaş qərarı vermiş, dünyanı qarşısına alıb Qarabağı işğaldan hərbi yolla azad etməyin konturlarını cızmışdı. Bu üzdən ziyalılardan almaq istədiyi əsas mesajlar Qarabağla bağlı idi. Ancaq çox təəssüf ki, prezidentin qarşısında daha çox cari və sosial məsələlərlə bağlı danışıldı.
Azərbaycanın 2025-ci il büdcəsi post-münaqişə dövrünün strateji hədəflərinin iqtisadi yol xəritəsidir. Məyusluq doğuran odur ki, bizim hətta bir çox təcrübəli, hakim düşərgədə illər keçirmiş parlament üzvləri bu xəritə ilə işləməyi, başqa sözlə, Azərbaycanın yeni siyasət anlayışından çıxış etməyi, strateji məqsədləri ilə ayaqlaşmağı bacarmırlar. Bəli, Azərbaycan sosial dövlətdir- şəhidinin ailəsinə də, qazisinə də, veteranına da, köçkününə də, kasıbına da, pensiyaçısına da mövcud imkanları daxilində sahib çıxan, bu və ya digər formada sosial dəstəyə ehtiyacı olan vətəndaşın ehtiyac zənbilini boş qoymayan bir dövlətdir. Amma bu dövlətin ayaqda qalması və inkişaf etməsi üçün cəmi bir yol var- biz istehsalçı cəmiyyət olmağa məhkumuq!
Cəmiyyətimizin istehsalçı məzmun qazanması və inkişafı üçün ən önəmli amillərdən biri də qanunlarımızın yenilənməsi, iqtisadi təşəbbüskarlıq qarşısındakı bürokratik maneələri aradan qaldırmasıdır. Bu işdə parlamentin, deputatların üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən və deputat səlahiyyətlərinin verdiyi xalqa və dövlətə xidmət vəzifəsindən yayınıb Milli Məclisdə Mehman Hüseynovun dar qafası, pərtov ağzı ilə danışmaq ən azından Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu intellektual baxımdan dərk etməməkdir.
Emosional çıxışlar və impulsiv yanaşmalar Sinqapur yaradıb, yoxsa Finlandiya?
Bu ölkələrin tərəqqi nümunəsini məhz rasional müzakirələr nəticəsində əldə olunmuş sosial konsensus, ən müxtəlif maraqların balansını qoruyan, qısamüddətli çıxarlara deyil, uzunmüddətli, sistematik və davamlı inkişaf strategiyalarına əsaslanan siyasət yaradıb. Deməli, əsas məsələ sosial baxımdan həssas olan hər hansı təbəqənin nümayəndəsinə beş-on manat artıq müavinət vermək deyil (bu artım infilyasiyaya da təsir edəcəyindən, son nəticədə həmin vətəndaşın alıcılıq qabiliyyətini sabit saxlamayacaq). Əsas məsələ odur ki, problemlərə davamlı və mərhələli yanaşma ilə resurslar daha düzgün bölüşdürülsün, həll prosesləri optimallaşdırılsın, fərdlər istehlakçı və ya sıradan istehsalçı olmaqdan çıxıb, daha geniş miqyaslı, rəqabətqabiliyyətli, sənaye və texnologiya yönümlü məhsul və xidmət istehsal edən bir sistemin parçasına çevrilsin.
Odur ki, cəmiyyəti qısamüddətli ekstazlara kökləmək, problemlərin mütləq həlli gözləntisi yaratmaq, yeni vətəndaşlıq modelinə zidd emosional illüziyalar formalaşdırmaq yersiz, qüsurlu və ziyanlıdır.
Bir daha deyirəm: Azərbaycan prezidenti istehlakçı cəmiyyətdən istehsalçı cəmiyyətə keçid üçün ardıcıl siyasət yürüdür. İlham Əliyev ölkənin iqtisadi strukturunda əsaslı dəyişikliklər etməyi, istehlaka əsaslanan iqtisadiyyatdan istehsal yönümlü və dayanıqlı inkişaf modelinə keçidi hədəfləyir. Bu siyasət, uzunmüddətli perspektivdə iqtisadi dayanıqlıq, yeni iş yerlərinin yaradılması və sosial rifahın artırılması üçün güclü zəmin yaradır. Ancaq islahatların uğuru yalnız icra hakimiyyətinin səylərindən asılı deyil. Qanunverici orqan da bu prosesdə mühüm rol oynamalı, parlamentin qəbul etdiyi qanunlar iqtisadi islahatların hüquqi bazasını təmin etməlidir.
Eyni zamanda, parlament üzvləri, xüsusən də parlamentin hakim partiyanı təmsil edən üzvləri cəmiyyətlə hakimiyyət arasında komminikativ funksiya daşıyaraq Azərbaycanı qlobal rəqabətə hazırlayan dövlət siyasətini əhaliyə düzgün çatdırmağa borcludurlar. Lakin görünən budur ki, bir qism deputat cəmiyyəti qlobal rəqabətə davamlı iqtisadi sistem quruculuğuna təşviq etmək əvəzinə, populist nitqlər söyləməklə cəmiyyətlərin dinamik inkişafının qaçılmaz nəticəsi kimi meydana çıxan problemlərdən (məsələn, 2020-ci ildəki İkinci Qarabağ savaşındakı qələbə qayıdış prosesi başladıb, bu isə öz növbəsində yeni problemlər silsiləsi deməkdir) “Trend Topic” yaratmağa çalışırlar. Madam Tik-Tok jetonlarına bu qədər həvəskarsınız, gedin, “Diqqət, Diqqəəət” deyə virtual aləmdə bağırın, daha parlament mandatını niyə korlayırsınız?
Taleh ŞAHSUVARLI