- Redaktor masası
- 30 Noyabr 18:36
- 5 801
Gürcüstandan aldığımız ibrət və vətəndaşlıq missiyamız
Gürcüstanda yenə kütləvi iğtişaşlar baş verir.
Həm qonşu, həm də Azərbaycan üçün önəm daşıyan bir məmləkətdə baş verənləri hər birimiz böyük təəssüflə izləyirik.
Gözümüzün önündə Cənubi Qafqazın Azərbaycanın neft ixracatında xüsusi önəmi bir dövləti geopolitik macəraçılığının güdazına gedir.
SSRİ dağıldıqdan sonra Gürcüstan ərazi itkisi ilə üzləşdi, buna baxmayaraq çoxəsrlik intellektual ənənələrinin hesabına müstəqil dövlət kimi özünü təsdiq etməyə çalışdı. “Rəngli inqilab” lideri Mixail Saakaşvilinin avantüraları Gürcü dövlətçiliyini təbii inkişaf relsindən çıxararaq siyasi təlatümlərə və böhranlara yol açdı. Bu gün baş verənlər onun isbatıdır ki, Gürcüstan öz inkişaf yolunu müəyyənləşdirə bilməyib, cəmiyyətdə tərəqqi modeli ilə bağlı konsensus yoxdur, siyasi elita müxtəlif geopolitik güclərin təsirindədir. Bəli, bu gün Gürcüstan elitasında hər çeşid siyasi qüvvə var- Amerikapərəst, Avropapərəst, Rusiyapərəst... Amma faciə budur ki, Gürcüstanda baş verən istənilən sosial-siyasi hərəkatın dinamikasını öz milli qüvvələri deyil, kənardan idarə olunan təsir agentləri yaradır.
Gürcü hakimiyyəti xarici təsir agentlərinin siyasi proseslərə müdaxiləsinin qarşısını almaq üçün xüsusi qanun qəbul etməyə çalışdı. Avropadan dərhal bəyanat səsləndi ki, bu qanunu müdafiə edən deputatlara sanksiyalar tətbiq ediləcək. Bu, bir dövlətin daxili işlərinə qarışmağın ən həyasız nümunələrindən biridir. Az qala bir əsrdir ki, ABŞ-da mövcud olan və işləyən bir qanun “Rusiyanın layihəsi” adlandıran Qərbin öz təsir agentlərinin ifşasından təlaşa düşməsi səbəbsiz deyildi, əlbəttə. Çoxsaylı fondlardan Gürcüstana axıdılan qrantlar vasitəsi ilə Qərb orada geniş bir şəbəkə qurub. Xeyli sayda siyasətçi, neçə-neçə partiya, onlarla media, yüzlərlə QHT məhz Qərb fondlarından bəslənərək Gürcüstanı istənilən vaxt qarışdırmağa müntəzir vəziyyətə gətirilib.
Atalarımızın deyimidir:
-Ağlı kimdən öyrəndin?
- Gözü çıxmış qardaşımdan!
Gürcüstan düşünən azərbaycanlılar üçün indi “gözü çıxmış” qonşudur. Bu ölkədə baş verənlər dövlətimiz və cəmiyyətimiz üçün əsl ibrətdir.
Azərbaycan dəfələrlə “məxməri inqilab” layihəsinə cəlb olunmasına dəfələrlə cəhd olunub. Bu projelərdən hər hansı biri nəinki baş tutsaydı, hətta cəmiyyətin dörddə birindən dəstək ala bilsəydi, indi hansı vəziyyətdə, hansı gündə idik, təsəvvür edirsinizmi? Kəsə deyim: Paşinyan “Artsax”da deyil, rəsmən Ermənistana birləşdirilmiş “Artsax qavarı”nda “Yallı” gedir, Anna Akopyan Gəncəyə, Bərdəyə, Naxçıvana atəş açır, Bakı COP29 kimi nəhəng tədbirlərə ev sahibliyi edən şəhər deyil, iğtişaşların səngimədiyi paytaxt kimi dünyanın gündəminə gələrdi.
Azərbaycanın lideri İlham Əliyevin əzmi, qətiyyəti, gərgin əməyi nəticəsində qorunan ictimai-siyasi sabitlik öz nəticəsini təkcə Qarabağda verməyib, həm də Azərbaycanı yeni ərazi itkilərindən və seperatizm dalğalarından qoruyub. Bir şeyi aydın dərk etməliyik: ölkənin geopolitik oriyentasıyası və manevrləri ilə bağlı qərar vermək səlahiyyəti və imkanı ancaq prezident İlham Əliyevdədir və istər hakimiyyətdə, istər müxalifətdə, istərsə də ictimai fikir müəssisəsində kiminsə bu iddiaya düşməsi, ağıl öyrətməsi, yol göstərməsi birmənalı şəkildə qəbuledilməzdir. Liderimizə bu məsələdə tam və tərəddüdsüz güvən duymaq yalınızca tərəfdarlıq borcu deyil, ilk növbətə vətəndaşlıq missiyamızdır.
İctimai fikir müəssisəmizin çarxına çomaq uzatmaq, vətəndaşlıq mövqeyimizi sarsıtmaq, azərbaycanlı şüurunu manipulyasiya etmək üçün Qərb fondları, erməni diasporası ilə işbirliyində olan beynəlxalq təşkilatlar, ayrı-ayrı xarici xüsusi xidmət orqanlarının informasiya diversantları Azərbaycana qarşı psixoloji hərəkat aparırlar. Diqqətinizi bircə nüansa çəkim: COP29-dan əvvəl “siyasi məhbus”, “vicdan dustağı”, “tənqidçi jurnalist” və digər bu kimi təqdimatlarla adı hallandırılanların Azərbaycanın ev sahibliyi etdiyi qlobal ekoloji tədbir ərəfəsində topdan “iqlim fəalları” kimi uluslararası medianın gündəminə gətirilməsi sizə bir şeu demirmi?
İllərdir Leyla Yunus və ərinə ayrılan böyük məbləğdə qrantlarla Azərbaycanda “sülhpərvərlər”, daha doğrusu, təslimçilər hazırlayırdılar. Qarabağı milli hədəf kimi gündəmdən çıxarmaq, hətta “Artsaxın müstəqilliyi”ni Azərbaycana tanıtmaq üçün pasifizmi ictimai diskursun xüsusi cərəyanı halına gətirməyə milyonlar xərclənib, milyonlar! Altay Göyüşov, Zöhrab İsmayıl, Arif Məmmədov hələ bir yana dursun, Azərbaycan ordusunun Qarabağı azad etməyə hazır olmadığını Qənimət Zahidin efirindən söyləyən Əli Kərimli deyildimi? Leyla Yunus günü bu gün də zamanın bütün sınaqlarına tamahkar kimi girib, xəyanətkar kimi çıxan Cəmil Həsənlinin sədri olduğu “Milli Şura”da təmsil olunmurmu? Sevinc Mirzəyevanın və onun “yutub”dakı kanalına çıxan dəhşət dərəcəli ekspertlərin bircə proqnozunun doğrulduğunu kim görüb ölkədə? Mirzəyevaları və Mirzəliləri zəliyə, dəliyə, çəliyə çevirərək Azərbaycanın üstünə silkələyənlərlə ABŞ-ın, Fransanın, Almaniyanın Göyçədən Kəlbəcərə, Gorusdan Laçına durbinlə baxan Qərb müşahidəçi- kəşfiyyatçıları ilə eyni yerə çalışmırlarmı, əcəba?
Bura qədər yaxşı gəlmişik. Amma arxayınlaşmaq da olmaz. Nə ictimai rəyi, nə siyasi prosesləri, nə dövlətin reputasiyasını, nə də millətin taleyini, yumşaq desək, ixtiyarı özündə olmayan manipulyatorların cənginə vermək olmaz. İlk fürsətdə Azərbaycanı qarışdırmaq üçün məqam gözləyənlər də az deyil. Fətullah Gülənin alt paltarlarını qoxulayanların, sovet DTK-nın dosyesi Azərbaycanda olmayan agentlərinin, saqqalı İranda, hədəfi guya Turanda olanların bir anda necə və neçə qabıq dəyişəcəyini təxmin etmək o qədər də çətin deyil.
Taleh ŞAHSUVARLI