- Redaktor masası
- 14 Dekabr 16:37
- 3 155
İrəvan təşvişdə: Türkiyə 2,5 milyardla Ermənistanı ələ keçirə bilər
Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrinin sözlərinə görə, türk şirkətləri tədricən erməni biznesini ələ keçirməyə başlayacaq.
"Münasibətlər normallaşdıqdan sonra Ermənistan iqtisadiyyatına tam nəzarəti bərqərar etmək üçün Türkiyəyə sadəcə olaraq 2,5 milyard dollar sərmayə qoyması lazımdır".
AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan İrəvanda keçirilən “Ermənistan-Türkiyə münasibətləri: təhlükə və ya fürsət” adlı konfransda deyib.
Papazyan qeyd edib ki, ticarət əlaqələrinin bərpası ilə Türkiyə "aqressiv iqtisadi ekspansiyaya başlaya" bilər.
“Birinci mərhələdə Ermənistan bazarı ucuz türk malları ilə dolacaq ki, bu da istər-istəməz erməni istehsalçılarını sıxışdıracaq. Növbəti addım yerli şirkətləri ucuz qiymətə almaq olacaq. Türk sərmayədarları otel və turizm biznesi kimi əsas sahələri inkişaf etdirməyə başlayacaq, daha sonra bank sektoruna daxil olacaqlar”.
Papazyanın istinad etdiyi ekspertlərin fikrincə, 2,5 milyard dollarlıq sərmayə Türkiyəyə Ermənistan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini nəzarətə götürməyə imkan verəcək və bu, onun müstəqilliyinə təhlükə yaradacaq.
Onun fikrincə, bu cür dəyişikliklər təkcə iqtisadi asılılığın artmasına deyil, həm də Ermənistanla diaspor arasında münasibətlərin pisləşməsinə gətirib çıxaracaq. Bu, kütləvi mühacirətə səbəb ola bilər: 500 minə qədər insanın ölkəni tərk edəcəyi gözlənilir.
“Mən hətta erməni soyqırımını tanımaqdan və ya təzminat ödəməkdən danışmıram. İndi Ermənistanda yaşayan erməni xalqının gələcəyindən danışırıq. Türkiyə sülh axtarmır, məqsədi Ermənistanı özünə tabe etmək və zəiflətməkdir”.
Papazyan belə bir siyasətin Ermənistan hakimiyyətinin razılığı və köməyi ilə həyata keçirildiyindən də narahatlığını bildirib.
Eyni zamanda o vurğulayıb ki, Ankara ilə münasibətləri normallaşdırmaq yollarının tapılması zəruridir, lakin bu qərarlar erməni xalqının maraqlarını nəzərə almalı və təhlükəsizliyinə zəmanət verməlidir.
AzNews.az