Prezident Əliyevin müsahibəsi və çağırışları - ANALİZ

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsini böyük maraqla, diqqətlə və məmnuniyyətlə oxudum. Zənnimcə, hər bir düşünən azərbaycanlı yaxşı başa düşür ki, dünyanın halı mənfiyə doğru sürətlə dəyişir və hər keçən gün təkcə regionumuz üçün deyil, bütövlükdə, planetimiz üçün yeni risklər, fəlakətli proqnozlar doğurur. Belə bir ortamda Azərbaycan prezidentinin- xalqımızın və dövlətimizin taleyinə ən məsul şəxsin soyuqqanlı, məntiqli və çevik yanaşmalarının beynəlxalq auditoriyaya ifadə olunması, əlbəttə, böyük önəm daşıyır.

Dövlət başçısı müsahibə boyu bir neçə formada Azərbaycanın “istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor” kimi qəbul edildiyini ifadə etdi. Bu bəyanatı uğrunda ciddi mübarizə gedən Cənubi Qafqaz regionunda maraqları olan bütün tərəflərə verilən aydın, konkret və qətiyyətli mesaj kimi qiymətləndirməmək mümkün deyil. Əliyev Dünyanı- Qərbini də, Şərqini də nəyə səsləyir? Birlikdə oxuyaq:

“Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik”.

Böyük Hüseyn Cavid demiş: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”.

Prezident İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan torpaqlarına göz dikmiş Ermənistanın burnunu ovub və Cənubi Qafqazda sülh üçün münbit şərait yaradıb. Azərbaycan prezidenti qan çanağına dönmüş və nüvə bombardmanı hədələrinin artıq rəsmi şəxslər tərəfindən səsləndirildiyi bir dünyaya əmin-amanlıq çağırışlar edir. Bəli, dünyamız üçün fəlakət ssenariləri yazılır. Qlobal xaosa və altından çıxmağa bəlkə yüz illərin də bəs etməyəcəyi böhranlara can atan “planetar ağalar” iblisanə siyasət yürüdürlər. İblisin bir adı yoxdur ki?!. Vaşinqtondakı Sorosçularun, Frank Şvabe, Cozef Borrel, Emmanuel Makron kimi avro-kolonistlərin şeytanın dal ayaqları olduğunu anlamaq üçün səmavi kitablardan ayə axtarmağa hacət yoxdur. Amma bir sual üzərində düşünməyə gərək var: madam Azərbaycan onların nəzərində xırda dövlətdir, onda dünyanın toplam əhalisinin cüzi bir hissəsini təşkil edən cəmiyyətimizin öz liderinə- xalqımızın tarixi dialektikasını zirvəyə daşıyan İlham Əliyevə tərəddüdsüz güvənindən niyə narahat olurlar? Azərbaycan bir məfhum olaraq üç əsas komponentdən ibarətdir: coğrafi, etnik (milli və dini) və istiqlaliyyət. Coğrafiyamızı parçalanmış, xalqımızı bölünmüş və istiqlalımızı xor görənlərin öz “zəncirli köpəklərini”- beynəlxalq təşkilatları və transmilli medianı Azərbaycan prezidentinin üzərinə salmasının arxasında həm də natamamlıq kompleksi dayanır.

Prezident İlham Əliyevin mükəmməl söhbəti eyni zamanda natamamlıq kompleksindən xilas olması mümkünsüz görünən Ermənistanda “hiddətlə” qarşılanıb. İrəvan mediasında və sosial şəbəkələrin erməni seqmentində isterik şərhlər yazılır. Ermənistan parlamentində saldığı davalarla gündəmə gələn, hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıqda ittiham olunmuş daşnak Mxer Sahakyan qeyzlənib ki, sən demə, başqa bir dövlətə qarşı ərazi iddiasının əks olunduğu maddənin konstitusiyadan çıxarılmasını tələb etmək Ermənistanın daxili işlərinə qarışmaqmış. O, həmçinin Qərbi Azərbaycan icmasının Ermənistan rəhbərliyinə doğma yurdlarına qayıtmaq üçün etdiyi müraciətdən, o cümlədən ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün rəsmi Bakının təşəbbüsündən təlaş keçirir. Əlbəttə, bütün bunlara bircə-bircə tutarlı əks arqumentlərlə, Sahakyana və onun revanşist həmfikirlərinə beynəlxalq hüquqdan böyük bir mühazirə oxumaq olar. Ancaq daşnak zehniyəti bu cür elmi diskussiya üçün açıq deyil. Bununla belə, erməni cəmiyyətinə bir həqiqəti dönə-dönə xatırlatmaqda yarar var. Ermənistanın Cənubi Qafqazda aparılan proksi savaş üçün istifadə müddəti bitmişdir.

Taleh ŞAHSUVARLI