Əslində, Suriyada nə baş verir?

Bəşər Əsədin sərt avtokratiyası çökdü, hakimiyyəti ABŞ, Rusiya, İsrail, İran, Türkiyə kimi bir-birinə zidd qüvvələrin terrorçu saydığı silahlı radikal sələfilər gəldi.

Bəşər Əsəd dövründə qanunları işləməsə belə, Suriya bir hüquq dövləti idi, indi şəriət rejimi qurulacaq. Suriya Ərəb Respublikası Suriya İslam Respublikası olur.

Suriyada Əsəddən əsas narazılıq liberal azadlıqlarla bağlı idi, indi müzakirə mövzusu qadınların kütləvi şəkildə başını-bağlamağa məcbur edilib-edilməyəcəyi, içki, dünyəvi təhsil və s. məsələlərdir.
Suriya BMT səviyyəsində tanınmış müstəqil və unitar dövlət idi, indi tamamilə xarici dövlətlərdən asılı vəziyyətə düşmüş, ən azı 4 yerə parçalanması qaçılmaz olan və xaosdan çıxmağa heç bir siyasi, iqtisadi və sosial resursları olmayan kvazidir.

Suriyada müxalif silahlı qüvvələrin sürətlə Dəməşqi ələ keçirməsi Bəşər Əsəd rejiminin içəridən çökməsi ilə yanaşı, geopolitik bir razılaşma idi.

Nəticədə:

- ABŞ "soyuq müharibə"nin qalığı saydığı BƏƏS ideologiyasından qurtuldu.
- İsrail qonşuluqdakı təhlükə mənbəyini sıradan çıxardı, İranın proksi qüvvələrini ləğv etdi.
- Türkiyə zaman-zaman ona kəllə atan, PKK-nı himayə edən təhdidləri zərərsizləşdirdi.
- Rusiya Əsəd rejimin iflasını qəbul edib, yeni düzənə oynadı.
- Fransa keçmiş mandatını bərpa etməyə xaos ortamı əldə etdi.
- İran həm Suriyada uduzdu, həm də yeni həmlələrlə üz-üzə qaldı.

Proseslərin inkişafını proqnozlaşdıraq.

Bölgədəki bütün təsirli qüvvələrin terrorçu kimi tanıdığını birinə kostyum geyindirib, qalstuk bağladıb başa çıxarması, az qala "liberal mübariz" imici yaratmaq üçün dəridən-qaabıqdan çıxması kəvakibləri aldatmaqdan başqa bir şey deyil. Colani Yusif Sərracdır. Bir-birinə zidd silahlı qüvvələrin onun ətrafında birləşməsi qısamüddətlidir. Odur ki, Suriyanı daha qanlı günlər gözləyir. Amma buna hələ var.

Suriyanın böyük bir bölümü hazırda PKK-nın uzantısı olan YPG-nin nəzarətindədir. YPG-ni sıradan çıxarmaq üçün ya Dəməşq hakimiyyəti hərəkətə keçməli, ya da Türkiyə Silahlı Qüvvələri bölgəyə girməlidir. Ankara bu təmizlik işini Colaniyə gördürmək istəyir və düz də edir. Odur ki, yaxın həftələrdə, uzağı aylarda YPG ya elə, ya belə bölgədən təmizlənəcək.

ABŞ onların tam məhvinə icazə verməyəcək və İraka keçirəcək. Suriyadakı çeşidli silahlı qruplar da onun arxasınca göndəriləcək.

İrakda toplanmış və Tehranın proksiləri ilə döyüş təcrübəsi olan həmin birliklər İranla savaş başladacaq.

Beləliklə, Orta Şərqin lavası qonşuluğumuza gəlir və bu proses Azərbaycan üçün kifayət qədər ciddi risklər yaradır.

Bu riskləri dəf etmək və böhranı fürsətə çevirmək üçün bizə lazımdır:

1. Daxili ictimai-siyasi sabitlik;
2. Güclü mərkəzi hakimiyyət və xalq-iqtidar həmrəyliyi;
3. Prezident İlham Əliyevin təcrübəsi, iradəsi və nüfuzu.

Taleh ŞAHSUVARLI