- Redaktor masası
- 26 Dekabr 16:52
- 1 501
Haydı başqa qapıya, Gültəkin Hacıbəyli!
Azərbaycan Hava Yollarına aid təyyarənin qardaş Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılması çox böyük faciədir. Bu faciəli olayın obyektiv şəkildə araşdırılması və onlarla insanın həyatına son qoyan əsl səbəbin üzə çıxarılması hər birimizin istəyidir.
Bəli, ortada kifayət qədər açıq suallar, ziddiyyətli versiyalar, müəmmalı hallar var. Ancaq bu sualları cavablandırmaq, versiyaları aydınlaşdırmaq və müəmmalara son qoymaq peşəkarların- aviasiya mütəxəssislərinin, hüquqşünasların, səlahiyyətli orqanların işidir.
Bir media olaraq bizim işimiz cəmiyyətimizin üzvlərində uçuş fobiası yaratmamaq, həqiqətin üzə çıxmasına və cəmiyyətə çatdırılmasında araçı rolunu oynamaqdır. Bunun üçün medianın görəvi ilk növbədə təsdiqlənmiş məlumatları yaymaq və ağlabatan ehtimalları müzakirə etməkdir.
Cinayət işi açılmış istənilən hadisə barədə bir jurnalist və media quruluşu hökm çıxara bilməyəcəyi kimi, hər hansı ictimai-siyasi persona da ehkam kəsə bilməz. Xüsusən də o, olay yerindən yüz kilometrlərlə uzaqdadırsa!.. Ancaq çox təəssüf ki, faciə baş verdikdən dərhal sonra İkinci Qarabağ Savaşında Azərbaycanın tarixi qələbəsinə kölgə salmaq istəyən məlum mütəşəkkil dəstə yenidən cəmiyyətimizi manipulyasiya etmək üçün hərəkətə keçib. Özünü xalqımıza gül təkin göstərmək istəyən hacıbəylilər "nədən AZAL təyyarəsi Qroznıdan Bakıya və daha yaxın bir hava limanına deyil, Aktauya uçdu" sualı ilə öz girəvəçi və primitiv zehniyyətlərini bir daha qoyur, cavabında Azərbaycanı suçlamağa bəhanə axtarırlar.
Azərbaycan təyyarəsinin Qroznıda qüllə dispetçiri ilə danışıqlarının stenoqramı yayılıb. Bu stenoqramı doğru qəbul etsək, görəcəyik ki, pilotlar Qroznıya eniş edə bilməyən təyyarəni öncə Bakıya qaytarmaq istəyir, lakin təyyarənin müəyyən sistemləri (GPS, hidravlik qurğular və s.) sıradan çıxması ilə alternativ marşurut və limanlar arayırlar.
Biz cəmiyyət olaraq iki gündür təyyarə ekipajının peşəkarlığından və qəhrəmanlığından danışırıq. Pilotların peşəkarlığının və qəhrəmanlığının ən bariz nümunələrindən biri uçağı Xəzərin üzərindən salamat keçirməkdir. Məhz bu bacarıq təyyarə sərnişinlərinin bir qismi həyatda qala bilib. Aviasiya uzmanı, ekspert olmasam da, səbəblərini Süni İntellektin yardımı ilə izah edim.
Yerə düşən təyyarə "Embraer-190" modeli idi. Bu modeldə uçaqlar yanacaq çənlərini havada buraxa bilmirlər. Yəni, bu uçaqların "fuel dumping" sistemi yoxdur. Çünki geniş gövdəli deyillər, yaxın məsafəli, az sərnişin tutumlu uçuşlar həyata keçirirlər. Odur ki, təyyarə yerə mümkün qədər təhlükəsiz enmək üçün yanacağını sərf etməlidir və buna görə də DAHA YAXINA DEYİL, DAHA UZAĞA uçması səbəbindən asılı olmayaraq insanların sağ qalmasına şərait yaradıb.
Təyyarənin yerə çırpıldığı halda necə alovlandığını sosial şəbəkələrdən hamımız izləmişik. İndi təsəvvür edin ki, o anda uçaqda daha böyük həcmdə yanacaq olsaydı, arxa hissədən belə bir tikə ələ gəlməzdi.
Odur ki, insan faciəsi, milli matəm kimi qeyd olunan bir hadisə üzərindən siyasi manipulyasiyalar aparmaq qətiyyətlə pislənilməli, gültəkin kimilərinə, qəza görüntülərini ritmik musiqi müşayiəti ilə paylaşan Meydan TV-lərə "başqa qapıya" demək lazımdır.
Taleh ŞAHSUVARLI