Milli Həmrəyliyimizin dəyərini bilək - ŞƏRH

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəng etməsi və Qroznı üzərində vurulmuş təyyarəyə görə üzr istəməsi bir andaca həm ölkəmizdə, həm də beynəlxalq aləmdə baş xəbərə çevrildi. Rusiyanın törətdiyi əməllərə görə üzr istəmək vərdişinin olmamasını nəzərə alanda bu hadisə mənaca bir siyasi-diplomatik nəzakət məsələsindən çox irəli gedir.

Bəli, yaşadığımız 21-ci əsrdə heç bir hadisəni ört-basdır etmək, iz itirmək, qan batırmaq mümkün deyil. Bu, bir gerçəklikdir ki, müasir dünyanın prinsipi informasiyanı gizlətmək yox, idarə etməkdir. Bu müstəvidə Rusiya bürokratiyası və mediası birmənalı şəkildə sinifdə qaldı. Köhnə streotiplər, yersiz təkəbbür, hadisənin qısa zamanda ortalığa çıxan əsas təfsilatı qarşısında inkarçı mövqeyə yaxın spekulyasiyalar effekt vermədi.

Bunun qarşılığında Azərbaycan cəmiyyətində möhtəşəm bir milli həmrəylik formalaşdı, dövlət başçısı və komandası həm təmkinli, həm də prinsipial mövqe tutdu, əksər partiyalarımız, parlamentimiz, dövlət qurumlarımız saat kimi dəqiq işlədi, media və vətəndaş cəmiyyəti Azərbaycanın haqlı mövqeyini operativ, obyektiv və qətiyyətli bir şəkildə ifadə etməklə ictimai aynaya çevrildi. Görüntülərin, fakt və şərhlərin yayımında, reaksiyaların qiymətləndirilməsində Azərbaycanın 10-15 nəfərlik xəbər saytları illik büdcəsi dodaq uçuqladan nəhəng Rusiya media holdinqlərinə əsl peşəkarlıq dərsi verdi. Qərb mediasına sızdırılan xəbərlərlə beynəlxalq diqqət Azərbaycana yönəldildi. Azərbaycan övladlarının təyyarənin vurulması nəticəsində həlak edilməsi və milli qürurumuz olan hava şirkətinin əmlakının məhv olunmasına qarşı informativ, siyasi və hüquqi mücadilədə az qala bütün planetin dəstəyini qazanaraq xalq və dövlət olaraq, əslində, Azərbaycanın müstəqillik əzmini və iradəsini ortaya qoyduq.

Zənnimcə, bu amili cahanın dörd bir yanı- Şimal da, Cənub da, Qərb də, Şərq də birmənalı şəkildə nəzərə almalıdır. Hər kəs bilməli və yaddaşının ən unudulmaz yerinə yazmalıdır ki, bu dünyada "Azərbaycan" adlı böyük bir xalq, müstəqil bir dövlət, öz milli maraqları üçün istənilən mövcud və yaradılması planlaşdırılan qlobal sistemlərə meydan oxuya bilən mütəşəkkil bir cəmiyyət, həmin cəmiyyətin kifayət qədər təcrübəli və qətiyyətli bir lideri var.

Allah Qroznıda vurulmuş təyyarə qəzasında həlak olanlara rəhmət, yaralananlara şəfa, zədəsiz qurtulanlara uzun ömür versin. Atəşə məruz qalmış bir təyyarəni Xəzərin üzərindən adladan qəhrəman pilotlarımızın, ölümə nikbinlik aşılayan Hökumənin, digər fədakar ekipaj üzvlərinin, keçirdikləri dərin sarsıntılara rəğmən yüksək iradə sərgiləyən sərnişinlərin sayəsində öz milli keyfiyyətlərimizi həm özümüz bir daha kəşf etdik, həm də bütün dünya gördü. Azərbaycanda milli həmrəyliyin nə qədər vacib, nə qədər aktual bir sosial-siyasi institut olduğu da bir daha üzə çıxdı.

Qarşıdan 31 dekabr- Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü gəlir. Azərbaycan yeni təqvim ilinə böyük bir hüznlə, amma MİLLƏT OLARAQ HƏMRƏY keçəcək. Ona görə də qətiyyən bədbin deyiləm, amma başa düşürəm ki, 2025-ci ildə Azərbaycana beynəlxalq təsir və təzyiqlər güclənəcək. Cənubi Qafqaz uğrunda mübarizə aparan geopolitik güclər regionunun lider dövlətini öz yanlarına almaq istəyəcək, ala bilməyəndə zəiflətməyə çalışacaqlar. Odur ki, cəmiyyətimizi və dövlətimizin mövqeyini sabit saxlamalıyıq. Bunu bacarsaq, 2025-ci ilin ikinci yarısından etibarən Azərbaycan geopolitik oyunçu kimi Cənubi Qafqazın sərhədlərini aşmış olacaq. Yanvardan fəaliyyətə başlayacaq ABŞ prezidenti Donald Tramp İkinci Qarabağ Savaşında Ermənistana dəstək vermiş Kanadanı hərraca çıxarıbsa, İranın Orta Şərqdəki proksi qüvvələri məhv edilirsə, deməli, lehimizə olan qlobal tendensiyalar da az deyil. Elə bu səbəbdən də istənilən situasiyada bir həqiqəti qətiyyən unutmamalıyıq: Ötən əsrin əvvəllərindən və sonlarından fərqli olaraq Azərbaycan dünyanın növbəti nizamlanması prosesində yenidən təşkil olunmuş bir xalq, ərazi bütövlüyünü təmin etmiş respublika, suverenliyini genişləndirən bir dövlət olaraq iştirak edir.

Taleh ŞAHSUVARLI