- Redaktor masası
- 10 Yanvar 23:22
- 1 092
Aİ-yə üzvlüklə bağlı qərar İrəvanın siyasi oriyentasiyanı dəyişməsinin rəsmi elanıdır - ŞƏRH
Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini rəsmən təsdiqləməsindən sonra Rusiyadan dərhal “ya Aİ, ya Aİİ (Avrasiya İqtisadi İttifaqı)” seçimi irəli sürüldü. Bu, Moskvanın İrəvana qarşı addımlarını nəhayət ritorikadan praktikaya keçirə biləcəyinin anonsu hesab edilə bilər.
- Aİİ-də təmsil olunan Ermənistanın həm də Aİ-də yer almaq istəyi siyasi və iqtisadi məntiqə uyğun deyil: İrəvanın belə bir addım atması Moskvanı Aİİ-də mənfi presedentin yaranması baxımından da narahat edir;
- Ermənistan indiyə qədər anti-Rusiya ritorikası sərgiləsə də, Aİ-yə üzvlüklə bağlı qərar İrəvanın siyasi oriyentasiyanı dəyişdiyinin rəsmi elanıdır;
Hərçənd, Ermənistanın Aİ-yə üzvlük perspektivi həm coğrafi dalanda yerləşməsi, həm iqtisadi asılılıq baxımından dumanlı görünür. Əvəzində bu addım İrəvanın Aİİ-dəki mövqelərinə mənfi təsir edəcək, hətta ittifaqdan kənarlaşdırılması vəziyyətini yarada bilər: ki, Moskvanın açıqlamaları bu yöndədir;
Ermənistanın hərbi və siyasi müstəvidə Rusiyaya (onun ittifaqlarına) alternativ tapmaq imkanı olsa da, iqtisadi baxımdan bu çətin görünür.
- Aİİ Ermənistan üçün əsas xarici bazardır və bunun itirilməsi iqtisadi çöküşlə nəticələnə bilər;
- Aİİ ilə qarşıdurma ittifaqa yenicə müşahidəçi üzv kimi qoşulan İranla da münasibətlərdə problemlər vəd edir və bu vəziyyət İrəvana təkcə iqtisadi itkilər yox, həm də regionda tək qalmaq riskləri yarada bilər;
Overçuk da bəyan edib ki, “Moskva İrəvanla iqtisadi münasibətlərini bu məsələni nəzərə alaraq quracaq”. Bu, İrəvana iqtisadi rıçaqlarını işə salınacağının mesajıdır. Rusiyanın Ermənistan üzərində siyasi və hərbi müstəvidəki rıçaqları zəifləsə də, iqtisadi müstəvidə təsiri hələ də güclü şəkildə qalır. Moskva son iki ildə Ermənistandan sanksiyalardan yayınma platforması kimi istifadə etdiyi üçün İrəvana təzyiqi ritorik səviyyədə saxlayırdı. Ukrayna müharibəsində situasiyanın dəyişməsi – Vaşinqton-Moskva xəttində qeyri-rəsmi danışıqların aparılması yaxın perspektivdə sanksiyaların da yumşalması gözləntisini yaradır. Bu perspektiv İrəvanın iqtisadi əhəmiyyətini Moskva üçün azalda bilər.
Bütün bu çətinliyə baxmayaraq, İrəvanın Aİ-yə üzvlük qərarı mümkün geosiyasi dəyişikliklərdən qaynaqlanır. Tramp Ermənistana Bayden səviyyəsində dəstək verməsə, ki bu ehtimal hələ də güclüdür, yaxud Bakı-İrəvan arasında balans mövqeyindən kənara çıxmasa, Paşinyan hakimiyyətinin Qərbdə müdafiəçiləri zəifləyəcək və Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Avropa İttifaqı yeganə qapı olacaq. İrəvanın Brüsselin çətiri altına daxil olmaq istəyini rəsmiləşdirməsində bu amil xüsusi rol oynayır.
Asif NƏRİMANLI