Analitik janr adına biabırçılıq resursu- Osmanqızı TV!

Həyatda və peşə fəaliyyətimdə heç arzulamadığım məsələlərdən biri savadına, peşəkarlığına və həyasına şübhə etdiyim bir qadınla mübahisə etmək, polemika aparmaqdır.

Diqqətinizi çəkmək istəyirəm: burada cinsiyyətçilik etmirəm, sadəcə, əks tərəfin, qənaətimə görə, savadsız, diletant və həya problemi olmasına diqqət çəkirəm.

O zaman sual meydana çıxır: bəs, niyə söhbət qadından gedir?

Bu, cinsiyyət ayırımçılığı demək deyilmi?

Bəli, elədir! Çünki kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq cəmiyyətimiz bu ayırımı mütləq aparır və irad tutur: “Əşi, ona niyə baş qoşursan?”

Cavabım sadədir: ictimai-siyasi meydandakı heç bir kişi və qadın cinsiyyətinin arxasında gizlənə bilməz.

Yəni, bu ayırımı mən aparmıram və bu göstəricidən rəyimə qarşı əks-arqumet kimi istifadə edənlərlə də razılaşmıram.

Gəlirəm subyektə: Sevinc bu ölkədə çoxdan, lap çoxdan məşhurdur.

Yaxından tanıyanların dediyinə görə, media cameəmizdə ikiüzlülükdə, riyakarlıqda, fəndgirlikdə, tamahkarlıqda, uzun sözü qısası, şeytana papış tikməkdə ondan fərasətli cəmi bircə nəfər tapıla bilər, o da rəsmi sənədlərinə görə kişi cinsindən və Pensilvaniyada Fətullah Gülənlə şəkil çəkdirənlərdəndir.

Eee, kimdir bu Sevinc?

İzlədiyim qədər, savadsız, qanmadığı işlərdən, mövzulardan danışan, şəxsi həyatı da daxil olmaqla heç bir sahədə uğur qazanmayan, heç nəyi satmaqdan çəkinməyən biridir.

Deyilənə görə, AzTV-də, ANS-də, BBC-də işlədiyi dövrlərdə də belə olub.

Sevincin AzTV-də, ANS-də, BBC-də işlədiyi dövrün sevincli və kədərli günləri haqqında onunla eyni zaman kəsiyində işləyənlər danışsa, daha yaxşıdır, qulaq müsafiri olaraq eşitdiklərimi yazacaq deyiləm.

Amma onun ABŞ-ın Azərbaycandakı səfirliyində işlədiyi günləri yaxşı xatırlayıram.

Ölkənin milli düşüncəli insanları ilə ABŞ səfirliyinin ünsiyyətini kəsmək, ancaq və ancaq “sub” və subyektiv meyarlarla ictimai-siyasi proseslərin iştirakçılarını sözügedən diplomatik korpusla əlaqələndirmək onun fəaliyyətində əsas qayə idi.

Üzərindən müəyyən müddət keçdikdən sonra ictimai sektorda nüfuzu olan, cəmiyyətimizin də çox yaxından tanıdığı bir soydaşımızdan eşitmişdim ki, Sevinc Mirzəyeva qrant satır!

Bəli, bəli, məhz QRANT SATIR!

Həm də qrant satan bu qadın xeylağı günlərin bir günündə- artıq sosial şəbəkələrin gündəlik fəaliyyətimizdə funksional olduğu bir dövrdə gözlərini savadsızcasına çippildə-çippildədə məmləkətə ehkam kəsməyə başladı.

Az sonra xəbər yayıldı ki, köhnə şakərindən əl çəkməyib, xaricdə də qrant vasitəçiliyi edir.

İcazənizlə, bu dəfə onun necə və hansı səviyyədə “analitik” olmasından danışım.

Əvvəla, onun heç bir materialı strukturla bağlı peşəkar tələblərə cavab vermir. Təqdimat, gövdə, nəticə hissəsində təhlil elementlərinin heç bir əsaslandırması və ardıcıllığı yoxdur. Bunu sadə izləyicilərə izah etmək uzun məsələdir, ona görə də lap qısasını deyim: təndir başında edilən qeybətlərlə analitik materialı ayıran peşəkar göstəricilər var, amma bu göstəricilərin heç birinə Sevincin kanalında rast gəlmək mümkün deyil.

Gecə vaxtı Youtube-dən gələn səslərin “analiz” hesab edilməsi üçün:

- Mövzu seçimi;
- Məlumatlılıq;
- Təhlil metodları;
- Strukturlaşdırma;
- Nəticələndirmə meyarlarının tələbləri ödənilməlidir.

Amma indi Sevincin hansısa tələbi, emosional ehtiyacı ödənmirsə, bu, o demək deyil ki, aydın olmayan, mənbələrə əsaslanmayan, dərinlikdən məhrum, məntiqi baxımdan dayaz və bir-birini tamamlamayan ah-nalələri cəmiyyətə “analiz” adı ilə sırımaq olar.

Allah xatirinə, özünüz düşünün:

- Sevinc bu günə qədər hansı dərindən bildiyi məsələdən danışıb?
- Hansı məsələyə obyektiv münasibət bildirib?
- Hansı məsələni lokal və qlobal aspektlərə toxunaraq əhatəli təhlil edə bilib?
- Hansı məsələ barədə informativ baxımdan zəngin bilik nümayiş etdirib və cəmiyyətdə yeni biliklər yaradıb?

Uzun illərdir informasiya ilə işləyirəm, xəbərin içindəyəm, media sektorunda bütün vəzifələrdən keçmişəm- müxbir, şöbə müdiri, redaktor, baş redaktorun müavini, baş redaktor olmuşam. Odur ki, istənilən redaksiya siyasətinin arxa planını görməyə, təxmin etməyə bilmərəm. Üzümü ölkəmizdə Ermənistan mediasını izləyənlərə tutaraq soruşuram, doğrudanmı Siz “Osmanqızı” kanalı ilə İrəvan saytlarının Azərbaycana qarşı aşağı-yuxarı eyni tezislərlə çıxış etdiyinin fərqində deyilsiniz?
Bəli, Azərbaycana qarşı erməni dilində aparılan propaqanda ilə Sevinc Osmanqızının apardığı təbliğat arasında məzmunca elə bir ciddi fərq yoxdur və bu, bir başa milli təhlükəsizliyimizə həssas yanaşan hər bir vətəndaşımız üçün siqnaldır.

Bu proyekt Azərbaycanda ictimai rəyin formalaşmasına zərrə qədər təsir göstərmir, maraqsız qonaqlar, çiy şərhlər, müəllifin cahil və hikkəli tövrlərinə baxış sayını yəqin ki, botlar yığır. Ancaq bütün hallarda, Azərbaycan informasiya məkanına bu cür diversiyalar cavabsız qala bilməz.
Sevinc Azərbaycana söz köləliyi, mövqe asılılığı, kontent xəyanəti ixrac edir!

Taleh Şahsuvarlı