- Redaktor masası
- 21 Yanvar 18:09
- 2 165
Tramp bizim üçün yaxşıdır, bəs, ətrafı?- ŞƏRH
Donald Tramp ciddi səs üstünlüyü ilə Demokrat Partiyasının namizədi Kamala Harris üzərində qələbə qazandı və yenidən ABŞ prezidenti oldu. Bir eks prezidentin yenidən seçkilərə qatılması və qələbə qazanması ABŞ tarixində nadir hadisə sayılır, bununla belə, Donald Trampın qələbəsi proqnozlaşdırılan idi. Yenidən prezident olmaq istəyən, lakin səhhətinə görə yarışdan çəkilməyə məcbur olan qoca Bayden və onu seçki kampaniyasında əvəz edən Kamala Harris beynəlxalq siyasi müstəvidə olduğu kimi, amerikan seçiciləri arasında da ciddi nüfuz itirmişdilər.
Trampın dönüşündə iki əsas məqama xüsusi diqqət yetirmək gərək.
Birincisi, o, ilk prezidentliyi dövründə olduğu kimi, ABŞ siyasi sisteminə və elitasına yad bir fiqur deyil. Əgər əvvəlki qələbəsi və hakimiyyəti zamanı Donald sistem və elita tərəfindən dışlanırdısa, hazırda o məhz sistem və elitanın, həm də daxillərində texnokratiyanın nüfuzunu artırdırdığı bir istibleşmentin namizədidir.
İkincisi, Donald ABŞ cəmiyyətinin dib dalğalarını dəqiq qiymətləndirdi, xalqdan qopmuş və prioritetləri çeşidli sosial zümrələrin həyati ehtiyaclarına əsaslanmayan “Ağ ev” siyasətinin yenilənmə çağırışlarına qulaq verdi, beynəlxalq siyasətdə nüfuzunu itirmiş dünyanın ən qüdrətli dövlətini yenidən inşa etmək üçün hərəkətə keçdi.
Zənnimcə, gerçək Trampla Qərb mediasının yaratdığı “Tramp imici” arasında ciddi fərqlər var. Donald emosional, spontan, şəxsi eqosunu dövlət adamı kimliyinin üzərinə çıxarmış bir lider deyil. Tam əksinə, son dərəcə soyuqqanlı, məntiqli, tədbirli və hər addımını yüz ölçüb, bir biçən iradəli şəxsiyyətdir.
ABŞ-ın artıq fəaliyyətə başlamış 47-ci prezidentinin seçki kampaniyasını və andiçmə mərasimini diqqətlə izlədim. Prezident Tramp inaqurasiyada, əslində, çox ciddi mesajlar verdi.
Diqqətinizi öncə ona çəkim ki, Trampın çıxışı anti-qlobalist ruha malik idi. O, davamlı olaraq milli maraqları üstün tutacağını vurğulayırdı. Bu, əvvəlki administrasiyaların beynəlxalq münasibətlərdə tutduğu yanaşmadan kəskin fərqlənir. Bu yanaşma, həm daxildəki iqtisadi narazılıqları aradan qaldırmaq, həm də ABŞ-ın beynəlxalq aləmdə daha müstəqil siyasət yürütmək istəyinin göstəricisidir. Tramp Avropa ölkələrinin müftəxor bir şəkildə ABŞ-dan bəhrələnməsinə göz yummayacaq. Odur ki, tezliklə ABŞ-ın Avropa siyasətçiləri və xüsusən də qlobalist güc mərkəziləri ilə ziddiyyətlərinin kəskinləşəcəyini gözləmək doğru olar.
Digər yandan, Tramp öz çıxışında "hakimiyyət Vaşinqtondan xalqa qaytarılacaq" dedi və xalqın iradəsinin icra ediləcəyini vurğuladı. Bu ifadə Vaşinqtonun siyasi elitasına qarşı olan narazılıqlara və Tramp siyasətinin populyarlaşdırılmasına əsaslanır. Bu mesajla o, seçicilərini Vaşinqtonun bürokratik sisteminə qarşı mübarizə aparacağına bir daha əmin etmək istədi. Nəticədə texno-oliqarxiyanı özünə biət etdirmiş Tramp yeni bir siyasi elita formalaşdırmaq üzrədir. Bunu bir növ "məxməri inqilab" da adlandırmaq olar.
Trampın bütün çıxışını və nitqindəki ayrı-ayrı detalları təhlil etməyə indiki məqamda ehtiyac yoxdur. O, seçkiqabağı vədlərini bir daha dilə gətirdi və bununla “ardıcıl adam” obrazı yaratdı. Zira, bir neçə məsələ barədə mütləq danışmağa ehtiyac var.
Tramp Rusiya-Urkayna savaşını necə bitirmək fikrindədir? Bu sual birbaşa olmasa da, dolayı şəkildə Azərbaycan üçün də əhəmiyyətlidir. Rusiya Ukraynada Vlodomir Zelenskinin hakimiyyətdən getməli olduğunu bildirir. ABŞ Rusiya ilə danışıqlar masasına Zelenskinin, yaxud Ukraynanın himayədarı, ümumiyyətlə, himayədar kimi oturmaq istəyir, yoxsa başqa bir planı var? Rusiya prezidenti Vladimir Putinin həmkarına təbrik mesajı göstərir ki, Kreml Bayden administrasiyasından fərqli olaraq, Trampla dil tapacağına ümid edir, onun gücünü nəzərə alır, eyni zamanda, əlini gücləndirmək üçün İranla strateji sənədlər imzalamaqdan da qalmır.
Tramp Ukrayna savaşını dayandıracağını vəd edib, bu vədini bütün hallarda yerinə yetirəcək kimi görünür. Loru dildə desək, bu savaş dünyada artıq hər kəsi, ilk növbədə Rusiyanın özünü də bezdirib və əldən salıb. Fəqət Tramp Orta Şərqdə xaosa son qoyacağını da bəyan edir və bu bəyanat sözügedən bölgədə xaosun qaynağı olan İranı hədəf taxtasına qoyulması deməkdir. Bu kontekstdə Azərbaycanın ABŞ üçün əhəmiyyəti artmağa başlayır.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Azərbaycanın lehinə oldu- çünki prosesin əsas aktyorları olan İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı və digər regional oyunçularla münasibətlərimiz yüksək səviyyədədir. Əsəd rejiminin çökməsi ən çox İran və Ermənistanın arzulamadığı vəziyyət idi. İranın proksi qüvvələrinin məhv edilməsi sıranı Tehran rejiminə yaxınlaşdırır. Odur ki, ölkəmizdən cənubda, yumşaq desək, tarixi olaylar gerçəkləşəcək və bu proses avantajlarla yanaşı, Azərbaycan üçün risklər də doğurur.
Ermənistana gəlincə, İrəvan geopolitik alət olaraq öz əhəmiyyətini çoxdan itirib və dünya siyasətində heç kim, hətta dərindən baxanda, Fransa üçün də vaciblik yaratmır. Hətta ABŞ-ın keşmiş prezidenti Bill Klinton da vaxtilə Ermənistanı Azərbaycanla anlaşmağa çağırmış və elə-beləcə də demişdi: “Siz heç kimə maraqlı deyilsiniz”! Bununla belə, erməni diasporu ABŞ-da son dərəcə aktivdir və Trampın yan-yörəsində xeyli isimlə təmasdadır. ABŞ-ın yeni dövlət katibi Marko Rubio bu cür təsirli fiqurlardan biridir. O, ABŞ-dakı erməni diasporu ilə sıx əlaqələrə malik olmaqla, Türkiyə və Azərbaycan əleyhinə dəfələrlə bəyanatlar verib, xüsusilə, İkinci Qarabağ Savaşında Ermənistanı dəstəkləyib. Bütün bunlar onu göstərir ki, Tramp son nəticədə Co Baydenin səhvlərini təkrarlamaq istəməsə belə, onun administrasiyası ilə rəsmi Bakı arasında münasibətləri gərginləşdirmək istəyənlər olacaq.
Taleh ŞAHSUVARLI