Azərbaycanın milli istiqlalının elan edilməsi ilə bağlı ilk rəsmi təşəbbüs -TARİXİ PROTOKOL

Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının iclas protokolu

16 may 1918

Sədrlik edən: M. Y. Cəfərov, katib: R. Vəkilov

İştirak edənlər: Seym üzvləri F. X. Xoyski, X. b. Xasməmmədov, N. b. Üsubbəyov, M. G. Seyidov, həmçinin "Müsəlman Sosialist Bloku" partiyasından Zaqafqaziya Mərkəzi Müsəlman Şurasında iştirak etməyən üzvlərin əvəzinə Seym üzvləri M. Məhərrəmov və C. Hacınski.

İclas Zaqafqaziyada siyasi vəziyyətin kəskin dəyişməsi, türklərin yeni tələbləri və Aleksandropol bölgəsində hərbi əməliyyatların bərpası ilə əlaqədar çağırılmışdır.

Seym üzvü N. b. Üsubbəyov bildirib ki, mövcud siyasi vəziyyəti bütün siyasi dairələrdən olan gürcülər aydın şəkildə başa düşürlər. Onların nümayəndələri ilə söhbətlərdən məlum olur ki, Batum qalmaqalından sonra gürcülər yeni macəraya atılmaq niyyətində deyillər və türklərlə müharibə məsələsi gündəmdə yoxdur. Lakin erməni nümayəndələri tamamilə fərqli mövqedədir. Rusiya ilə Türkiyə arasında müharibənin başlanğıcından bəri təhlükəli bir yola girən ermənilər, öz xalqlarını uçuruma aparmaqda davam edir və hazırda türk ordusuna qarşı müqavimətin fəlakət gətirəcəyini başa düşsələr də, hələ də silahla müqavimət göstərmək niyyətindədirlər. Bu qərar nəticəsində hakimiyyət və Seym böhranı baş verəcək və bunun məntiqi nəticəsi olaraq Gürcüstan və Azərbaycanın müstəqilliyini elan etməsi qaçılmaz olacaqdır.

Seym üzvü X. b. Xasməmmədov bildirib ki, Gürcüstan Milli Şurası artıq bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Biz də bu istiqamətdə fəaliyyət göstərməliyik. Əvvəlcə əhalini, xüsusən də mərkəzləri və xüsusilə Yelizavetpolu məlumatlandırmaq lazımdır ki, əhali bizim hər bir siyasi addımımızı aydın başa düşsün.
Burada isə müstəqil Azərbaycanın adından danışmaq üçün bütün formal şərtləri hazırlamalıyıq. Belə tədbirlərdən biri Batuma əlavə nümayəndə heyətinin göndərilməsinin sürətləndirilməsi olmalıdır.

13 may 1918-ci il tarixində bütün müsəlman seym fraksiyalarının birgə iclasında qəbul edilmiş qərara əsasən, Seym üzvləri M. Y. Cəfərov, N. b. Üsubbəyov və X. b. Xasməmmədov Batuma göndərilmişdir. X. b. Xasməmmədov bu heyəti F. Xan Xoyski ilə genişləndirməyi təklif edir. Bu halda, Zaqafqaziya Mərkəzi Müsəlman Milli Şurasının bütün üzvləri demək olar ki, tam tərkibdə Batumda toplaşacaq və orada yaranmış siyasi vəziyyətə uyğun olaraq, həmçinin Türkiyənin tələblərinə əsasən müvafiq qərarlar qəbul edə biləcəklər.

X. b. Xasməmmədovun təklifi tam şəkildə qəbul edilir.

Daha sonra müzakirə üçün qaçqınlara yardım göstərilməsi üçün (müharibənin başlanğıcından etibarən doktor Sultanovun rəhbərlik etdiyi mövcud orqandan əlavə) xüsusi bir orqanın yaradılması məsələsi gündəmə gəlir. Bu orqan bundan sonra "Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının Qaçqınlar Şöbəsi" adlandırılacaq və Seym üzvləri Ş. b. Rüstəmbəyov, M. Məğərrəmov və C. Məlik-Yeqanovdan ibarət olacaqdır. Qaçqınların bütün məsələlərinin təşkili onlara tapşırılır.

Daha sonra Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının katibi R. Vəkilov, "Müsavat" Seym fraksiyasının işlərinə görə və bəzi formal səbəblərə görə katib vəzifəsindən istefa verdiyini bildirir. Onun fikrincə, Şuranın katibi Şura üzvü olmalıdır. Onun istefası qəbul edilir.

F. 970, op. 1, d. 1, l. 41. Kopiya.

Mənbə: https://history.az/Kitabxana/Kitablar/20110130103755389.html