- Redaktor masası
- 17:21
- 1 724
Dövlət ədəbsizliyindən doğan informativ eskalasiya. Rusiya Qarabağdan çıxdığı kimi, "Sülh gündəmi"ni də tərk etməlidir! - ANALİZ
![](https://www.aznews.az/storage/2020/03/02/taleh43.png)
SSRİ-nin dağılmasından sonra Azərbaycan və Rusiya arasında konfliktlər latent fazada həmişə mövcud olub. Zaman-zaman bu ziddiyyətlər açıq fazaya keçib, qabarıb, kəskinləşib. Problemin kökü dərindir.
İlk növbədə yadda saxlamaq lazımdır ki, 1813 və 1828-ci illərdə Qacar İmperiyası bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Çar Rusiyası Şimali Azərbaycan xanlıqlarını işğal edib. Bu işğal nəticəsində xalqımız müstəmləkəçilik siyasətinin qurbanına çevrilib, aristokratiyamız məhv edilib, inzibati xəritəmiz dəyişdirilib, qədim alban məbədləri erməni kilsəsinin ixtiyarına verilib, tarixi torpaqlarımıza köçürülən ermənilər üstümüzə qısqırdılıb.
İkinci dəfə Azərbaycanı 1920-ci ildə bolşevik Rusiyası işğal edib. Xalq Cümhuriyyətinin süqut etdirilməsi ilə Azərbaycan məhz bolşevik Rusiyası tərəfindən öz təbii tarixi inkişaf yolundan sapdırılıb, sərvətlərimiz talanıb, xalqımız zülmə məruz qoyulub.
Üçünücü, ötən əsrin sonlarında Azərbaycanın milli istiqalal mübarizəsi sovet imperiyasının və onun varisi olan Rusiya Federasiyasının qanlı basqılarına məruz qalıb. 20 yanvar 1990-cı ildə ölkəmizə yeridilən sovet qoşunları amansız qətliam törədib, Azərbaycan torpaqlarının işğal edilməsi və işğalda saxlanılması üçün Xocalı soyqırımınının da daxil olmaqla, bütün faciələrimizdə RF-nın hərbi, siyasi və diplomatik strukturları xüsusi rol oynayıblar.
İkinci Qarabağ savaşında müəyyən qədər neytral mövqe tutmağa çalışsa da, Azərbaycan ordusuna qarşı tətbiq edilən silahların əsasən Rusiya istehsalı olduğu, helikopterini vurdurmaqla Kremlin ordumuzun müzəffər yürüşünə mane olmağa çalışması, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən “sülhməramlı kontingent” kimi Qarabağ və Şərqi Zəngəzura müvəqqəti yerləşdirilmiş qarnizonun öz səlahiyyətlərini davamlı şəkildə aşaraq ermənilərin lehinə çalışması da heç kim üçün sir deyil.
Heç o da kimsəyə qaranlıq deyil ki, Surət Hüseynovun qiyamı, Əlikram Hümbətovun seperatizmi Rusiyadan gələn təlimatlarla baş vermiş, keçmiş prezident Ayaz Mütəllibov uzun zaman Moskvada Azərbaycana təzyiq göstərilmək məqsədi ilə himayə olunmuş, keçmiş baş nazir və müdafiə naziri, daha bir neçə şəxs MTN-nin zirzəmisindən qaçırılmış, 2013-cü ildə Moskvadakı müəyyən dairələrdən verilən təlimatla Azərbaycan əsilli milyarderlər pul kisələrini cingildətmiş, Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovun “öndər”liyi ilə ölkəmizi içdən qarışdırmaq üçün “Milli Şura” adlanan “Rus evi”nin siyasi qanadı formalaşdırılmışdı.
Bütün bunlara baxmayaraq, həm Ulu Öndər Heydər Əliyev, həm də prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını Rusiya qarşısında yüksək peşəkarlıq və əzmlə qoruyub, Kremlin Azərbaycanın dövlət müstəqiliyinə hörmət çərçivəsində davranması şərti ilə Rusiya ilə qarşılıqlı maraq doğuran məsələlərin həllinə çalışıblar. Bu rakursdan baxdığımızda Qroznı səmasında vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın obyektiv və rasional mövqe nümayiş etdirməsi daha məntiqli olardı. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin qəzaya uğramasında terror versiyasını istisna etməklə, əslində, bu yöndə Moskvaya qaçırılmayacaq bir şans da vermişdi. Rusiya prezidenti olaydan dərhal sonra efirə çıxmalı, hadisənin mənəvi məsuliyyətini öz üzərinə götürüb günahkarların cəzalandırılacağına, qurbanların ailələrinə təzminat ödəniləcəyinə və əmlaka dəyən zərərin qarşılanacağına söz verməli idi. Bu, həm də Ukrayna savaşından dolayı reputasiyası xeyli dərəcədə korlanmış Vladimir Putinə beynəlxalq hüquqa və dünyada hamı tərəfindən qəbul olunmuş normalara sayğı kimi təqdir oluna bilərdi. Görünür, Kremlin divarları arasında Vladimir Putinlə müqayisədə öz dar maraqlarını düşünənlər var və Ukrayna ilə müharibənin ölkədə yaratdığı sosial-iqtisadi problemlər fonunda onların əlaltıları Çeçenistan rəhbəri Ramzan Kadırovun timsalında dolayısı ilə Rusiya prezidentini təhdid etməyə də cəsarət göstərirlər.
Əlbəttə, məsələnin bu tərəfləri Rusiyanın daxili işi, Kremlin daxili intriqalarıdır. Bizi- Azərbaycan ictimaiyyətinin nümayəndələrini isə, maraqlandıran odur ki, Rusiyanın rəsmi Bakı ilə münasibətləri gərginləşdirmək xəttinin arxasında hansı məqsədlər, hansı hesablamalar dayanır?
Zənnimcə, məsələyə ilk növbədə geopolitik müstəvidə baxmaqda fayda var. Ermənistan hər keçən gün Rusiyanın orbitindən uzaqlaşır, praktiki yararlığı şübhə altında olsa da, Bayden administrasiyası ilə saziş imzalayır, Avrointeqrasiya ilə bağlı qanunlar müzakirəyə çıxarır. Eyni zamanda, Ermənistanın ötən il ixracatı 13 milyard dolları ötüb və bu, İrəvanın Rusiyaya qarşı sanksiyaların dəlinməsindəki iştirak payının rəsmi göstəricidir. Bu kontekstdə Rusiya Azərbaycanı təsir altına salmaq və Cənubi Qafqazı nüfuz dairəsində saxlamaq üçün Azərbaycanın müstəqil siyasət yürütməkdən çəkindirmək istəyir. Başa düşmək çətin deyil ki, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını gücləndirməsi və Türkiyə ilə sıx və daha da sıxlaşan əlaqələri Rusiyanı narahat edir. Zira, Rusiyanın bu cür “rahatsızlıqları” heç də təzə söhbət deyil. “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə bağlı da Rusiya xeyli və daha betər hoqqalardan çıxmışdı. İndi, beynəlxalq sanksiyalar altında inlədiyi bir dövrdə Rusiyanın Azərbaycanın enerji layihələri ilə bağlı narazılığının şiddətlənməsi o qədər də məntiqli yanaşma kimi görünmür- necə deyərlər, bu qatar çoxdan gedib. Odur ki, Rusiyanın əsl niyyətini oxumaq üçün yenidən “erməni məsələsi”nə qayıtmaq məcburiyyətindəyik.
Ermənistanın Avropaya çıxmaq üçün Türkiyə üzərindən keçməsi, bunun üçün isə, Türkiyə ilə münasibətlərini yumşaltmağa çalışması lazım. Xatırlamaq yetinə düşər ki, Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədə “Osmanlıda erməni genosidi” teması ilə bağlı nisbətən fərqli bir yanaşma sərgilədi və onun bu açıqlaması Kremli qəzəbləndirdi. Hətta Mariya Zaxarova şok keçirdiyini bəyan etdi. Digər bir tendensiya isə odur ki, Ermənistanda Rusiyaya bağlı qüvvələr xeyli fəallaşıb, xüsusilə Azərbaycanda mühakimə olunan “DQR” liderləri ilə bağlı Paşinyan hakmiyyətinə qarşı hər gün suçlayıcı açıqlamalar verirlər. “Artsaxa qayıdış” narrativi daha çox məhz Rusiyanın dəstəklədiyi "5-ci kolon" tərəfindən Azərbaycana qarşı revanşist plan kimi gündəmdə saxlanılır. Bu arada Belarus prezidenti Aleksandr Lukaşenkonun Nikolun Qarabağı Azərbaycan ərazisi kimi tanımasından Vladimir Putinlə birgə keçirdiyi təəccüb hissini də yada salaq.
Bütün bunlar o deməkdir ki, Rusiya Azərbaycan-Ermənistan münaqişəsini təsir vasitəsi kimi saxlamaq, hər iki tərəfə müxtəlif təzyiq formaları tətbiq edərək regionda sözdə “vasitəçi”, reallıqda “katalizator” kimi qalmaq istəyir. Əgər diqqət edirsinizsə, rəsmi Bakı ilə yaşanan gərginliyə baxmayaraq, Moskvadan az qala hər gün “Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazırıq” bəyanatları səslənir. Sual yaranır: əgər Kreml Azərbaycanla münasibətlərini düzəltməyi bacarmırsa, yaxud buna yetərli təşəbbüs göstərmirsə, Ermənistanla bizim aramızda hansı etimadla vasitəçilik edə bilər?
Odur ki, medalın digər üzünə nəzər salaq. Azərbaycanla Ermənistan arasında Sülh Müqaviləsinin əksər bəndləri razılaşdırılıb və hər iki tərəfdən müqavilənin imzalanması üçün pozitiv mesajlar var. Əgər Ermənistan rəsmi Bakının son bəndlərlə bağlı şərtlərini yerinə yetirərsə, Sülh Müqaviləsinin bağlanması üçün bütün əngəllər ortadan qalxmış olacaq. Rusiyadan başqa! Rusiya isə, sülh prosesinə əngəl olmaqda davam etmək niyyətindədir və hesab edir ki, bu sənədin imzalanmasından sonra Ermənistandakı bütün təsir rıçaqlarını, o cümlədən sanksiyaları dəlmək üçün açdığı “qara bazar”ı itirəcək, Azərbaycan və Türkiyə kapitalının qarşılıqlı iqtisadi inteqrasiya fonunda Ermənistana daxil olması, onun çirkli pullarına İrəvanın ehtiyacını aradan qaldıracaq. Elə bu səbəbdən də Azərbaycanı özü ilə məşğul edərək rəsmi Bakının sülh gündəminə diqqətini azaltmağa, digər tərəfdən isə, Baqrat Qalstyan və digər agentləri vasitəsi ilə Ermənistanda revanşist hərəkatlar yaratmağa cəhd edir.
Bu istiqamətlər xaricində, hazırda Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri bir neçə müstəvidə gerçəkləşir.
Mediya vasitəsilə təsir: Rusiyanın informasiya vasitələri Azərbaycana qarşı təbliğat aparır, milli iradəmizə və ictimai düşüncə sistemimizə təsir göstərməyə, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Xaricdəki soysuz bloqqerlərin mühüm bir qisminin Rusiyanın təsir agentləri olması ehtimalını göz önünə gətirdikdə, Moskvanın Azərbayana qarşı hibrid bir informasiya savaşı apardığı bəlli olur.
Diaspora üzərindən təzyiq: Rusiyadakı Azərbaycanlılara qarşı ayrı-seçkilik etməklə və oradakı Azərbaycan diasporası vasitəsilə ölkə daxilinə nifaq mesajları ötürməyə çalışırlar. Şuşa-Laçın yolundakı ekoloji aksiyaya cavab olaraq Gədəbəyin Söyüdlü kəndində mövcud olan narazılıqların "Votsap" üzərindən aksiyaya çevrilməsində də bu təmayülü müşahidə etmişdik.
Hadisələrin mümkün inkişaf variantlarını proqnozlaşdıraraq Azərbaycanda “Rus evi” şəbəkəsinin bağlanması üçün hakimiyyət qətiyyətli addımlar atdı. Bununla, eləcə də Rusiyanın nəzarətində olan "hücrə"lərə vaxtında mesaj verməklə proses tamamən nəzarət altına alındı. Bununla belə, daha bir neçə yöndə təsirli tədbirlər görülməsinə ehtiyac duyulur.
Öncə onu vurğulayaq ki, Azərbaycan təyyarəsinin Qroznıda vurulmasına beynəlxalq ictimaiyyət obyektiv və sərt reaksiya verdi. Bu reaksiyalar Rusiyanın rəsmi Bakıya qarşı təhdidlərini zərərsizləşdirmək üçün əlavə fürsətlər yaradıb. Azərbaycan diplomatiyasının təcrübəsi yaranan fürsətləri fövtə verə bilməz və zənnimcə, verməyəcək.
İkincisi, Ermənistanın münaqişə gündəliyində qalması üçün İrəvana silah daşınması şərtdir. Ermənistanın silahlanmasına qarşı təsirli tədbirlər görmək, xüsusilə də Azərbaycan ordusunun gücləndirilməsi və müdafiə imkanlarının artırılması Rusiyanın təhdidlərinə qarşı ən ciddi addımlardan olacaq.
Nəhayət, Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi Rusiya-Ukrayna savaşı ilə bağlı yeni gündəm yaradıb. Əgər Rusiya Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirərsə, bu, Ağ Evdən sərt reaksiyalar doğuracaq; əksinə, Moskva və Kiyev arasında Trampın orbitrliyi ilə hər hansı anlaşma əldə olunaqsa, Kreml aqressiv kürkünü soyunmalı olacaq. Hər iki halda, Rusiya "proqnozlaşdırılan davranışlar" sərgiləməyə məcburdur. Bu reallıqdan çıxış edərək Azərbaycan müstəqil və Cənubi Qafqazın lider dövləti kimi şimal qonşusu ilə münasibətlərini praqmatik hesablar əsasında davam etdirməlidir. Lap elə bir rus misalında deyildiyi kimi: «Как аукнется, так и откликнется», yəni, necə səsləsələr, eləcə də cavab almalıdırlar.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru