Azərbaycanda şahmat çempionatı: FİDE reytinqlərində erməniləri bayrağımızdan uzaq tutanlar

Dünən Azərbaycan üçün önəmli bir gün oldu.

Azərbaycan şahmatının yeni çempionları müəyyənləşdi.

Çox təəssüf ki, cəmiyyətimiz ucuz şou “qəhrəmanları”nın bütün cikini-bikini bildiyi, dəstə-dəstə avaranı sosial şəbəkələrdə fenomenə çevirdiyi halda, xalqımızın prestijini yüksəldən, bu ölkənin gerçək dəyərləri olan insanları əksər hallarda tanımaq belə istəmir.

Dekolitesini bir qədər, Anadolu türkləri demiş, abartmış müğənniciklərin təqibçilərinin sayı 100 mini aşan bir ölkədə Şahmat Federasıyasının rəsmi səhifəsinin 3 min nəfərdən az adamın izləməsi haradan baxsaq, məyusedici faktdır.

Bu cür məyusluqlara baxmayaraq, bir xalq olaraq keyfiyyətimizi təmsil edən, özünü bütün dünyada təsdiq etmiş şahmat məktəbimizi zamanının həmlələri qarşısında mat olmağa qoymayan vətən övladlarımızla qürur duymalıyıq.

İstər kişilər, istər qadınlar arasında ölkəmizin ən yüksək reytinqli şahmatçısının siyahısına baxdıqda Azərbaycanlı beyninin xarüqəsini görürük.

Sadamağa çalışacam o möhtəşəm isimləri.

Kişilər arasında beynəlxalq reytinqi 2500-ü aşan 14 şahmatçımız var. Sondan Böyük Usta Vüqar Rəsulovla başlayan bu siyahıya 2731 xalla Şəhriyar Məmmədyarov liderlik edir. Azərbaycan və dünya şahmatına bir neçə qrosmeystr bəxş eləmiş Məmmədyarovlar ailəsinin təmsilçisi hazırda dünyanın 20 ən güclü oyunçusu arasındadır. Başqa bir dünya çaplı şahmatçımız Teymur Rəcəbov 2698 xalla 32-ci pillədə qərar tutub.

Zira, FİDE reytinq cədvəlinin ilk 50 pilləsinə nəzər saldıqda Azərbaycan üçün siqnal olmalı bir gerçəklik üzə çıxır.

Şəhriyar 1985, Teymur 1987-ci ildə doğulub, dünyada şahmatın zirvəsi isə, daha gəncdir- əksəriyyət 90-cı, hətta 2000-ci illərdə dünyaya gələnlərdir.

Dünənki final matçından 1988-ci il təvəllüdlü Rauf Məmmədov qalib ayrıldı. Çempionumuzu təbrik edir, yeni qələbələr arzulayıram. Ümid edirəm ki, FİDE reytinqində 71-ci sırada olan Raufun bu qələbəsi onu daha yüksəklərə daşıyacaq, ən azından yaxın bir müddətdə, çox güman elə bu il ilk 50-yə düşə biləcək. 14 xallıq bir fərqi qapamaq üçün, yanılmıramsa, Raufa yüksək perfomans göstərərsə, 2-3 turnir lazım olacaq.

Hazırkı Azərbaycan çempionatında arzulanan nəticə göstərməsə belə, Aydın Süleymanlıya xüsusi diqqət göstərməyimiz lazım. Dünyanın 100 ən yaxşı oyunçusu arasına girməyə 2000-ci illər nəslindən əsas nümayəndəmiz odur. Təbii ki, “90-lardan” Nicat Abbasovu, Vasif Durarbəylini, Eltac Səfərlini unutmamaq şərti ilə. Bu baxımdan texniki nəticə olsa da, 1995-ci il doğumlu Misrətdin İskəndərovun üçüncü yerə sahib olması ümidverici bir hadisədir.

Teymur Rəcəbovun üçüncülük uğrunda yarışa çıxmamasına çox üzüldüm. Bir Böyük Ustanın sağlıq sorunları üzündən yarışı tərk etməsi üzərində mütləq düşünməliyik- əgər əsl səbəb formadan düşməsi deyilsə. Bəli, Böyük Ustalar da bir insandır, başı ağrıya, qripə düşə, orqanizmində müəyyən problemlər yarana bilər. Ancaq hər anları, hər sorunları diqqətdə saxlanılmalıdır- şahmat dahiləri hər ölkədə yetişmir. Bu yöndə istər özünü təsdiqləmiş, istərsə də perspektiv vəd edən heç bir oyunçunun maddiyyat, ev-eşik, səhhət problemi olmamalıdır. Hər birinə qayğı göstərilməli, hər birinin problemləri anında həll edilməlidir ki, oyunlara konsantirasiya ola bilsinlər- şahmatda ən vacib şərtlərdən biri məhz budur.

Xanımlar arasında final yarışında Gövhər Beydullayeva və Günay Məmmədzadə masa arxasına oturdular. Üçüncü yer uğrunda Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə apardılar. Təəccüblü olmadı. Qadın şahmatçılar arasında Azərbaycanın 5 ən reytinqli ustasından 4-ü yenə taca oynadı. Bu çempionatın bürüncünü qazanan Gülnar sürətlə irəliləyir, onun dünyanın ən güclü 100 şahmatçısı arasına daxil olacağı günün uzaqda olmadığı qənaətindəyəm. Hazırda bu siyahıda 4 şahmatçımız var- Xanım Balacayeva 89-cu, Ülviyyə Fətəliyeva 64-cü pillədədir.

FİDE reytinqində soydaşlarımız arasında ən öndə Günay Məmmədzadədir- ilin şahmat üzrə Azərbaycan çempionu!

Atasının işindən dolayı Səudiyyə Ərəbistanında anadan olmuş Gövhər Beydullayeva dünya reytinqində 50 ən yaxşı oyunçu arasında Məmmədzadəni yaxın məsafədən müşayiət edən grandmasterdir.

Bu gənclərin Azərbaycan qarşısında çox böyük, misilsiz xidmətləri var, bilirsinizmi? Bilməyənlərə izah edim: onlar ermənilərin ən güclü qadın şahmatçısı, 1978-ci il təvəllüdlü Elina Danielyanı qabaqlamaqla FİDE reytinqində Azərbaycan bayrağını Ermənistan bayrağının önündə saxlayan milli iftixarlarımızdırlar.

Bəli, dünən bütün xəbər agentlikləri və saytları, telekanallarımız yarışa xeyli diqqət göstərdi, nəticələr barədə geniş məlumatlar verildi. Amma bunlar azdır, çox azdır. Son 15 gündə gündəmimizin əsas maddələrindən biri məhz bu yarış olmalı idi. Sosial şəbəkələrdə əsas müzakirə mövzu kimi Azərbaycanın şahmat çempionatının həştəqi lentamızı doldurmalıydı. “Qarabağ” futbol klubuna göstərdiyimiz xalq dəstəyini şahmatçılarımıza da verməli, bu parlaq zəkaları Azərbaycanın gənc nəsilləri üçün örnək simalara çevirməliyik. İnanın, hər biri bunu haqq edir. Hər biri uğurlarına öz övladımız, doğmamız qədər sevinməyimizi haqq edir!

Oğlum Özgürü şahmata göndərirdim. Bir neçə dərəcəni qısa müddətdə keçdi, Səbail rayonunda yaşıdları arasında ən yaxşılardan oldu, medallar da qazandı. Amma əvvəlcə pandemiya səbəbindən, daha sonra repetitorlar səbəbindən davam edə bilmədi. Azərbaycan təhsilinin repetitor bazarına çevrilməsindən həm də buna görə son dərəcə acıqlıyam. Bir şeyi başa düşməliyik: şagirdlərimiz üçün Şəhriyar, Rauf, Teymur, Günay, Gövhər, Ülviyyə rol modeli olmayacaqsa, orta məktəblərimizdən gələn “vorovskoy” musiqi səsləri bıçaqlaşma çığır-bağırına dönəcək. Bizi ziyanın yarısından döndərəcək adamlardır adını çəkdiyim və çəkə bilmədiyim şahmatçılar.

Elə bu səbəbdən sonda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova xüsusi təşəkkür etmək istəyirəm. Beynəlxalq miqyaslı şahmatçılar, adətən, ölkə çapındakı yarışlarda iştirak etmirlər. Ancaq bu ilki Azərbaycan çempionatını bir növ ulduzların yarışması olmaqla, yeni nəsillər üçün bir cazibə yaratdı. Zənnimcə, cəmiyyətimizdə şahmata marağın artmasında bunun çox böyük təsiri olacaq.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru