Dövlət dilimizə qarşı aparılan təbliğat hüquqi məsuliyyətə səbəb olur!

Bir məsələ haqqında uzunmüddətli müşahidələrimə əsasən bəzi qeydlərimi bölüşmək istəyirəm. Xüsusən də bu dediklərimin Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və bütün baş redaktor həmkarlarımın, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən diqqətə alınmasını xahiş edirəm.

Bəziləri bilərəkdən və bilməyərəkdən Azərbaycan ictimai rəyinə tez-tez belə bir fikir aşılamağa çalışırlar ki, dilimizin adı türkcədir, "Azərbaycan dili" deyilməməlidir, dövlət dilimizin adı da dəyişməlidir.

Bəri başdan deyim ki, bu fikirlərin heç bir elmi əsası yoxdur. Azərbaycan əhalisi 19-cu əsrdə millətləşmə dövrünə qədəm qoyub, 28 may 1918-ci ildə "dövlət milləti" statusu qazanıb. 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı ilə Azərbaycanda etnik dövlətçilik yerini xalq dövlətçiliyinə verib. O gündən başlayaraq xalqlaşma prosesi geniş vüsət alıb və nəticədə indiki rəsmi dövlət dilimiz bütün xalqımızı birləşdirən vasitə olub. Bizim dilimiz Altay dillərinin türk qrupuna mənsub, ancaq həmin ailənin tam müstəqil üzvüdür. Dilimizin qrammatikasının təkmilləşməsi, ərəb-fars sözlərindən, eləcə də Türkiyə türkcəsinin bəzi özəlliklərindən (20 əsrin əvvəllərinin mətbuatına baxın) arındırılaraq püxtləşdirilməsi ötən əsrə aiddir. Bu proses sırf akademik müstəvidə uzun yol keçib. Ötən əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdi və öz ulus identifikasiyasından doğan bir şəkildə dövlət dilini Azərbaycan dili kimi rəsmiləşdirdi.

Bu rəsmiləşmə AR-nın Konstitusiyasının 21-ci maddəsində əks olunub.

Maddə 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinə görə 21-ci maddə immunitetə malikdir.

Sadə dildə desək, 21-ci maddə ilə bağlı dəyişikliklər və ya onun ləğv edilməsi haqqında haqqında təkliflər referenduma çıxarıla bilməz. Konstitusiya isə ancaq referendumla qəbul olunduğuna görə, dövlət dilimizin "Azərbaycan dili" adlandırılmasından birbaşa və ya dolayı şəkildə imtina edilməsinin hər hansı hüquqi mexanizmi yoxdur. Bu barədə danışanların ya dövlətin konstitusiyasından qandığı qrafa yoxdur, ya da bilərəkdən konstitusiyanı, o cümlədən dövlətimizin əsas atributlarından biri olan dövlət dilini etibarsızlaşdırmağa çalışırlar.

30 sentyabr 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə minib. Qanunun 19-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulur və deyilir.

"Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

Həmin məsuliyyət isə, İnzibati Xətalar Məcəlləsində belə əks olunub.

Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi

Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.

Mənim Mətbuat Şurasından və Medianın İnkişaf Agentliyindən xahişim budur ki, yuxarıda dediyim hüquqi məsələləri bizim bəzi media qurumlarının rəhbərlərinin diqqətinə çatdırsınlar ki, Azərbaycanın dövlət dilinin adı konstitutsion immunitetə malikdir və dövlət dilinə qarşı təbliğat aparmaq məsuliyyətə səbəb olur.

Baş prokurorluqdan isə, bir vətəndaş olaraq həm ricam, həm də gözləntimdir: Azərbaycan Respublikasının dövlət dilinə qarşı təbliğat aparanlara İXM-nin 533-cü maddəsinin sanksiyalarını tətbiq etsinlər ki, bu məsələ birdəfəlik qapansın.

Bu il Azərbaycanda Konstitusiya və Suverenlik ilidir.

Barı bu il Ana Yasamıza qarşı aparılan bu primitiv təbliğata son qoyaq.

Taleh ŞAHSUVARLI