Azərbaycan dilinin müstəqilliyinə təhdidlər: Rüstəm bəy və Səməd Vahid yaşayır, Məhəmmədəli "ser" olub...

Ayaz Salayevin müzakirələrə səbəb olan açıqlamasının xülasəsini oxudum, verilişə tam baxmağa imkan olmadı. Çox təəssüflər olsun ki, hörmətli Ayaz müəllim qismən haqlı olsa da, məsələni yanlış qoyub. Problemin qoyuluşu yanlışdırsa, onu düzgün təhlil etmək və çıxış yollarını tapmaq mümkün deyil. Odur ki, gəlin, ilk növbədə məsələni düz qoyaq.ə

Məsələ budur ki, Azərbaycan dili tam müstəqil dildir və tam müstəqil dil olaraq da dövlət dilimizdir. Dil müstəqilliyimizin 5 əsas kateqoriyası var.

1. Hüquqi müstəqillik;
2. Siyasi müstəqillik;
3. Dilin xarici təsirlərə müqaviməti;
4. Mədəni müstəqillik;
5. Texnoloji müstəqillik.

Dil müstəqilliyimizə isə, əsasən 4 amil təsir edir:

- Qloballaşma: Bu prosesdə dünyada dominant dillər Azərbaycan dilinə təsir göstərir.

- Keçmiş müstəmləkəçilik təcrübəsi: Rusiyanın assimilyasiya siyasəti ana dilimizə 200 ildir ki təsir edir.

- Dil siyasəti və dövlət dəstəyi: Dilin dövlət səviyyəsində dəstəklənməsi və təşviqi ilə bağlı ciddi problemlər var. Məsələn, bu yaxınlarda rəsmi şəkildə elan olundu ki, ölkə telekanallarında yerli cizgi filmləri, demək olar ki, nümayiş olunmur.

Demoqrafik amillər: Xarici ölkələrə uzunmüddətli gediş-gəlişlər, miqrasiya müəyyən təsirlər yaradır.

Bu deyilənləri ümumiləşdirsək, Azərbaycan dilinə 4 əsas təhdid var:

1) Rus dili.
2) İngilis dili.
3) Türk dili.
4) Güney Azərbaycanda davam edən assimliyasiya siyasətinin səbəbi kimi fars dili.

Bu dörd təhdiddən üçü birbaşa Azərbaycan Respublikasının dövlət dilinə yönəldiyindən məsələ hər birimizi dərindən narahat etməlidir.

İlk növbədə texnoloji təhdidlərin qarşısını almalıyıq. Məsələn, "klaviatura" kəliməsindən istifadə edirik, bunu nə ilə əvəzləyə bilərik? AMEA-nın Dilçilik İnstitutunun əsas görəvlərindən biri məhz budur ki, dilə daxil olan terminləri vaxtında ana dilinə uyğunlaşdırsın, onları ifadə edən sözlər təqdim etsin.

Dilimizin mədəni müstəqilliyini qorumaq üçün bədii ədəbiyyat, musiqi, filmlər, tamaşalar və s. istehsal etmək lazımdır. Bu gün orta statistik Azərbaycan gənci neçə kəlimə ilə danışır və o kəlimələrin neçəsi ana dilimizdədir? Təhsil məktəbdə deyilsə, mədəniyyət sənayesi tənəzzül içindədirsə, bu məsələnin önünə keçmək mümkün deyil.

Dilin xarici təsirlərə müqavimətini ilk növbədə ziyalı təbəqəsi yaradır. Çox təəssüflər olsun ki, Azərbaycan ziyalısı hələ də "Anamın kitabı"ndan irəli getməyib. Rüstəm bəy də yaşayır, Səməd Vahid də, bircə Mirzə Məhəmmədəli dəyişib anqlofil- "ser" olub.

Azərbaycan dilinin siyasi müstəqiliyi asan yol keçməyib. Arxasında həm siyasi, həm də akademik mübarizə var. Fəqət hazırkı siyasi palitranın mühüm bir hissəsi bu mübarizənin əhəmiyyətini sadəcə olaraq dərk etmir.

Nəhayət və ən başlıcası, bunu bir neçə gündür narahatlıqla deyirəm, Azərbaycan dilinin hüquqi və konstitutsion müstəqilliyinə qarşı təbliğat gedir. Dövlət dilimizin konstitutsion immuniteti var, ona görə də bu təbliğatın heç bir hüquqi nəticəsi ola, yəni dövlət dilimizin adı dəyişə bilməz. Amma bu təbliğat dilimizin müstəqilliyinin sosial, siyasi, mədəni əsaslarını sarsıdır. Odur ki, hər kəsi bir daha bu məsələ üzərində dayanmağa və düşünməyə, AZƏRBAYCAN DİLİnin keşiyində dayanmağa çağırıram.

Taleh ŞAHSUVARLI