Yanlış tezisdən doğru hökm çıxmaz! - Akif Aşırlı ilə polemika

Çox hörmətli Akif Aşırlı polemikaya açıq bir status paylaşıb. Akif bəyə həm bir həmkarım, həm insan, həm də ziyalı kimi son dərəcə böyük hörmətim olduğundan onun bütün hallarda təhlilə və tənqidə açıq qeydlərinə münasibət bildirməyi özümə borc bilirəm. Xüsusən də ona görə ki, "Azərbaycan Konstitusiyasını misal çəkənlər unudur ki, Azərbaycan xalqın adıdır, milli mənsubiyyəti ifadə eləmir" deyə son polemikalarda birbaşa mənim tərəfimdən irəli sürülmüş tezisə münasibət bildirib. Odur ki, dəyərli aydınımızın iki tezisinə münasibət bildirəcəm.

Birincisi, görünür, Akif bəy bu polemikaları səthi izləyib. Biz- konstitusiyaya istinad edənlər heç nəyi unutmuruq, tam əksinə, elə dünən LAF TV-də Ləman Əliəşrəfqızının qonağı olaraq Aqil Camalla çox yüksək səviyyəli polemika apardım və orada da qeyd elədim ki, Azərbaycan dili dövlət dilidir, dövlət dili olaraq konstitusiyada təsbit olunub, konstitusiyamız respublikaçılığın mahiyyətinə uyğun bir şəkildə xalq (vətəndaşların məcmusu) anlayışından çıxış edir, etnik ayrı-seçkiliyi qəbul etmir. Onu da bildirdim ki, "Azərbaycan xalqı" və "Azərbaycanlı" kimliyi ilk növbədə üst kimlikdir və üst kimlik olaraq etnik kimliyi heç bir halda şübhə altına almır və ala da bilməz. Əgər alardısa, o zaman konstitusiyanın bərabərlik prinsipi pozulmuş olardı.

İkinci tezis: "Amma o aydındır ki, Türk millətinin bir adı var və bir dili var"- deyə Akif Aşırlı yazır.

Hörmətli Aşırlının nəzərinə çatdırmaq istəyirəm ki, millət- kapitalizmin məhsuludur. Kapitalızm meydana çıxmazdan öncə heç bir millətdən və milli dildən danışmaq mümkün deyil. Bu, necə deyərlər, aksiomadır və bunun əksi absurddur.

Millətləşmə prosesinin üç əsas mərhələsi var- mədəni millətləşmə, siyasi millətləşmə, dövlət millətləşməsi. Bu iç-içə gedən proses olmaqla əsas cizgilər baxımından bizim millətləşməmizin mədəni dövrü 19 və 20-ci əsrin əvvəlləri, siyasi millətləşməmiz Əlimərdan bəy Topçubaşov və digər möhtərəm əcdadlarımızın Çar Rusiyasına ilk siyasi tələblərini təqdim etdiyi gündən 28 may 1918-ci ilə qədər olan dövrü, dövlət millətləşməsi isə 28 may 1918-ci ildən AXC-nin elan edilməsi ilə başlayır. Bundan öncəki tarix millətləşləşmə prosesinə gətirən yoldur, amma millətləşmənin özü deyil. Azərbaycanda dövlət millətləşməsi 7 dekabr 1918-ci ildə yenə də birmənalı və yekcins olmadan, amma əsas cizgi baxımından yerini xalqlaşmaya verib. Xalqlaşma prosesinin dialektik zirvəsi 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyadır ki, bu, 77 illik bir mübarizənin, tərəqqinin nəticəsdir. Bu tərəqqi prosesini, o cümlədən tərəqqi prosesinin içində Azərbaycan dilinin keçdiyi tarixi, siyasi, sosial, mədəni, texnoloji, akademik, hüquqi yolu göz ardı edib Azərbaycan dili barədə yazılan istənilən rəy obyektiv sayıla bilməz.

Birbaşa tezisin özünə gəldikdə, bu iddianın deyilən kontekstdə obyektiv gerçəkliklə heç bir əlaqəsi yoxdur, amma başqa kontekstdə tamamilə düzdür. Bu, təxminən səhv işləyən saatın gündə iki dəfə düz vaxtı göstərməsi kimi bir haldır.

Əgər Akif bəyin yanaşmasından çıxış etsək, türkmənlər, qazaxlar, qırğızlar, uyğurlar, tatarlar, noğaylar əgər millət olaraq türkdürsə, onda millət olaraq türkmən, qazax, qırğız, uyğur, tatar, noğay deyillər, əgər millət olaraq türkmən, qazax, qırğız, uyğur, tatar, noğaydırlarsa, onda türk milləti deyillər.

İrəli sürdüyüm fikrin məntiqi düsturu belədir:

(A(x)⟹B(x))∧B(x)⟹A(x)

İzah: əgər x Türk millətinə A (x) aiddirsə, x müstəqil millət B (x) deyil.

Bu düsturla sübut olunan nəticə budur ki, Akif Aşırlının dediyi kontekstdə Türk millətinin bir adı və bir dili yoxdur! Bu nəticə həm də doğrudur ona görə ki, türkmənşəli millətlər eynilə İran, Slavyan, German mənşəli millətlər kimi coğrafi, iqtisadi, siyasi, mədəni və s baxımından millətləşmə prosesi yaşayıblar və müstəqil millət və dil daşıyıcısı olaraq çıxış ediblər. Hətta etnik mənşə doğmalığı, oxşar şərtlər belə bu differensasiyanı əngəlləyə bilməyib. Nəticədə, bu gün ukraynalılar, belaruslar slavyan mənşəli millət, amma sloven, yaxud rus olmadıqları kimi, özbək, qazax, ... türkmən də türk mənşəli, amma ayrıca millətdirlər.

Səhv saatın düz göstərməsi məsələsinə qayıtsaq, "Türk millətinin bir adı var və bir dili var" tezisi doğrudur, ancaq bu doğruluq müstəsna şəkildə Türkiyə türklərinə aiddir. Türk adında dünyada cəmi bir millət, cəmi bir dil var, o da Türkiyədəki qardaşlarımıza aiddir. Biz türkmənşəli Azərbaycan vətəndaşları həm millətləşmədən öncəki tarixi mərhələdə (Səfəvi, Əfşar, Qacar), həm də millətləşmə etaplarında Türkiyə türklərindən fərqli, tam müstəqil sosial qrup kimi formalaşmışıq. Sosial qrup olaraq fərqliliyimiz və müstəqilliyimiz bizi Azərbaycan Resublikası qurmağımız və inkişaf etdirməyimizlə nəticələnib. Bu fərqliliklərdən ancaq birini deyəcəm- Osmanlı imperiyası və onun varisi olaraq Türkiyə Cümhuriyyəti Bizans dövlət ənənələrinə istinad etdiyi halda, bizim bu adda istinadımız yoxdur.

Bizə gəlincə, bir dilin adının təsbiti həm də hüquqi hadisədir və ona görə də Azərbaycan dilinin konstitusiyadan kənar istənilən adı bu şərtlərdən ən azı birini ehtiva etmədiyi üçün heç kim tərəfindən ehkam kimi göstərilə bilməz. Ehkamı "Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi"nə əsaslanan konstitusiya kəsir!

Fəqət Konstitusiyamız, yuxarıda da qeyd etdiyim kimi, etnik anlamda hər hansı millət anlayışından xalidir. O zaman sual çıxır: biz etnik anlamda bir millət olaraq türkük, yoxsa azərbaycanlı?

Dövlət millətləşməsi prosesində biz "Azərbaycanlı" kimliyi əldə etmişik. Bu, həm də milli identifikasiya olaraq "Azərbaycanlı" termininin artıq etnononim olması anlamına gəlir. Buna paralel olaraq "Azərbaycan türkü" də etnonim olaraq eyni uğurla işlənə bilər. Üst kimlik müstəvisində ölkəmizdə etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs azərbaycanlıdır, etnik-milli kimlik formatında "Azərbaycan türkü" və "Azərbaycanlı" eyni etnik mənsubiyyəti ifadə edir.

Ancaq bütün hallarda, bizim türklüyümüz milli əlahiddəliyimiz, müstəqil etnik vahid olmağımız səbəbindən "Azərbaycan" təyini olmadan işlənə bilməz. Buradan da daha bir dəfə o nəticəyə gəlirik ki, Akif Aşırlının " Türk millətinin bir adı var və bir dili var" tezisi öz işlətdiyi kontekstdə kökündən yanlışdır.

Elmi və məntiqi baxımdan doğru cümlə belə olmalıdır: "Ümumtürk mənşəli millətlərin hər birinin öz xüsusi adı və müstəqil dili var"!

Taleh Şahsuvarlı