- Redaktor masası
- 26 Fevral 08:00
- 2 294
Siyasi müstəvidə yeni münasibətlər sistemi formalaşır- DƏYİRMİ MASA QEYDLƏRİ

Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edildi.
Tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın təmsilçiləri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edirdi.
PA-nın şöbə müdiri Ədalət Vəliyev sözün bütün mənalarında konseptual çıxış edərək dövlət başçısı İlham Əliyevin salamlarını və mesajlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdən ilk təəssüratlarımı isti-isti Facebook sosial şəbəkəsində bölüşdüm.
1) Şöbə müdirinin ifadə etdiyi mesajların hər biri ayrıca və geniş təhlilə layiq olsa da, zənnimcə, ən vacib mesaj ideoloji məsələlərlə bağlı idi. Bəli, biz-cəmiyyətin bütün fərdləri ölkəmizdəki, regiondakı və dünyadakı proseslərə ancaq və ancaq Azərbaycanın ali dövlət maraqları prizmasından baxmalıyıq. Bu ümumi baxış bucağının formalaşmasında PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkəmizdə fəaliyyət göstərən partiyalarla kommunikasiyasının xüsusi rolu var. Tədbirdən başa düşdüyüm qədər, təmaslar həm geniş, həm də dar çərçivədə davam etdiriləcək. Havalar mülayimləşən kimi siyasi partiyaların təmsilçilərinin Əsgəran və Xankəndiyə səfərləri də planlaşdırılır.
2) Partiya sədrlərindən bəzilərinin çıxışlarını bəyəndim, bəzilərini bəyənmədim. Bununla belə, bir daha əmin oldum: bu ölkədə kimsə düşmən, kimsə yad deyil və İlham Əliyev Azərbaycanda hər kəsin prezidentidir! Bu baxımdan tədbirə dəvət olunan, amma iştirak etməyən Müsavat partiyasınınn mövqeyinə məntiqli bir cavab tapmağa çətinlik çəkirəm. Başda İsa Qəmbər olmaqla Müsavat Partiyasının az qala bütün liderləri Qarabağ münaqişəsi dalğasında meydanlara çıxıb, siyasi status qazanıblar. Münaqişəni Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bitirib. Xocalı soyqırımının baş verdiyi gün Azərbaycan xalqına qarşı və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinənlərin məhkəməsi gedir. İzlədiyim qədər, Müsavat rəhbərliyində təmsil olunanların əksəriyyəti də bu danılmaz həqiqətləri inkar etmirlər. Belə olan təqdirdə, bu nə dar düşüncə, bu nə milli həmrəylik müstəvisindən qaçışdır?
3. "Əməkdaşlığımız- intiraqalara qalib gəldi"- zənnimcə, Dəyirmi Masada verilən əsas mesajılardan biri bu oldu. Siyasəti maraqlar konflikti olmadan təsəvvür etmək mümkünsüzdür. Amma rasional ideyalarla siyasi mübarizəni dövlət quruculuğu prosesində proqramlar yarışına çevirmək daha doğru siyasi xəttdir. Tədbirdə iştirak edən partiyaların heç də hamısının nəinki konkret proqrama, hətta aydın siyasi platformaya malik olduğu şübhəlidir, əlbəttə. Ancaq cəmiyyətimizin intellektual və səviyyəli polemikalara ehtiyacının olması da göz qabağındadır. Ədalət Vəliyevin çıxışından gəldiyim qənaətə görə, Prezident Administrasiyası diskussiya mühitinin genişlənməsini ölkəyə xaricdə hazırlanan ideoloji diversiyaların qarşısının alınması üçün də vacib sayır.
Tədbir bir neçə saat çəkdi, xeyli çıxış edildi, rəylər səsləndi. Yeni konstitusiyanın qəbulu, qarışıq seçki sisteminin bərpası, PA yanında İctimai Şuranın yaradılması, ayrı-ayrı dövlət qurumları və siyasi partiyaların iştirakı ilə ictimai dinləmələrin keçirilməsi önə çıxan təkliflər idi. Dəyirmi Masanın mövzusu son dərəcə aktual olduğundan bu yöndə öz mülahizələrimi bölüşmək istəyirəm.
Bəli, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşmasına ehtiyac var. Bu ehtiyacı ilk növbədə o yaradır ki, Azərbaycanın siyasi partiyalar sistemində hər kəs üçün başlıca hədəf olan Qarabağın azadlığı təmin edilib. Odur ki, həm partiyalar, həm də siyasi paradiqmalar yenilənməyə məhkumdur. Bu yenilənmə isə, zənnimcə, aşağıdakı istiqamətlərdə baş verməlidir.
İlk növbədə, siyasi sistemdə yeni münasibətlər sisteminin formalaşması üçün siyasi institutların çevik və səmərəli işləməsi vacibdir. Bu, həm partiyalarda qərar qəbul edən orqanların şəffaflığını və hesabatlılığını, eyni zamanda, vətəndaşların siyasi proseslərdə iştirakçılığını əhatə edir. Demokratik institutların güclənməsi və modernləşməsi üçün ictimai-siyasi konsensusu əks etdirən bir xartiyanın imzalanması faydalı olardı. Bu, Azərbaycanda qeyri- sistemli müxalifətin, o cümlədən bitərəflərin leqal siyasi partiyaları arxa plana itələməsinin qarşısını ala bilər.
Bu istiqamətdə irəliləməyə, təkcə siyasi partiyalarla deyil, onların təmsil etdiyi ideoloji və sosial kəsimlərin geniş spektrı ilə yeni və davamlı əlaqələr qurmağa iqtidar mövqe nümayiş etdirir. Elə Ədalət Vəliyevin də Dəyirmi Masada verdiyi mesajlardan biri bu idi ki, hakimiyyət partiyalarla dialoqda maraqlıdır və ATƏT kimi qurumların inhisarından çıxarılmış birbaşa ünsiyyətin münasibətlərin keyfiyyətinə müsbət təsir etməsindən məmnundur.
Az öncə bəhs etdiyim keyfiyyət dəyişikliyi siyasi mədəniyyətin inkişafında da önəmli rol oynayır. Siyasi mədəniyyət həm seçicilərin, həm də liderlərin yeni qaydalarla uyğunlaşmasını təmin edir. Bir jurnalist kimi uzun illərdir ən müxtəlif siyasi tədbirləri və publik debatları izləmişəm. Açığını deyim, ölkəmizdə siyasi etikanın standartlarından həmişə narazı olmuşam. Siyasət nəzakət və kübarlıq tələb etdiyi halda, bir çox partiya sədrlərinin tədbirlərdə, diskussiyalarda əlbəyaxa davaya çıxdığını az müşahidə etməmiş, yaxud lüğətindəki qeyri-ədəbi və qeyri-ədəbli sözlərə çoxumuz hiddətlənmişik. Azərbaycan öz milli istiqlaliyyətini isbat etmiş bir respublika olaraq protokola, etiketə, dövlət ədəbinə malikdir və bütün bunların siyasi partiyalar sisteminə aşılanmasında yarar var. Cəmiyyət öz siyasi elitasından qalmaqal və nihilizm deyil, problemlərinin həllini gözləyir.
Milli maraqları ön planda saxlayan çevik strategiyaların hazırlanması hazırda siyasi partiyaların qarşısında dayanan əsas vəzifələrdən biridir. Bəli, dünya nizamı yenidən qurulur və eyni zamanda, Süni İntellektin həyatın bütün sahələrinə, o cümlədən siyasətə müdaxiləsi ilə yeni texnoloji cəmiyyətlər formalaşır. Çoxşaxəli qlobal dəyişikliklər fonunda bizim milli priotitetlərimiz və daxili siyasətə inklüziv yanaşmalar nədən ibarətdir? Hakim Yeni Azərbaycan Partiyası başda olmaqla bütün siyasi mərkəzlər bu suala aydın cavab tapmalıdırlar.
Bəli, qloballaşan və yenidən nizamlanan dünyadakı çağırışlarla milli maraqlarımız arasında balansın tapılması vacibdir. Çünki dünyada gedən dəyişiklər Azərbaycan üçün həm yeni imkanlar açır, həm də yeni risklər yaradır. Bu, bir tərəfdən Azərbaycandakı siyasi partiyaları dünyaya açılmağa sövq edir, digər tərəfdən də milli kimliyimizin prioritet kimi saxlanılmasını şərtləndirir. Bu baxımdan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, hörmətli professorumuz İlham Məmmədzadə qısa tezis şəklində olsa da, çox maraqlı məqamlara toxundu. Düşünürəm ki, mümkün siyasi stress risklərindən yayınmaq üçün həmin təkliflərin daha ətraflı nəzərdən keçirilməsi son dərəcə faydalı olardı.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru