Tramp administrasiyası və Ukrayna böhranı fonunda Cənubi Qafqaz- ANALİZ

Tramp administrasiyasının Ukrayna müharibəsinə sələflərindən prinsipial şəkildə fərqlənən paradiqma ilə yanaşması göz önündədir. Ağ Evin yeni sahibi məxməri inqilab layihələri ilə dizayn olunmuş və birtərəfli xarici siyasət yürütməyə təhrik edilməsi ilə müharibəyə sürüklənmiş Ukraynanın himayədarı rolundan imtina edir, neytral və vasitəçi mövqe tutmağa çalışır. Tramp administrasiyası Bayden iqtidarı sayaq Ukraynanın hərbi dayağı olmaq istəmir. O, münaqişəni nizamlamaq və bu prosesdə, ən yaxşı halda, Kiyevin diplomatik məsləhətçisi kimi çıxış etməyə üstünlük verir. Oval ofisdə keçirilən görüşdə ABŞ-ın viste prezidenti DJ Vensin açıq şəkildə ifadə etdiyi mövqeyə görə, Rusiya ilə müharibədə Ukraynanın iqtisadi, sosial, hərbi resurslarları tükənmiş vəziyyətdədir. Ağ evin yanaşmasına görə, mövcud şərait faktiki olaraq Tramp hakimiyyətinin Kiyevin əvəzinə döyüşməsini labüd edir. Bu isə, Üçüncü Dünya Müharibəsinin başlamasına rəvac verə bilər.

Trampın məsələyə baxış bucağı təxminən belədir: Üçüncü Dünya Savaşı heç bir tərəfə fayda verməyəcək, əksinə, ABŞ başda olmaqla Qərbin və Rusiyanın resurslarını sıradan çıxarmaqla Çinin işinə yarayacaq. Odur ki, Tramp ABŞ-da çoxşaxəli islahatlar aparmaqla, maddi, texnoloji və siyasi baxımdan okeanın o tayından asılı olan Avropa dövlətlərini silkələməklə, nəhayət, Rusiyanı Çindən qoparmaqla liderlik dinamikalarını itirmək təhlükəsi ilə üzləşmiş ölkəsini yenidən dünya birincisinə çevirmək istəyir.

Odur ki, Tramp administrasiyasının Ukrayna ilə bağlı strategiyasını nəzərdən keçirərkən iki mümkün yanaşmanı ayırd etmək vacibdir: ABŞ Ukraynadan tamamilə çəkilmək və bu əraziləri Rusiyaya təhvil vermək istəyir, yoxsa Rusiyanın maraqlarını da nəzərə almaqla öz təsirini qorumaq niyyətindədir?

Birinci variantda ABŞ Ukraynanı geosiyasi baxımdan Rusiyanın təsir dairəsinə buraxaraq münaqişəni sakitləşdirmək üçün total güzəştlərə getməlidir. Belə bir addımla Ağ Ev Ukrayna kimi "ikinci dərəcəli" hesab etdiyi mövzulardan kənara çəkilir və “daha böyük hədəflərə” fokuslanır. Lakin bu, ABŞ-ın beynəlxalq liderlik rolunun zəifləməsi və müttəfiqlərin etibarını itirməsi riskini artırmaqla Donald Trampın birincilik iddialarına tərs mütənasiblik yaradır. Savaşın dayandırılması müqabilində Ukraynanın Rusiyanın nüfuz dairəsinə verilməsi ABŞ və kollektiv Qərb üçün Kremlin ikinci qütb statusunun yenidən rəsmiləşdirilməsidir. Bu da Vaşinqtonun strateji hədəfləri baxımından daha ciddi problemlər deməkdir.

İkinci variantda Tramp administrasiyası Ukraynanın müstəqilliyini, maksimum ərazi bütövlüyünü və ABŞ-ın regiona təsirini qorumaqla yanaşı, Rusiyanın da müəyyən maraqlarını qəbul edən daha balanslı bir yanaşma tətbiq edə bilər. Başqa sözlə, Ağ ev Kremllə gərginliyi azaltmaq və beynəlxalq səviyyədə ABŞ-ın diplomatik mövqeyini gücləndirmək üçün taktikasını yeniləyir. ABŞ Ukrayna ilə savaşa yüz milyardlarla pul xərcləyib. Maliyyə məsələlərində xüsusi həssaslığı olan Trampın ən azı bu səbəbdən Ukraynanı Rusiyanın arxa bağçasına çevirməsi inandırıcı görünmür. Bu günə qədər okeanın o tayından verilən bəyanatlara əsaslansaq, Tramp ABŞ-ın Ukraynada iqtisadi və diplomatik maraqlarını davam etdirməyi, lakin Rusiyanın təsir dairəsindən tam çıxarılaraq NATO və Avropa Birliyi üzvü edilməsi prosesini dayandırmağı planlaşdırır.

Əslində, eyni məntiqin bütün post-sovet məkanında, o cümlədən Cənubi Qafqazda da keçərli olacağını güman etmək olar. ABŞ-ın bölgədəki maraqları və əməkdaşlıqları onun Cənubi Qafqazdan tamamilə çəkilməsinə və ya regionu “Ukraynanın üstündə” Kremlə güzəştə getməsinə mane olur. Bununla belə, hazırda Vaşinqtonun Cənubi Qafqazda hərbi, diplomatik və iqtisadi təsirini necə genişləndirəcəyi bir yana qalsın, hətta hansı ölçüdə və formada qoruyacağı bəlli deyil. Diplomatik kanallarla Cənubi Qafqaz ölkələrinə Tramp administrasiyasından hansı mesajlar gəldiyini bilmirik. Lakin ekspert dairələri üçün NATO-ya, Avroatlantik məkana və Avropa Birliyinə inteqrasiya ilə bağlı uzun illər populyar olmuş hədəflərin yenidən nəzərdən keçirilməsinin labüdlüyü artıq aydındır.

O da bəllidir ki, məxməri inqilab layihəsinin ilk gerçəkləşdiyi ölkələrdən biri olmasına baxmayaraq, Gürcüstanın yeni rəhbərliyi balanslı xarici siyasət aparmağa üstünlük verir. Tbilisinin yeni doktrinası bütövlükdə bölgə uğrunda geoplitik rəqabətin şiddətini xeyli dərəcədə azaldır. Bu səngimə regionda geopolitik status-kvonun qorunub saxlanılması üçün ABŞ-ın uzunmüddətli maraqlarına uyğun təşəbbüslərlə çıxış etməsinə əlavə zəmin yaradır. Lakin mümkün təşəbbüslərin konkret məğzi ilə bağlı ipucları o qədər də çox deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ın vitse-prezidenti DJ Vens tərəfindən urvatsız bir şəkildə qarşılanmasını nəzərə almasaq, Cənubi Qafqazın üç ölkəsindən heç biri hələ Tramp administrasiyası ilə yüksək səviyyəli görüşlər keçirməyib. Nikol Paşinyanın Tramp administrasiyası ilə, belə demək olarsa, “sinfi” ziddiyyətləri var. Onun yenidən Rusiyaya üz tutması da o qədər də səmərəli olmayacaq. Paşinyanın adı Trampın sevimlilər siyahısında olmadığı kimi, Vladimir Putin tərəfindən xüsusi hörmətlə qarşılananlar arasında da deyil. Azərbaycanla müharibəni uduzmuş, Türkiyə ilə münasibətlərini qaydaya salmamış Ermənistanın siyasi iradəsizliyi Fransa və İranın təsiri altındadır.

Dərindən baxanda, Ermənistan ABŞ-ın dünyada və bölgəmizdəki siyasətinin prioritetləri baxımından elə bir önəm daşımır. Co Baydenin Ağ evi tərk etmək üçün günlərini sayarkən Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması da bu önəmi artırmır. Lakin Ukrayna savaşının bitməsindən sonra Rusiya əldə edəcəyi inam və güclə Ermənistandakı nüfuzunu həm qorumaq, həm də artırmaq istəyəcək. Bu ehtimal Cənubi Qafqaz, xüsusilə, Azərbaycan üçün yeni risklər yaradır. Hazırda bu risklərdən ən gözədəyəni Ermənistanda Rusiyanın nəzarətində olan revanşist qüvvələrin fəallaşmasıdır. Donald Trampın USAİD və digər donorları təftiş etməsi Nikol Paşinyanın qrantla bəslənən elektoratını sıradan çıxarır. Üstəlik, Ermənistanda bir çox müxalif qüvvəyə Moskvanın təlimatları ilə hərəkət edən, dəfələrlə prezident Vladimir Putin tərəfindən açıq diqqətdə saxlanılmış fiqurlar rəhbərlik edir. Rusiyanın təsir agentlərinin Ermənistanda yenidən iqtidara gəlməsi rəsmi Bakı və İrəvan arasındakı sülh danışıqlarının davam etdirilməsi perspektivini aradan qaldırır, bölgədə yeni eskalasiya ehtimallarını gücləndirir. Bu cür ehtimallar Ukraynada savaşı dayandıracaq Trampın viziyasına və məqsədlərinə uyğun sayıla bilməz.

Proseslərin təhlili göstərir ki, Ermənistanın Rusiyanın "vassal dövlət" rolundan çıxması üçün Tramp xüsusi səylər göstərməyəcək. Lakin bölgədə sabitliyi qorumaq, ABŞ-ın strateji maraqlarını təmin etmək və Rusiyanın təsirini məhdudlaşdırmaq üçün onun erməni revanşizminə qarşı mövqe sərgiləməsi, xüsusilə də Ermənistanın silahlanmasına qarşı qəti addımlar atması zəruridir. Revanşist qüvvələrin fəallaşması Tramp administrasiyasının Türkiyə və Azərbaycan kimi müttəfiqləri ilə münasibətlərini təhlükə altına sala biləcəyi üçün o, sanksiyalar, hərbi yardımların məhdudlaşdırılması və diplomatik təzyiqlər vasitəsilə Ermənistanı bu siyasətdən çəkindirməyə çalışa bilər. Eyni zamanda, Tramp Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının uğurla başa çatması üçün iqtisadi və siyasi stimullar təklif edə bilər. Bu baxımdan Tramp administrasiyasının Zəngəzur dəhlizinə yanaşması xüsusi maraq doğuran məsələdir.

Azərbaycan Qərb üçün öz enerji resurslarına, müsəlman ölkələri arasında sekulyar sisteminə, daxili sabitliyinə və strateji nəqliyyat qovşağı olduğuna görə cəlbedicidir. Bu amillər ABŞ-ın və Avropa dövlətlərinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla bağlı hissəsini daha çox dolayı yollarla, yəni enerji layihələri, investisiya və diplomatik vasitələrlə həyata keçirməyə sövq edib. ABŞ-ın Cənubi Qafqaz uğrunda geopolitik mübarizədə iştirakının aşkar şəkildə zəifləməsindən Rusiyanın Ermənistan və Gürcüstanda dominantlığı qısa zamanda güclənə bilər. Lakin Azərbaycan heç zaman özgəsinin ipi ilə quyuya enmədiyindən rəsmi Bakı Rusiyanın təsirini tarazlaşdırmağa qadirdir.

Azərbaycan demoqrafik, iqtisadi, hərbi və digər parametrlər baxımından Cənubi Qafqazın lider ölkəsi sayılır. Prezident Əliyev iqtidarda olduğu müddətdə milli müstəqillik maraqlarını heç bir halda müvəqqəti beynəlxalq konyukturalara qurban verməyib, ərazi bütövlüyünü bərpa edib, bütün qütblərlə təhlükəsizlik məsafəsi saxlamaqla, qarşılıqlı anlaşma və etimad mühiti formalaşdırıb. Tramp administrasiyası Ukraynanı Rusiya ilə savaş yox, etimad mühiti kimi görmək istəyirsə, bu zaman “Azərbaycan təcrübəsi” önə çıxır. Nəticədə Tramp administrasiyasının prioritetlərini də nəzərə alaraq rəsmi Bakı öz çevik və kifayət qədər dərindən bildiyi qaydalara əsaslanan xarici siyasəti ilə dünyanın yenidən nizamlanması prosesində öz rolunu regional müstəvidən kənara çıxarmaq fürsəti qazana bilər.

İstər kollektiv Qərb, istərsə də Rusiya və Çin Cənubi Qafqazdan daha geniş arealda Türkiyə amilini nəzərə almağa məcburdur. Azərbaycan və Türkiyə dərin tarixi bağlara malikdir. Bir NATO ölkəsi olan Türkiyə rəsmi Bakının əsas müttəfiqi kimi ABŞ-ın Cənubi Qafqazdakı təsirini dəstəkləyə, tarazlaya, bölgəyə Rusiya ilə yanaşı, eyni zamanda, Fransa tərəfindən edilə biləcək təzyiqlərin dəf olunmasında fəal rol oynaya bilər. Bununla belə, o da nəzərə alınmalıdır ki, Türkiyə böyük dünya siyasəti üçün orta çaplı akterdir, Ankaranın regional liderlik maraqları, o cümlədən Avropa Birliyi ilə ziddiyyətləri fonunda Azərbaycan bütün tərəflərlə birbaşa təmaslar qurmalıdır. Sirr deyil ki, Azərbaycan enerji məsələlərində Avropa Birliyinin strateji maraqlarını qarşılasa da, erməni diasporunun təsirində olan təsisatların kəskin təzyiqi ilə üzləşir. Odur ki, Avropa Birliyinin lider ölkələrinin Ukrayna müsibətindən hansı nəticələr çıxarması da bizim üçün önəmlidir. Əgər dünya nəhəngi ABŞ Ukrayna savaşının bitməsi və Sülh Sazişinin imzalanması üçün neytral mövqeyə çəkilirsə, Avropa Birliyinin Ermənistana hamilik etməsinin heç bir məntiqi və perspektivi yoxdur.

Digər bir mühüm amil Azərbaycanın İranla həmsərhəd olması, İranın isə ABŞ-ın həm köhnə, həm də yeni viziyasına əsas əngəllərdən sayılmasıdır. İran uzun onilliklər boyu Yaxın və Orta Şərqdə, yumşaq desək, destruktiv fəaliyyət göstərib, vəkalət savaşları aparıb. Hazırda İranın proksi qüvvələri xeyli dərəcədə zərərsizləşdirilib, hətta Qəndil dağlarındakı son qalası da yıxılmaq üzrədir. Bu baxımdan Azərbaycan İranın təkcə Cənubi Qafqazdan çıxarılması üçün açar dövlət deyil, eyni zamanda, İran xalqlarının müqaddəratı ilə bağlı masada oturmağı haqq edən tarixi-siyasi əsaslara malikdir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Cənubi Qafqazda aktiv olması Azərbaycan, Gürcüstan və Türkiyə kimi müttəfiqləri ilə əlaqələrinin dərinləşdirilməsindən keçir. Bu əlaqələr yetərli olmadan Ağ Evin İranla bağlı siyasəti heç bir effekt verə bilməz.

Bütün bunlar bir daha təsdiq edir ki, Tramp administrasiyasının Ukrayna siyasəti kontekstində Azərbaycanın strateji vəziyyəti geniş perspektivdə nəzərdən keçirilməlidir. Belə ki, Cənubi Qafqazın əsas gücü olan Azərbaycan həm enerji siyasətində, həm də geosiyasi balansın qorunmasında mühüm mövqeyə sahibdir. Azərbaycanın hər iki tərəflə- həm Rusiya, həm də Qərb ölkələri ilə əməkdaşlıq etməsi onun regionda sabitləşdirici rolunu gücləndirən əsas amildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın balanslı siyasəti qarşısında Ermənistanın qeyri-müəyyən xarici siyasəti regionu risk altında qoyur. Lakin Ermənistanın ABŞ-dan və Rusiyadan tam dəstək ala bilməməsi Azərbaycanın bölgədəki strateji əhəmiyyətini daha da artırır. Ehtimal etmək olar ki, Tramp administrasiyası Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığı genişləndirə və rəsmi Bakını Ukrayna siyasətində birbaşa tərəfdaş kimi dəyərləndirə bilər. Nəticədə ABŞ Azərbaycanın diplomatik çevikliyini də diqqətdə saxlayaraq rəsmi Bakının Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təmin etmək üçün yeni platformalar yaratmaq təşəbbüsünü dəstəkləyə bilər.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru