AMEA Dilçilik İnstitutundan suallarımıza cavab ala bilmirik- Mətbuat Şurasına müraciət

Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Rəşad Məcid cənablarına

Hörmətli Rəşad müəllim,

2012-ci ildən fəaliyyət göstərən AzNews.az analitik-informasiya portalı öz yaradıcı konsepsiyası çərçivəsində Cənubi Qafqazın lider xəbər resursudur. Saytımız "A" kateqoriyalı oxucu auditoriyasına xitab edir, daxili və xarici siyasət, ictimai maraq doğuran məsələlərlə bağlı xəbərlər, şərhlər yayımlayır. Milli maraqlarımıza uyğun hər bir mövzunu diqqətdə saxlamağı biz, eyni zamanda, 150-ci ilini qeyd etdiyimiz mətbuatımızın maarifçi missiyasının tərkib hissəsi sayırıq. Odur ki, AzNews.az sadəcə bir informasiya resursu deyil, eyni zamanda, ictimai fikir müəssisəsidir.

Çox təəssüflər olsun ki, müstəqil media quruluşu olaraq AzNews.az zaman-zaman öz fəaliyyətində müəyyən çətinliklərlə üzləşir. Bu çətinliklər sırasında ayrı-ayrı dövlət qurumlarından və dövlət büdcəsindən maliyyələşən təşkilatlardan informasiya almağa yaradılan maneələr xüsusi yer tutur. Artıq 10 gündən çoxdur ki, əməkdaşlarımız Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna dövlət dilimizlə bağlı aktual məsələləri əhatə edən suallar ünvanlayıb. Kifayət qədər zaman keçməsinə baxmayaraq, bu suallara hələ də cavab ala bilmirik. İnstitutun rəhbərliyi, şöbə müdirləri və tədqiqatçıları gah havanı, gah vaxt məhdudiyyətini, gah da hüzr mərasimlərini bəhanə edərək Azərbaycan Respublikası Konstitusiyasının immunitet altında olan 21-ci maddəsinin tələblərini əhatə edən suallarımıza cavab verməkdən imtina edirlər.

Hörmətli Rəşad müəllim!

Mətbuat Şurasının Nizamnaməsinin 2.2.1 bəndində qeyd olunur ki, başçılıq etdiyiniz qurumun vəzifələrindən biri jurnalistlərin peşə funksiyalarını müstəqil surətdə həyata keçirmək barədə qanunun tələblərinin təmin edilməsinə yardım göstərməkdir. AMEA Nəsimi adına Dilçilik İnstitutu "Media haqqında qanun"un 17-ci maddəsində əks olunan jurnalistlərin məlumat almaq hüquqlarını kobud şəkildə pozur.

Odur ki, Mətbuat Şurasına müraciət edir və məsələnin milli maraqlarımız baxımından əhəmiyyətini də nəzərə alaraq bizim sadalanan istiqamətdə pozulmuş hüquqlarımızın bərpasına köməklik göstərməyinizi xahiş edirəm.

Hörmətlə,
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru