AMEA Nəsimi adına Dilçilik İnstitutunda görüş: Azərbaycan dili dövlətin əsas atributlarından biridir!

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı və redaktor Pərvanə Dadaşzadə ilə görüş keçirilib.

Görüşdə Azərbaycan dilinin müstəqilliyi, "Plaza dili" fenomeni, qloballaşmanın dilə təsiri və digər məsələlər müzakirə olunub.

Görüşdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, şöbə müdirləri professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov, Sayalı Sadıqova, Məsud Mahmudov, İlhami Cəfərov, İlham Tahirov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü, Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov iştirak ediblər.

Azərbaycan dilinin dövlətimizin əsas atributlarından biri olduğunu vurğulayan professor Nadir Məmmədli bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.

Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanundan bəhs edib. Vurğulayıb ki, bu qanun milli sərvətimiz olan Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqinə, inkişaf etdirilməsinə, saflığının qorunmasına münbit şərait yaradılmasına səbəb olan tarixi sənəddir.

Taleh Şahsuvarlının mətbuatda gedən müzakirələrə istinadən Azərbaycan dilinin statusu, işləkliyi, nüfuzu və təbliği, Azərbaycan dilinin müstəqillik tarixi, terminologiya bazasının zənginləşməsi istiqamətində hazırladığı suallar əsasında dilçi alimlər maraqlı müzakirə aparıb.

Bildirib ki, Azərbaycan dilinin saflığının qorunmasında dilçilik məsələləri ilə bilavasitə məşğul olan Nəsimi adına Dilçilik İnstitutunun üzərinə çox böyük məsuliyyət düşür. Onun təbliği, qorunması, inkişaf etdirilməsi üçün ciddi səylər göstərir, araşdırmalar aparır.

AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı görüş barədə təəssüratlarını öz Facebook səhifəsində belə bölüşüb:

"Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin dəvəti ilə redaktorumuz Pərvanə Dadaşzadə ilə birlikdə bu nüfuzlu elm ocağının qonağı olduq.
Bilirsiniz ki, Dilçilik İnstitutuna bir sıra suallar ünvanlamışdıq, amma cavab ala bilməmişdik. Mətbuat Şurasının sədri Rəşad Məcidin işə qarışması ilə Nadir müəllim çox gözəl bir format tapdı, suallarımızın cavablandırılması üçün bir növ Dəyirmi Masa təşkil etdi. Mətbuat Şurasına ayrıca təşəkkürlər!

Görüşdə professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov, Sayalı Sadıqova, Məsud Mahmudov, İlhami Cəfərov, İlham Tahirov, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü, Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov iştirak edirdilər.

Bu görkəmli elm adamlarımızın əksəriyyətini qiyabi olaraq tanısam da, bir çoxu ilə ilk dəfə şəxsi ünsiyyətdə olduq. Suallarımıza son dərəcə mükəmməl elmi cavablar aldıq, alimlərimiz arasında maraqlı diskussiya getdi.

Həm bu gözəl təəssüratlı fikir mübadiləsi, həm də Mahmud Qaşqarlının yeni çapdan çıxmış, bir kitab həvəskarı üçün son dərəcə qiymətli üçcildliyini bəndənizə hədiyyə etdiyi üçün prof. Nadir Məmmədliyə xüsusi təşəkkür edirəm. Görüş barədə ayrıca yazacam, suallara cavabları da geniş yayacağıq. Bəzi qənaətlərimi isə indidən bölüşmək istəyirəm:

1. Azərbaycan Resublikasının rəsmi dövlət dilinin "Azərbaycan dili" adlandırılmasın doğruluğu və rəsmi dilimizin bu konstitusion statusundan irəli gələn funksiyalarını layiqincə həyata keçirməsi ilə bağlı dilçi alimlərimizin heç bir şübhəsi, fərqli yozumu yoxdur. Alimlərimiz konstitusion immunitet altında olan dövlət dilimizin adını, statusunu, nüfuzunu, funksiyalarını mübahisələndirməyi doğru hesab etmirlər və bu məsələni həm elmi-linqivistik, həm də hüquqi-siyasi baxımdan qapanmış hesab edirlər! BRAVO!!!

2. Alimlərimizin fikrincə, Azərbaycan dili Qədim Türk Dilinin, Qədim Türk Dilinin bir qolu olan Oğuzcanın çoxsaylı tarixi, coğrafi, sosial, iqtisadi, siyasi, hüquqi və digər səbəblərdən şaxələnməsi nəticəsində ortaya çıxmış, sırf linqivistik baxımdan özünü tam müstəqil dil kimi tam təsdiq etmiş unikal, ədəbi, rəsmi dildir! BRAVO!!!

3. Azərbaycanın rəsmi dövlət dili olan Azərbaycan dili və qardaş Türkiyənin rəsmi dövlət dili olan Türk dili eyni mənşəyə, eyni struktura, oxşar qrammatikaya və tarixi inkişafa malik olmasına baxmayaraq, eyni ƏDƏBİ DİL deyil, hər birini unikallaşdıran çoxsayda fərqlər (fonetik, leksik və s.) var. BRAVO!!!

4. Azərbaycan dilinə qarşı tarixi, sosial, texnoloji və digər basqılar haqqında alimlərimiz son dərəcə maraqlı açıqlamalar verdilər. Bu açıqlamada iki əsas nüans: a) Dil sosial həyatda öz normal həyatını yaşayır, bu gün təhdid hesab etdiyimiz amillərin bir çoxu elə sosial həyatın özü tərəfindən çıxdaş ediləcək. b) Azərbaycan ədəbi dili hazırda bütün təhdidləri dəf etmək potensialına malikdir, bununla belə, dilin qorunması və inkişafı üçün (xüsusən də texnoloji sahədə) müəyyən addımlar atılmalıdır. BRAVO!!!

5. Sonda əvvəlcədən təqdim olunmuş suallar arasında olmasa da, bir şəxsi sualıma da cavab aldım. Alimlərimizin yekdil fikrinə görə, "Əvəzlik-əvəz etdiyi nitq hissəsinin xüsusiyyətlərini daşıyır" prinsipi Azərbaycan dilinin qrammatikasında əsas prinsiplərindən biri olaraq qalır, dəyişməyib, dəyişə də bilməz. Bu prinsipin əleyhinə qoyulan istənilən qayda SƏHVDİR! BRAVO!!!

AzNews.az

image description image description image description image description image description image description