"Melissa"nın yıxdığı ev: Qalib Məmmədova ictimai və hüquqi suallar

Dünən paytaxtın Yasamal rayonunda, Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsindəki 118B ünvanında bir tikinti şirkəti yaşayış olan evi dağıdıb. Tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər mediada və sosial şəbəkələrdə geniş yayılıb. Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları hadisə yerinə gələrək açıqlama yayıblar. FHN-nin yaydığı açıqlamaya görə, vətəndaşın evini uçurulması nəticəsində dağıntı altında qalan olmayıb. DİN isə bildirib ki, hadisədən sonra tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb və fakt əsasında cinayət işi açılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı açıqlamada isə, son dərəcə ciddi nüans üzə çıxıb. Komitə bəyan edib ki, Alatava ərazisində söküntü işləri müvafiq icazə olmadan aparılıb.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

Həm sakinlərin və zərərçəkənlərin dediklərindən, həm də mediaya verilən açıqlamalardan məlum olur ki, tikinti/söküntü işləri “Melissa Group” tərəfindən aparılır. Hadisə geniş ictimai rezonans doğurduqdan sonra bu şirkətin internet səhifəsinə giriş məhdudlaşıb.

Şirkət ictimaiyyətə dolğun açıqlama verməyə söz versə də, gün ərzində vədini yerinə yetirməyib. Şirkətə daxil olan “FEBA MTK”-nın nümayəndəsi Ərzuman Murtuzayevun məsələyə yanaşması isə bir çox sosial şəbəkə istifadəçisinin hiddətinə səbəb olub. O bildirib ki, ziyan evə deyil, eyvana dəyib. Ardınca hadisənin texnika sürücüsünün səhlənkarlığı ucbatından baş verdiyini ifadə edib. Guya təcrübəsiz sürücü evi səhvən dağıdıb. Bu yanaşma, əlbəttə, qəbul oluna bilməz. Əvvəla, istənilən eyvan evin tərkib hissəsidir. Eyvana dəyən ziyan elə evə dəyilmiş sayılır. Digər tərəfdən, təcrübəsiz işçi inşaat sektorunda necə, hansı əsasla işə götürülüb? Axı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə görə, inşaat sektorunda çalışanlar peşəkarlıq sertifikatına malik olmalı, yalnız işə uyğunluğu qiymətləndirildikdən sonra meydançaya buraxılmalıdırlar?!. Odur ki, “Melissa Group” və şirkətin Direktorlar Şurasının sədri Qalib Məmmədov ortaya çıxmalı, başçılıq etdiyi şirkətlə bağlı cəmiyyətdə yaranan haqlı narazılıqlara və suallara aydınlıq gətirməlidir. Məsələn, Qalib Məmmədov o suala aydınlıq gətirməlidir ki, onun başında dayandığı Qrupa daxil olan "FEBA MTK" nədən gündəmə bu günəcən məhkəmə işləri, sakinlərin və ya müştərilərin şikayətləri ilə gəlib? Əgər Google-də axtarış versə, bu barədə neçə-neçə məlumatla tanış ola bilər. Xeyli sayda iddia və şikayəti əhatə edən mediadakı bu cür məlumatlar qarşısında bir şirkət rəhbəri olaraq o, hansı addımlar atıb?

Bütün hallarda, Qalib Məmmədovun rəhbəri olduğu şirkət bir addımı mütləq atmalı, Alatavada söküntü işləri aparmaq üçün müvafiq icra hakimiyyətindən mütləq icazə almalı və ərazidə fəaliyyətə qanun çərçivəsində başlamalı idi. Sıradan bir vətəndaş həyət evinin qarşısında toyuq damı tikmək istəyəndə üstünə yüz yerdən məmur tökülür, sənəd-sünəd tələb edirlər. Odur ki, sadə vətəndaşlarda sual yaranır: Qalib Məmmədovun şirkəti rəsmi icazə olmadan işə necə başlayıb? Tikinti ərazisi hansı sənədlər əsasında müəyyən edilib, tikinti meydançasını necə hazırlanıb? Nədən ətrafa hasar çəkilməyib və əgər çəkilibsə, hansı əsasla, hansı qərarla, hansı hüquqla?

Məsələ burasındadır ki, hər hansı şirkət tikintiyə başlamaq üçün öncə hazırlıq işləri aparmalı və müvafiq Məcəllənin 86.1 maddəsinə görə, öncə tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsi quraşdırmalıdır. Orada ikintiyə icazə vermiş müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum haqqında məlumat əks olinmalıdır. Əgər belə bir məlumat lövhəsi quraşdırmayıbsa, bu, hüquq-mühafizə orqanları üçün artıq ciddi səciyyə daşıyan ipucudur. Yox, belə bir məlumat lövhəsi varsa, o zaman tikintiyə icazə verən qurum barədə orada nə yazılıb? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı açıqlamaya görə, Qalib Məmmədovun şirkətinin sözügedən ərazidə söküntü işi aparmaq üçün rəsmi icazəsi olmadığını nəzərə alanda, sual ritorik görünür. Ancaq güman etmək olar ki, artıq başlanan cinayət işləri üzrə hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları “Melissa Group”un səlahiyətli şəxslərinə heç də ritorik suallar verməyəcəklər. Çünki ölkəmizdə şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri hər kəsə bəllidir. Bu prinsiplərə görə, tikinti aparılarkən sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumlar, təhlükəsizlik təmin edilməli, ətraf mühit mühafizə olunmalı, görülən işlər şəhərsalma sənədlərinə uyğun olmalı və ictimaiyyət məlumatlandırılmalıdır. Bəli, ictimaiyyəti məlumatlandırmaq müvafiq Məcəllənin tələbinə görə, “Melissa Group”un vəzifəsidir. Ancaq deyəsən, şirkətin rəhbərliyi bu öhdəliyinə də son dərəcə laqeyd yanaşır.

Ancaq Azərbaycan dövlətinin heç də laqeyd yanaşmayacağı məsələ ortadadır. Alatavada yaşayan bir vətəndaşımızın konstitusiyanın 13-cü maddəsində nəzərdə tutulan hüququ pozulub və onun toxunulmazlığına dövlətin təminat verdiyi mülkiyyətinə ciddi ziyan vurulub. Vətəndaşın toxululmaz mülkiyyətinə ziyan vurmaq bütün hallarda hüquqi məsuliyyətə səbəb olur. Lakin işin bir də mənəvi məsuliyyəti var. Bu cür olaylar istənilən cəmiyyətdə ciddi rezonans doğura və sabitliyi pozmaq istəyən müxtəlif qüvvələr tərəfindən istismar oluna bilər. Hər bir vətəndaş, hər bir şirkət, hər bir məmur bunun fərqində olmalı, sosial həssaslığa səbəb ola biləcək davranışlardan çəkinməlidirlər. Ancaq anlaşılan odur ki, vətəndaşın evini uçurdan şirkətin sahibləri nəinki belə mənəvi məsuliyyətə malikdir, heç qanunla müəyyən edilmiş vəzifələrini icra etməyə də maraq göstərməyiblər. Budur, respublikamızın “Şəhərsalma və Tikinti Məcəlləsi”ndə sifarişçinin vəzifələrindən biri belə müəyyən olunur:

“Müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir”.

Görəsən, söküntü ərazisi necə tədqiq edilib ki, meydançada işləyən texnika (qəsdən olmadığını fərz etsək belə) vətəndaşın evinə sürülüb?

Nihad SƏRXANOĞLU,

AzNews.az