Ramil Hüseyn Davosun “yaşıl” gündəliyini şərh edib

Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) 55-ci iclasının gündəliyində iqlim dəyişikliyi, enerji keçidi və karbon ticarəti əsas müzakirə mövzularındandır. Azərbaycan nümayəndələri də "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında ölkəmizin uğurlu enerji transformasiyasından danışıb, enerji keçidinin maliyyələşdirilməsi barədə fikir mübadiləsi ediblər.

Reyting.az
-ın məlumatına görə, “Karbon qiymətlərini necə effektiv etmək olar?” mövzusunda keçirilən müzakirələri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərlə yanaşı, özəl sektorun da rolunun artırılması zəruridir.

Ramil Hüseyn deyib ki, Davos zirvəsində hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin qlobal biznesdə əsas paya sahib olan şirkət rəhbərlərinin iştirakı birgə fəaliyyət üçün əlverişli fürsətdir.

R. Hüseyn əlavə edib ki, ötən il Bakıda təşkil olunan COP29-un ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə əldə edilən konsensusun əhəmiyyəti Davosda da vurğulanıb: “Bildiyiniz kimi, hazırda qlobal miqyasda müxtəlif alətlərdən istifadə etməklə istixana qazı emissiyalarının azaldılması təşviq edilir. Bu baxımdan karbon ticarətinin də iqlim dəyişikliyi ilə mübarizəyə xidmət edəcəyi gözlənilir. Hesablamalara görə, bu bazarın uğurla fəaliyyət göstərməsi ildə 5 milyard ton karbon emissiyasının azalmasına töhfə verə bilər. Bu isə iqlim dəyişikliyi ilə mübarizə baxımından çox mühüm göstəricidir”.

R. Hüseyn bildirib ki, 2015-ci ildə imzalanan Paris Sazişinin 6-cı maddəsində karbon ticarəti ilə bağlı məsələ əksini tapsa da, ötən müddətdə bu sahədə qeyri-müəyyənliklər mövcud olub: “Bakıda keçilən COP29 isə qlobal karbon krediti bazarının fəaliyyətə başlaması baxımından çox mühüm bir mərhələ kimi tarixə düşdü. Razılaşdırılan qaydalar karbon ticarətində şəffaflığı, etibarlılığı artıracaq, kreditlərin iki dəfə hesaba alınmasının qarşısını alacaq. Ümumiyyətlə, Bakıda əldə olunan razılığın karbon ticarətində dönüş yaradacağı proqnozlaşdırılır. Gözlənilir ki, növbəti 5 ildə BMT tərəfindən dəstəklənən karbon kreditləri bazarı inkişaf edəcək. Hətta ilkin səslənən ehtimallara görə, 2030-cu ilə kimi bu sahədə 250 milyard ABŞ dollar həcmində gəlir əldə oluna bilər”.

R. Hüseyn sonda qeyd edib ki, Azərbaycanın qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faizdir. Karbon ticarətində əsas rolu isə qlobal istixana qazı emissiyalarında mühüm paya sahib olan dövlətlər oynayacaq. Amma bu sahənin inkişafı istiqamətində konsensusun əldə olunmasında Azərbaycanın rolu təqdirəlaydir. Bu, bir daha COP29-un nəticələrinin uğurlu olduğunu göstərir.

AzNews.az