Aksiya böyük ruh yüksəkliyi ilə təşkil edilib - Muxtar Babayev

Gənclərin iştirakı ilə həyata keçirilən ekoloji layihələr davam etdiriləcək.

Bunu Aznews.az-a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.

Nazir xatırladıb ki, ötən il Prezident İlham Əliyev tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdu:

"Bununla bağlı geniş tədbirlər planı uğurla icra edildi. Gənclərin də prosesdə fəallığı nəticəsində uğurlu göstəricilər əldə etdik. Bu proses davam etdiriləcək".

M.Babayev bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, Gənclər və İdman Nazirliyinin əməkdaşları, həmkarı Fərid Qayıbovun da iştirakı ilə mindən çox ağac əkilib:

"Əsasən Eldar şamı və zeytun ağacları əkmişik. Aksiya böyük ruh yüksəkliyi, əməkdaşlıq şəraitində təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi bir istiqaməti də sırf maarifləndirmə, təbliğat, gənclərlə işin təşkilidir. Bununla məşğul olan xüsusi qrupumuz çox uğurludur. Gənclər və gənclər təşkilatlarının da bu fəaliyyətə töhfəsi var. Çox şadıq ki, əməkdaşlığımız hər il genişlənir".

Nazir həmçinin Azərbaycan gənclərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Aznews.az