Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyətinə qarşı cəbhə açan Azərbaycan QHT-lərini birləşdirən “Environmental Protection First” Koalisiyası əsas çirkləndiricilərin foto, video təsvirləri barəsində məlumat əsasında hazırlanmış rəqəmsal xəritəni tezliklə ictimaiyyətə təqdim edəcək.

Bu barədə AZƏRTAC-a Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib. O deyib ki, rəqəmsal xəritə üzərində bir ildən çoxdur fəal iş gedir. Bu resurs 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində olacaq.

“Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırlayıb. Ötən il hazırlanmış həmin xəritənin rəqəmsal xəritə üçün baza rolunu oynadığını vurğulayan M.Bayramov bildirib: “Biz bir daha deyirik ki, heç bir ekoloji norma və standartları gözləməyən Ermənistanın bütün bölgəni zəhərləməyə ixtiyarı yoxdur. Ermənistan və dünya ictimaiyyəti ondan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır. Biz bu məsələni belə qoymayacağıq. “Environmental Protection First” Koalisiyası xarici tərəfdaşlarla sıx iş aparır. Ötən ilin mayında Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrında Nyu-Yorkda BMT-nin Gələcəyin Sammiti tədbirində, daha sonra Bakıda COP29-da biz bu məsələləri qaldırmışıq, tərtib etdiyimiz xəritə böyük maraqla qarşılanıb, beynəlxalq ekspertlərə paylanılıb”.

Koalisiyanın tələbinin dəyişməz olaraq qaldığını diqqətə çatdıran M.Bayramov qeyd edib: “Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan niyə sorğumuza cavab vermir? Vətəndaş cəmiyyəti təsisatları olaraq Ermənistana bu barədə Açıq Məktubla müraciətimiz olub”.

Qeyd edək ki, fevralın 5-də “Environmental Protection First” Koalisiyası rəqəmsal xəritə üzərində tamamlama işlərini davam etdirib.

AzNews.az