- Fanat
- 9 Mart 2019 11:00
- 2 977
Azərbaycan Premyer Liqasında XX turun ilk 2 oyunu keçiriləcək - bu gün
16:00. “Keşlə” – “Sabah”, 18:30. “Qarabağ” – “Zirə”.
Bu gün keçiriləcək iki oyunla Azərbaycan Premyer Liqasının XX turuna start veriləcək.
Hər iki qarşılaşma Bakıda olacaq.
Əvvəlcə "ASK Arena"da "Keşlə" "Sabah"ı sınağa çəkəcək. Hazırda ölkə kubokunun son qalibi 16 xalla 7-ci, debütant isə 21 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrənin qarşılaşmalarında qonaq tərəf qalib olub. "Sabah" bu oyunlarda meydanı qolsuz tərk etməyib.
Komandalar meydana itkilərlə çıxacaqlar. "Keşlə"dən Amil Yunanov, "Sabah"dan isə Novruz Məmmədovla Rəşad Eyubov sarı vərəqə limitini keçdikləri üçün oynamayacaqlar.
Bu matç baş məşqçilər Tərlan Əhmədovla Elşad Əhmədov üçün prinsipial əhəmiyyətə malikdir. Onlar vaxtilə "Neftçi"də birgə çalışıblar. Lakin E.Əhmədov məhz T.Əhmədovla aralarındakı münaqişə üzündən "ağ-qaralar"ı tərk edib.
Turun digər görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Ağdam klubu son 10 oyunda uduzmayıb və hazırda 41 xalla 2-ci pillədə yer alıb, Axırıncı 4 qarşılaşmada yenilməyən paytaxt təmsilçisi isə 18 xalla 6-cıdır. Bu, iki komanda arasında yubiley sayda - 15-ci matç olacaq. Əvvəlki oyunların heç birində "Zirə" qələbə qazana bilməyib. Üstəlik, "Qarabağ" son 5 görüşdə qalib gəlib. Ümumilikdə, "Zirə" cəmi 3 dəfə heç-heçəyə nail olub və qalan 11 qarşılaşmada uduzub. II dövrədə ağdamlılar qəsəbə təmsilçisini 6:0 hesabı ilə məğlub edib və bu, hələlik mövsümün ən böyük fərqli qələbəsi sayılır.
Komandaların heyətində ciddi itki yoxdur. Üstəlik, "Qarabağ"dan Miçel zədəsini tam bərpa edib və kollektiv məşqlərə qatılıb.
Bugünkü oyunlar komandaların turnir cədvəlindəki vəziyyətlərinə də təsir göstərə bilər. "Keşlə" qələbə qazansa, 6-cı pilləyə yüksələcək. Bu, "Zirə"nin xal itkisi təqdirində, ən azı növbəti turadək davam edəcək. "Qarabağ" isə qalib gəlsə, ən azı bir günlük liderə çevriləcək.
Azərbaycan Premyer Liqası, XX tur
9 mart (şənbə)
16:00. “Keşlə” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:1
18:30. “Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 2 dövrədəki oyunlar: 3:2, 6:0.
Qeyd edək ki, turun qalan 2 oyunu martın 10-da olacaq. "Qəbələ" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.
Daha əvvəl futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası müəyyənləşib. (Report)