Azərbaycan millisinin baş məşqçisi: "Komandanın “Drakula Open”də göstərdiyi nəticələrdən razıyam”

Komandanın “Drakula Open”də göstərdiyi nəticələrdən razıyam, amma daha yaxşı çıxış üçün çalışmalıyıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın gənc oğlanlardan ibarət boks millisinin baş məşqçisi Elbrus Rzayev deyib.

Mütəxəssis iştirak etdikləri yarışın nəticələrini dəyərləndirib:

“Bizim üçün ilin ilk turnir idi. Azərbaycan birinciliyindən sonra demək olar yeni komanda formalaşıb. Uşaqları sınamaq üçün əla yarış idi. Turnirə 23 ölkənin ən güclü boksçuları toplaşmışdı. 14 boksçu ilə təmsil olunduğumuz turnirdə 4 qızıl, eyni sayda bürünc və bir gümüş medal qazandıq. Mükafat almayan boksçularımız demək olar medalın bir addımlığında dayandılar. Komandanın göstərdiyi nəticələrdən razıyam, amma daha yaxşı çıxış üçün çalışmalıyıq. Qarşıda bizi böyük yarışlar gözləyir. Hədəfimiz hər turnirdə ölkəmizi layiqli şəkildə təmsil etmək, bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Bunu millidə yer alan hər boksçu dərk edir, uğurların davamını gətirmək üçün məşqlərdə səylə çalışırlar”.

Qeyd edək ki, Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirində Azərbaycan boksçuları 9 medal (4 qızıl, 4 bürünc, 1 gümüş) qazanıblar.

AzNews.az