Gəncədə də hərbi parad keçirildi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin Yaradılmasının 95-ci ildönümü Gəncədə də qeyd edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, N saylı hərbi hissədə şəhərin dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Hərbi hissənin komandiri Münasib Babayev, müdafiə naziri Səfər Əbiyevin hərbçilərə ünvanlandığı təbrik məktubunu oxuyub və ordunun tarixi barədə danışıb.

Komandir çıxışında qeyd edib ki, son illər ölkədə başqa sahələrə olduğu kimi ordu quruculuğuna diqqət daha da artıb, hərbçilərin rifah halı yaxşılaşdırılıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov Azərbaycan silahlı qüvvələrinin gücündən söz açaraq bildirib ki, hazırda ölkənin tam formalaşmış bir ordusu var.

Tədbirdə hərbiçilərə xidmətdə göstərdikləri uğura görə fəxri fərmanlar və Gəncə şəhər İcra Hakimiyyətinin hədiyyələri verilib.

Sonra şəhərin mərkəzində hərbi parad keçirilib.

AzNews.az