- Köhnə - Hadisə
- 19 Oktyabr 2013 09:05
- 3 991
Tikinti şirkətində külli miqdarda korrupsiya faktı: Təsisçi direktoru həbs etdirdi
Adi bir tikinti şirkətinin yol verdiyi korrupsiya faktları, saxtalaşdırma əməliyyatları – imzaların saxtalaşdırılması kimi əməllərin açılmasına isə o qədər də sıx rast gəlinmir.
Pozulan ortaqlıq nəticəsində "Kapitol" şirkətində baş verən və məhkəmə predmetinə çevrilən cinayət tərkibli əməllər üzə çıxıb.
Bu barədə AzNews.az-a şirkətin keçmiş ortağı Elmar Hacıyev danışıb. Elmar Hacıyev 1999-cu ildə "Kapitol" adlı tikinti şirkətində direktor vəzifəsində işə başlayıb. Lakin Nəsimi rayonu ərazisində bina tikintisi ilə məşğul olan şirkətin təsisçisi, dost və şərik saydığı Abbas Səfərovla çıxdığı ortaq yolda yalnız 2008-ci ilə qədər birgə yürüyə biliblər.
Firmada yeyinti olduğunu müşahidə etməyə başlayandan və bunun qarşısını ala bilmədiyini anlayandan sonra ortağıyla yollarını ayırmağa qərar verib. Payını isə ayırmağa tələsməyib. Ortağına audit keçirəcəyini və firmadan ayrılacağını deməklə kifayətlənib. Lakin hadisələrin sonrakı inkişafı göstərib ki, dostluqla bünövrəsi qoyulan ortaqlıqlar mütləq düşmənçiliklə pozulur.
Elə də olub. Elmar Hacıyev ağlına gəlməyən bir mənzərə ilə qarşılaşıb. Belə ki, onun xəbərdarlığı ortağını bəzi ehtiyat tədbirləri görməyə sövq edib. Həmin tədbirlərdən biri də əks iddianın ortaya çıxması olub. Elmar Hacıyevin özü ortaq vəsaiti mənimsəməkdə günahlandırılıb. Mənimsəmə iddiası ilə ittiham olunan Elmar, sonda həbs olunur: "Mən həbs olunanda məlum oldu ki, şirkətin xəzinə kitabı yoxdur. Mənim imzam olan xəzinə kitabını Abbas Səfərov baş mühasib Svetlana Yevsenyova ilə birlikdə oğurlayıb əvəzinə yeni xəzinə kitabı tərtib elədilər. Ona görə də nəyi satıb, nə qədər aldığımı və vəsaiti ödəyib-ödəmədiyimi sübut edə bilmədim".
Evləri satıb pulunu xəzinəyə qoymamaqda ittiham olunan Elmar Hacıyevin yeganə sübutu - onun imzası olan xəzinə kitabı oğurlandığından E.Hacıyev ona qarşı irəli sürülən iddianın əksini sübut edə bilməyib. 2 ilə yaxın davam edən araşdırma nəinki həqiqəti üzə çıxarıb, əksinə, Elmar Hacıyevin həbsdə qalması ilə nəticələnib.
Belə olduqda E. Hacıyevin yaxınları iddia olunan vəsaitin böyük bir qismini ödəməklə həbs müddətini azaltmağa və onun azadlığa çıxmasına nail olub. Bundan sonrakı mərhələdə Elmar Hacıyev korrupsiyadan tutmuş sənədlərin və imzaların saxtalaşdırılmasına qədər bir qrup cinayətkarlıq əməlini sübut etməlidir ki, ona vurulan maddi və mənəvi ziyanın ödənilməsinə nail ola bilsin. Artıq 2 aydır azadlıqda olan Elmar Hacıyev məhz bu istiqamətdə işə başlayıb.
O, ortağına qarşı qaldırdığı iddialarla gizlində qalan gerçəklikləri işıq üzünə çıxartmaq və bəraət almaqda qərarlıdır. Elmar Hacıyev AzNews.az-a açıqlamasında bildirib ki, ortağının ona xəyanəti 2005-2007-ci illərdən başlanıb: "Həmin vaxt tikinti işlərinin aparılması üçün şirkətə külli miqdarda pul lazım oldu. A. Səfərov daşınmaz əmlakın girov qoyulmasının tələb edildiyini dedi və məndən kömək istədi. Tanışlarımdan biri – Turan Mirzəyeva özünə məxsus əmlakı girov qoymağa razılıq verdi. A.Səfərov qısa müddətə krediti bağlayacağını vəd edib T. Mirzəyevanın əmlakına - Bakı şəhəri, İnşaatçılar prospekti 44 saylı evin 29 və 2 saylı mənzillərinə dair 25.06.2007 və 26.08.2007-ci il tarixli ipoteka müqavilələri bağladım. Lakin biznes fəaliyyəti üçün nəzərdə tutduğumuz vəsaiti Abbas Səfərov öz şəxsi məqsədləri üçün xərclədi. Xəbərdarlıqlarıma baxmayaraq, Abbas Səfərov alacaqları olduğunu əsas gətirib krediti ləngitməkdə davam etdi. Beləliklə, zərbə mənə dəydi. Həm bankla, həm də T.Mirzəyeva ilə münasibətlərimdə problemlər yaranmağa başladı. Abbas Səfərovun növbəti vədinə aldanıb, T.Mirzəyevanın adına olan borcu – ümumilikdə 1.171.378 manatlıq kredit borcunu ödədim. Hesab edirəm ki, A.Səfərov etibarımdan sui-istifadə edib və mənə külli miqdarda maddi ziyan vurub".
Elmar Hacıyevin ortağına göstərdiyi etimadın qarşılığında götürdüyü ziyan bununla bitməyib. Nəsimi rayonunda şəxsi vəsaiti ilə aldığı 1370 kvadrat metrlik sahə və onun yerində tikilən bina A.Səfərovun E.Hacıyevə olan borcunun 3 milyon manatadək artmasına səbəb olub: "Abbas Səhhət, Xan Şuşinski və F.Qasımzadə küçələrini əhatə edən 1370 kvadrat-metr ərazisi olan taxta sexini şəxsi vəsaitimlə aldım. Həm torpağa, həm də binanın tikintisinə vəsait xərclədim. Münasibətlər pozulandan sonra A.Səfərov həmin vəsaiti də mənə qaytarmadı. Bu vəsaitin qaytarılması və ya gəlirə yarıbayarı şərik olmağa iddialıyam. Bu iddiam da Nəsimi rayon məhkəməsində təmin olunub".
Elmar Hacıyevin sözlərinə görə, mənəvi ziyan öz yerində, hələlik ona vurulan maddi ziyanın ödənilməsinə çalışır. Bu məqsədlə artıq lazım olan addımlar da atılıb: "Hazırda məhkəmədə çoxsaylı iddialarım var. Bəzi iddialara baxılır, bəziləri üçün yenicə müraciət etmişəm. Nəsimi və Xəzər rayon prokurorluqlarında müraciətlərim, 3 məhkəmənin xüsusi qərarları var. A.Səfərovun barəsində cinayət işi açılması və araşdırma aparılması tələbi ilə işlər Bakı şəhər prokurorluğunun icraatındadır. Lakin 1 ildən artıq müddət keçməsinə baxmayaraq, işlərə lazımi qiymət verilməyib".
Elmar Hacıyev bir tikinti şirkətində baş alıb gedən istər korrupsiya faktlarının, istərsə də, də saxtalaşdırma əməliyyatlarının sübut olunmasının elə də çətin olmadığını bildirib: "Ədaləti bərpa etmək üçün istək olmalıdır. Mən çalışıram. Lakin prokurorluq və məhkəmələrdə həqiqətin üzə çıxarılması heç də asan deyil. Sübutlar lazımdır. Bundan başqa, adı çəkilən instansiyalarda da bu istək olmalıdır. Bakı şəhər prokurorluğunun icraatında olan məsələlərə münasibət ədalətin bərpa olunmasına olan ümidləri sarsıdır. Buna baxmayaraq, mübarizədən çəkilməyəcəm. Mənə vurulan həm maddi, həm də mənəvi ziyan ödənilməlidir".
Ruhiyyə
AzNews.az