- Köhnə - Hadisə
- 26 Sentyabr 2014 09:18
- 3 794
Azərbaycanla BMT növbəti 5 illik tərəfdaşlıq çərçivəsini təsdiq etdi
Bu gün Bakıda Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında növbəti beş illik üzrə tərəfdaşlıq çərçivəsinin (UNAPF) təsdiqetmə konfransı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə əsasən milli inkişaf prioritetlərinə nail olmaqla, UNAPF sənədində əks olunan başlıca sahələrin önəmli töhfəsini təmin edilməsi məsələsi müzakirə olunub.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan son 10 ildə güclü irəliləyiş əldə edib. "Bunu təkcə biz yox, bunu bir çox beynəlxalq təşkilatlar da təsdiqləyir. Bu imkan verir ki, Azərbaycan bütün beynəlxalq qurumlarla əməkdaşlığını genişləndirsin və yeni əməkdaşlıq pilləsinə başlasın. 2016-2020-ci illər üçün BMT ilə Azərbaycan arasında tərəfdaşlıq çərçivəsində olan əməkdaşlıq da bu inkişafdan irəli gəlir", - deyə nazir müavini qeyd edib.
"Azərbaycan 2020: Gələcəyə baxış" milli konsepsiyası barəsində danışan S. Həsənova qeyd edib ki, Azərbaycanda əsas siyasət insan kapitalının inkişaf etdirilməsidir: "Başlıca məqsəd, UNAPF sənədinin İlkin Nəticələr Cədvəlini (Monitorinq və Qiymətləndirmə çərçivəsi daxil olmaqla) tərəfdaşlar və maraqlı tərəflərlə müzakirə etmək və razılaşdırmaqdır.
Nazir müavini qeyd edib ki, UNAPF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlıq İnkişaf Konsepsiyası nəzərə alınmaqla hazırlanır.
BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk bildirib ki, 2016-2020-ci illəri əhatə edən bu sənədin imzalanması BMT və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirəcək, gələcək strateji prioritetləri müəyyən edəcək ki, bu da üç strateji sahəni özündə ehtiva edir: "Bu sahələrdən birincisi iqtisadi inkişaf və ölkədə iş yerlərinin sayının artırılmasıdır. İkinci sahə təşkilatı potensialın gücləndirilməsi və effektiv ictimai və sosial xidmətlərin aparılmasıdır. Üçüncü sahə isə ətraf mühit üzrə idarəçilik, təbii və antropogen fəlakətlərə qarşı dayanıqlığın təmin edilməsidir".
Konfransda həm də bu ilin dekabr ayının sonuna qədər bu sənədin formalaşdırılmasını yekunlaşdırmaq üçün UNAPF İstiqamətləndirici Komitəsinin və UNAPF Nəticələr Qrupları da daxil olmaqla, gələcək fəaliyyət fəaliyyəti müzakirə olunub.
Tədbirdə "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf konsepsiyası üzrə Milli Fəaliyyət Qrupu üzvləri, yüksək səviyyəli hökumət rəsmiləri, Milli Məclis üzvləri, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri, BMT agentlikləri nümayəndələri iştirak ediblər.