“Azərsu” ASC Abşeron rayonuna palçıqlı su verir. “Azərsu” ASC Abşeron rayonuna palçıqlı su verir.

Abşeron sakinlərinə təhlükəli su verilir – ŞOK (FOTO)

“Azərsu” ASC Abşeron rayonuna palçıqlı su verir.


Bu gün səhər saatlarında yağışın yağması ilə əlaqədar rayonun əksər yerlərində, xüsusən Xırdalan şəhərində sudan istifadə etmək mümkün olmayıb.

Sakinlər suyun lilli gəlməsini sübut etmək üçün şəkilləri çəkib AzNews.az-a göndəriblər. Sakinlərin dediyinə görə, bir balaca yağış yağan kimi bu cür vəziyyət yaranır. Suyun palçıqlı gəlməsini isə suyun təmizlənməmiş istifadəyə verilməsi göstərilir. Hətta bəzi sakinlərin dediyinə görə, texniki suyu içməli su kimi istifadəyə verirlər.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. ASC sözçüsü həmin şəkillərdən xəbərdar olduğunu desə də, onların həqiqəti əks etdirmədiyini bildirdi: "Həmin şəkillərin harada çəkilməsi məlum deyil. Ünvanı deyin gedək araşdıraq. Xırdalana lilli suyun verilməsi isə tamamilə mümkünsüzdür. Ola bilər ki, həmin sakinin öz boru xəttində problem olsun. Amma siz ünvanı desəniz mən şəxsən özüm bu məsələyə nəzarət edərəm. Heç bir abonentə o cur su verilə bilməz. Buna əmin ola bilərsiz".

Abşeron rayon Su Kanal İdarəsinin texniki Mirzə Eynalov isə Anar Cəbrayıllını təkzib edib. Onun sözlərinə görə, Şollar su xəttində qəza yarandığından sakinlərə müvəqqəti texniki su verilib (!). "Həmin xəttə qəza baş verdiyindən yalnız bu günlük sakinlərə göldən su verilib. Borular köhnə olduğundan həmin xətdə tez-tez qəza yaranır. Dünən güclü külək əsdiyindən gölün dibindəki torpağı tərpədib. Bu səbəbdən də göldən verilən su lilli olub. Biz bu təmizlənməmiş, texniki suyu ona görə verdik ki, müəyyən təmizlik işlərini apara bilsinlər. O su əlbəttə içmək üçün deyil. Bu barədə sakinlərə xəbərdarlıq etmişik. Problem artıq həll olunmaq üzrədir. Saat 5 radələrinə suyun verilişi bərpa olunacaq".




Gültəkin ƏLƏSGƏR
AzNews.az