- Köhnə - İdman
- 14 Aprel 2015 09:06
- 3 598
Azərbaycanın qadın atleti Avropa çempionu oldu - VİDEO
Azərbaycanın ağırlıqqaldırma üzrə qadın atleti, “Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.
AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, B.Kostova aprelin 13-də 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub.
O, birdən ağırlıqqaldırmada əvvəlcə 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb. Atletimiz bununla həm də iki yeni rekorda imza atıb. Belə ki, 105 kiloqramı başı üzərinə qaldırmaqla o, yeniyetmələr arasında, 109 kiloqramı qaldırmaqla isə böyüklər arasında Avropa üzrə yeni rekord müəyyən edib.
Atletimiz təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb. B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 246 kiloqramlıq nəticə göstərib.
Qızıl medalı atletimizə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan təqdim edib. Federasiyanın prezidenti həm parlaq qələbəsinə, həm də yeni rekordlara görə B.Kostovaya təbriklərini çatdırıb.
Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.
Avropa çempionu qələbə sevincini belə bölüşüb: "Avropa çempionu olduğuma görə çox sevinirəm. Bu, həm mənim, həm də klubumuzun qələbəsidir. Mən ilk növbədə Azərbaycanda idmanın inkişafı üçün yaratdığı şəraitə, biz idmançılara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdaram. Eyni zamanda, mənə göstərdikləri etimada və dəstəyə görə "Neftçi" klubunun rəhbərliyinə, məşqçilərimə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Avropa çempionu olmaqla kifayətlənməməliyik. Şəxsən mən dünya çempionatında iştirak etmək, orada qalib gəlmək istəyirəm. İstəyirəm, həm dünya çempionu olum, həm də yeni rekordlara imza atım. İnanıram ki, buna nail olacağam".