- Köhnə - İdman
- 24 Aprel 2015 09:38
- 1 985
Şəhriyar Məmmədyarov: “ABŞ şahmatçısı bizə “başağrısı” olub”
Şəmkirdə istirahət günündən sonra Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir yenidən start götürüb.
AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün 6-cı turun partiyaları oynanılıb. Turnirin lideri, dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Giri ilə sülh bağlayıb. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da heç-heçə oynayıblar. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Uesli So ilə, Rauf Məmmədov isə Vişvanatan Anand (Hindistan) ilə xalı bölüşüb.
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla bizə "başağrısı" olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir".
Əslən Fillipindən olan Uesli So isə nəticədən razı qaldığını vurğulayıb: "Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlər adama çox təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki rəqib rahat oynamağa imkan vermədi. Son üç turda qələbə qazanmağa çalışacağam. Turnirin qalibi olmaq üçün şansım az da olsa var. Ona görə mübarizə aparmaq lazımdır".
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.