- Köhnə - İdman
- 24 İyun 2015 13:24
- 14 933
“Biz xalq olaraq növbəti dəfə birləşdik” - Murad Dadaşov yazır
Bakı 2015-in su idmanı üzrə ulduz səfiri, şoumen Murad Dadaşov təmsil etdiyi idman növü və Birinci Avropa Oyunları barədə fikirlərini bölüşüb.
AzNews.az buro247.az saytına istinadən həmin fikirləri diqqətinizə çatdırır:
"İlk Avropa Oyunlarından yazanda möhtəşəm açılış mərasimini xatırlamamaq mümkün deyil. Əslində açılış mərasimi haqqında yazmaq çətindir. O anları hərflərin köməyilə təsvir etmək yox, yaşamaq lazım idi. Möhtəşəm Olimpiya Stadionu, 68 mindən çox tamaşaçı və əsrarəngiz açılış... Həmin gün dünya Azərbaycan tarixini, mədəniyyətini və gücünü gördü. Biz xalq olaraq növbəti dəfə birləşdik. İlk Avropa Oyunlarını da birgə keçirməklə qitənin yeni oyunlarının yaranmasında baş rolu oynadıq.
Ümumiyyətlə, Avropa Oyunları adi yarış deyil, bu möhtəşəm idman bayramıdır.
Sevinirəm ki, xalqımız bu bayramda yaxından iştirak edir. Su idman növləri üzrə səfir olsam da imkan daxilində bütün yarışları izləyirəm. İdmançılarımızın uğurlu çıxış etməsi məni təəccübləndirmir. Onlar doğma meydanda ikiqat əzmlə qələbə uğrunda yarışırlar. Avropa Oyunlarında yarışlara olan böyük maraq Azərbaycanda idmanın sevilməsini növbəti dəfə sübut edir.
Bəzi yarışlara biletlər Avropa Oyunları başlamazdan əvvəl alınıb. Mən hətta üzgüçülük növündə final gününə olan biletimi dostuma hədiyyə etməli oldum. Dostum üzgüçülüyə övladıyla getmək istəyirdi, amma bilet tapmırdı. Böyük məmnuniyyətlə onlara bu sevinc anlarını yaşatdım. İdman sağlamlıqdır, bu gün bütün xalqımız ilk Avropa Oyunlarında ölkəmizin necə güclü olduğunu nümayiş etdirdi.
Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün çox vacib və əhəmiyyətli hadisədir. Azərbaycan ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanın nəinki Avropaya, mən deyərdim ki, dünyaya tanınmasında bu, ən əhəmiyyətli hadisələrdən biridir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə heç də ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya hansısa bizim milli-mədəni mentalitetimizə uyğun olmayan hərəkətlər gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış olduq.
İlk Avropa Oyunları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı, Bakı-2015 Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevayla xalqımızı daha da birləşdirdi. Yarışlar zamanı cənab prezident mütəmadi olaraq ailəsiylə birgə idmançılarımıza dəstək olur. Onlara ruh yüksəkliyi verir. Xüsusilə bir məqama toxunmaq istərdim: taekvondo yarışlarında balaca Məhəmmədin ağlaması. İdmançımız bürünc medal uğrunda görüşlərdə məğlub olduğuna görə göz yaşlarını saxlaya bilmirdi. Cənab prezidentin taekvondoçuya zəng edərək dəstək olması böyük məna daşıyır. Məhəmməd özü də söylədi ki, bu zəngdən sonra o depressiyadan çıxmağı bacardı. Cənab prezidentin zəngi həmin idmançının məsuliyyətini də artırır. Başa düşür ki, onun karyerası hələ qarşıdadır. Məşq etməli və növbəti görüşlərdə daha yaxşı çıxış etməlidir.
İlk Avropa Oyunları təşkilatçılıq baxımından çox yüksək səviyyədə keçir. Hər bir detal nəzərə alınıb. Atletlər Kəndində idmançılarımız üçün hər cür şərait var. İdmançıların asudə vaxtının necə keçirilməsi nəzərə alınıb. Mən şəhərdə fəaliyyət göstərən "Azərbaycan Evi" məkanının rəhbəriyəm. Burada axşam saatlarında Avropa Oyunlarının iştirakçılarını və qonaqlarını salamlayırıq. Gərgin yarış günlərindən sonra nəticələri müzakirə edirik. Birgə dincəlirik, çox maraqlı və unudulmaz anlar yaşayırıq.
Avropa Oyunları həyəcanı getdikcə artır. Mən bütün xalqımızı bu oyunlarda yaxından iştirak etməyə dəvət edirəm. İyunun 28-də bağlanış mərasimi olacaq. Bizi yenə də möhtəşəm mərasim gözləyir. Həmin mərasimdə görüşmək ümidilə...".