- Müsahibə
- 15 Aprel 2021 16:41
- 20 275
“Özləri də, çağırışları da rədd olunmalıdır”- AMİP sədri Arzuxan Əlizadə ilə EKSKLÜZİV MÜSAHİBƏ
AMİP sədri: “Onsuz da gəlib-getməklə heç bir məsələni həll etmədilər”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin AzNews.az analitik-informasiya portalına eksklüziv müsahibəsi
- Cənab Əlizadə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günlərdə xüsusi bəyanatla çıxış etdilər. Bu bəyanatı və ümumilikdə MQ-nın fəaliyyətini sədri olduğunuz partiya necə qiymətləndirir?
- Biz hələ illər əvvəl partiya olaraq Minsk Qrupunun fəaliyyətindən narazı olduğumuzu bildirmişdik. Minsk Qrupundan imtina etməklə bağlı hələ 10 il bundan əvvəl çağırışlar etmişik. Konkret olaraq bildirim ki, 2011- ci ildə İctimai Palata formalaşmışdı və biz Minsk Qrupundan imtina edilməsi ilə bağlı həmin vaxt sənəd hazırlamışdıq. Sənədi Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə, eləcə də Azərbaycan və beynəlxalq ictimaiyyətinə ünvanlamışdıq. Minsk Qrupu faktiki olaraq fəaliyyətsizlik göstərməklə münaqişənin uzanmasında maraqlı idi və onun münasibəti Azərbaycan torpaqlarının işğalının rəsmiləşdirilməsinə aparırdı. Təəsssüflər olsun ki, həmin vaxtı müxalif camiədə olan partiyaların böyük əksəriyyəti Avropa ilə münasibətləri pozmamaq üçün sözügedən sənədin altına imza qoymaqdan çəkindilər. Biz isə bütün bunlara baxmayaraq, həmin sənədi rəsmi şəkildə təqdim etdik. 44 günlük müharibədən sonra faktiki olaraq Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz BMT-nin dörd və Avropa Şurasının işğal altında olan ərazilərlə bağlı bir sıra sənədlərini, qətnamələrini icra etmiş oldular. Torpaqlarımız yağı düşməndən azad edildi. Artıq ölkə rəhbərliyinin səviyyəsində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac olmadığı barədə fikir səsləndirilib. Bildiyimiz kimi, müharibədən dərhal sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər etmişdilər. Azərbaycan Prezidenti çox haqlı olaraq onları dəvət etmədiyini bildirdi. Son bəyanatın kökündə isə o durur ki, həmsədrlər yenidən bölgəyə səfərlər etmək məqsədi güdür. Həmçinin sənəddə “Dağlıq Qarabağ” ifadəsi səsləndirilir. Halbuki, “Dağlıq Qarabağ” ifadəsini səsləndirmək düzgün deyil. Yəni onlar Qarabağın dağlıq hissəsi və ətraf bölgələr daxil olmaqla bura işgüzar səfərlər etməyi düşünürlər. Sadə dillə desək, yenə də turist səfərlərinə çıxmaq istəyirlər.
- Yeri gəlmişkən, ATƏT-in MQ-nun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamaları da onların Azərbaycana illərcə turist kimi gəlib- getdiyindən xəbər vermirmi?
- Onsuz da gəlib-getməklə heç bir məsələni həll etmədilər. Məqsəd, sadəcə gündəmdə qalmaq, həmin missiyanın statusundan istifadə edərək əlavə maddiyyat qazanmaq idi. Bilirsiniz ki, komissiyanın nümayəndələri maliyyələşdirilir. Azərbaycan bununla bağlı mövqeyini bildirib. Mənim şəxsi mövqeyim də bundan ibarətdir ki, ümumiyyətlə, ATƏT-in Minks Qrupunun fəaliyyətindən təmamilə imtina edilsin və bu siyasət sonadək davam etdirilsin. Azərbaycan öz ordusunun, xalqının gücünə işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Sülhün qorunub- saxlanılması, dayanıqlı olması üçün əgər hansısa addımlar atacaqlarsa, ATƏT-in Minsk Qrupu bütün səylərini Ermənistan tərəfə yönəltməlidir. Çünki, Ermənistan revanşist hisslərlə yaşayır. Ermənilər ərazi iddialarından əl çəkməli olduqlarını beynəlxalq ictimaiyyət arasında səsləndirməlidirlər. Əgər bunu edəcəklərsə, Minsk Qrupunun fəaliyyəti ilə bağlı bizim hansısa müsbət fikirlərimiz ola bilər. Əks halda, əvvələr olduğu kimi, “tərəfləri sülhə çağırmaq” faktiki olaraq erməni dəyirmanına sü tökməkdir.
- Yenə də Hoqlandın müsahibəsinə qayıdaq. Keçmiş həmsədrin açıqlamalarından da görünür ki, MQ 30 ildə heç bir iş görməyib, aktiv fəaliyyət görüntüsü yaradıb, münaqişənin həlli istiqamətində bir addım da atılmayıb. İndi nə istəyirlər?
- Son bəyanatda məsələyə məqsədli yanaşılıb. Məqsəd və fəaliyyətləri yalnız erməni tərəfə dəstək verməkdən ibarət olub. Sülhün dayanıqlı olması, status- kvonun qorunub- saxlanılması Azərbaycanın ziyanına işləyən məsələ idi. Həmsədr ölkələr birmənalı şəkildə müddət uzandıqca işğal olunmuş əraziləri hüquqi cəhətdən rəsmiləşdirərək ermənilərin, separatçıların ixtiyarına vermək istəyirdilər. ATƏT-in Minks Qrupunun fəaliyyəti yalnız bundan ibarət olub. Ona görə də bu gün onların çabalamalarının səbəbi ermənilərə və separatçılara dəstək verə bilməməkləri, məqsədlərinə çata bilməməkləridir. Təbii olaraq onlar bu gün hazırkı durumdan narazı və narahatdırlar. Yenidən öz missiyalarını qabardaraq hansısa dəstək vermək fiki güdürlər. Ona görə də onların heç bir fəaliyyəti qəbulolunmazdır. Yenə qeyd edirəm ki, onların fəaliyyətini o zaman qəbul edərik ki, ermənilərə yönəlik fikirlər səsləndirsinlər, ermənilər öz torpaq iddialarından əl çəkib, geri otursunlar. Qarabağın dağlıq hissəsində sülhməramlı adlandırılan qüvvələr bu gün erməni əhalisini gətirib məskunlaşdırırlar, onlara bildirsinlər ki, Azərbaycan ərazisində yaşayırsınız, vətəndaşlığı qəbul etməli və Azərbaycan qanunlarına riayiət etməlisiniz. Minsk Qurupu bu tip çağırışlar edəcəksə, qəbul olunandır. Əgər tərəflərə yönəlik təzyiq çağırışları olacaqsa, birmənalı olaraq, onların özləri də, çağırışları da rədd olunmalıdır. Həmçinin həmin qurumun bölgəyə səfərləri düşünürəm ki, baş tutmamalıdır.
- Bəyanatda mədəni abidələrlə bağlı iddialar da var. Axı vaxtilə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi, lakin qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görmədilər. İndi niyə belə canfəşanlıq edirlər?
- Bəli, bəyanatda mədəni və dini abidələrlə bağlı bənd var. Onun əvəzinə məlum bəyanatda desəydilər ki, işğal dövründə həmin ərazilərdə ermənilər dini və mədəni abidələri yerlə- yeksan ediblər, o zaman onların fikrini səmimi qəbul etmək olardı. Yoxsa mücərrəd fikir səsləndirmək beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Çünki, burada abidələrin kimin tərəfindən dağıdılması sualı yaranır ki, bu da ikili rəy yarada bilər. Yəni abidələr görəsən Azərbaycan tərəfindən müharibə zamanı dağıdılıb, ya necə? Aydın deyilməlidir ki, işğal dövründə abidələrimiz, qəbiristanlıqlarımız, evlərimiz ermənilər tərəfindən dağıdılıb. ATƏT-in Minsk Qrupunun səlahiyyəti dövründə bütün bunlara gözləri kor olmuşdu. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 63 məscid və bir çox tarixi- mədəni abidələr ermənilər tərəfindən vandalcasına yerlə- yeksan olunub. ATƏT-in heyəti bir dəfə də olsun buna görə münasibət bildirməyib. Ümumiyyətlə, verilən son bəyanatda çox sayda zərərli fikirlər var. Bəyanatda bir sıra bəndlər var ki, onların cavabları verilməlidir. Məsələn, beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla Qarabağa giriş məhdudiyyətinin götürülməsi istənilir. Hansı təşkilatların Azərbaycana gəlib-getməsi ilə bağlı Azərbaycan özü qərar verir. Bununçün ATƏT və digər təşkilatlar göstəriş, tövsiyyə verə bilməz, cavabdehlik daşımır.
- ABŞ, Fransa və Rusiya həmsədr postuna da çox vaxt ölkələrində onuncu dərəcəli, nüfuzu olmayan, bir çox hallarda məsələnin mahiyyətini bilməyən diplomatları təyin edirdi. Bu onların məsələyə barmaqarası yanaşdıqlarının göstəricisi deyildimi?
- Bəli, düz vurğulayırsınız. Bu postlardan keçmək siyasi karyera üçün önəmli idi. Həmin şəxslər həm beləcə səfərlər ediblər, həm də 5 ulduzlu otellərdə qalıblar. Bir sözlə həmin diplomatlar ancaq baş aldatmaqla məşğul olublar. Qrupun 30 il ərzində hansısa məsələdə rolları olmayıb ki, biz də onların fəaliyyəti barəsində nəsə müsbət söz deyə bilək. Beynəlxalq hüququ əsas götürərək deyə bilərik ki, ATƏT-in Minsk Qrupu adlandırılan qurum indiyədək Qarabağ mövzusunda heç bir fəaliyyət göstərməyib, bölgəyə, deyildiyi kimi, ancaq turist səfərləri edib.
- MQ-nun dünənki bəyanatı Ermənistanda revanşizmin baş qaldırmasına xidmət etmirmi?
- Mən də belə hesab edirəm ki, Minsk Qrupunun indiki dönəmdə verdiyi bəyanat və bəyanatın bəndləri bu gün Ermənistan və Qarabağın dağlıq hissəsində separatçı rejimin qalan rəhbərliyinə, onların revanşist fikirlərinə, ermənilərə dəstək vermək məqsədi daşıyır. Hazırkı dönəmdə Minsk qrupunun belə bəyanatla üzə çıxması belə məqsəd güdür.
- Bir sıra müşahidəçilərin fikrincə, əks tərəfdə- Ermənistanda xaosdur, Paşinyan dövləti idarə etməkdə çətinlik çəkir, ölkə daxilində vəziyyət son dərəcə qeyri-stabildir. Azərbaycan nəyə görə yenidən lazımsız və predmetsiz danışıqlar aparmalıdır?
- Ermənistanla yalnız 10 noyabr bəyannaməsində qeyd olunmuş müddəalarla bağlı danışıqlar aparmaq olar. Burada kommunikasiyaların, xüsusən Zəngəzur dəhlizinin açılması, eləcə də “sülhməramlı” adlandırılan hərbi qüvvələrin oradan çıxarılması ilə bağlı danışıqlar aparıla bilər. Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi ilə bağlı addımlar ola bilər. Azərbaycan vətəndaşı olmayan separatçı rejimin rəbərləri və dəstəkçiləri Azərbaycan ərazilərini tərk etməlidirlər. Mövzunun predmeti ancaq bunlar ola bilər. Ermənilər kommunikasiyaların açılmasınının xeyirlərinə olduğunu, iqtisadi vəziyyətlərini yaxşılaşdıracağını başa düşməlidirlər. Əgər bu kimi təklifləri anlamayacaqlarsa, Azərbaycanın məşhur “dəmir yumruğu” işə düşə bilər. Onların ağıllarını başlarına gərirmək üçün bizim kifayət qədər imkanlarımız var.
- Cənab Əlizadə, bir halda ki, Prezidentin dediyi kimi, münaqişə bitib, BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Həmsədrlər yenidən səfərlərə başlayıb nəyi həll etmək istəyirlər?
- Həmsədr ölkələri narahat edən məsələ həm də regionda Türkiyənin üstünlüyü ələ almasıdır. Türkiyə ilə bərabər Azərbaycanın da regionda güclənməsi sözügedən ölkələri narahat edir. Ona görə də həmsədr ölkələr ilk növbədə bölgədə siyasi mövcudluqlarını bərpa etmək məqsədi güdürlər.
- Rusiyalı həmsədr də bəyanata imza atıb. Sizcə o, bəyanata imza atarkən regionda tam yeni bir reallıq yarandığını və onun ölkəsinin sülhməramlılarının Dağlıq Qarabağda olduğunu unutmayıbmı?
- Məncə, xeyr, unutmayıb! Bu da bir növ təzyiq və təsir vasitəsidir. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən asılı olmayaraq, Rusiya bölgədə öz nüfuzunu və gücünü qoruyub saxlamaq istəyir.
- Bəs, Fransa?
- Təbii olaraq Fransa da bunu başa düşür. Bilirsiniz, Fransa prezidenti Makronun zərərli fikirləri var. Onlar ermənilərə dəstək verməkdən imtina etmirlər. Fransanın Ermənistandakı səfirinin səsləndirdiyi bəzi fikirlərə isə, artıq Azərbaycan tərəfindən qarşılıq verilib.
Şəlalə Babayeva,
AzNews.az