"Peşəkar bəstəkar olmaq üçün yaxşı təhsil lazımdır" - Aydan Əliyeva

AzNews.az-ın bu dəfəki müsahibi bir çox uğurlara imza atan, beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Aydan Əliyevadır.

- Aydan xanım, əvvəla musiqiyə gəlişiniz, bəstəkarlıq sənətini seçməniz barədə bir az danışmağınızı istərdik.

- Mən musiqini uşaq vaxtından sevirdim. Həmişə televizorda pianoçuların çıxışlarını izləyirdim. Atam görüb ki, pianoçuların çıxışlarını maraqla izləyirəm, buna görə 10 yaşımda evimizə piano alıb. Pianoda ifa etməyə başladım. Atam məni musiqi məktəbinə apardı. Mərdəkanda 17 saylı musiqi məktəbində musiqi duyumumu yoxladılar. Əvvəlcə atama dedilər ki, bu qızın çox yaxşı səsi var, qoy oxumağın dalınca getsin. Səsim var idi, ancaq oxumağı mənə heç kim öyrətməmişdi. Beləcə, Mərdəkanda musiqi məktəbində İnarə müəllim dedi ki, bəs, bu qızı xanəndəliyə qoyun, lakin mən inkişafa və təhsilə görə fortepianonu seçdim. Məni musiqi məktəbinə pianist kimi götürdülər və orada 5 il təhsil aldım.

- Bəstəkarlıq qabiliyyətinizi nə zaman kəşf etdiniz və ilk işiniz hansı mahnı oldu?

- Mən ruhumu, özümü bəstəkarlıq sənətində tapdım. Həqiqətən də musiqi bəstələyərkən özümlə sənətim arasında çox böyük bir bağlılıq, qüvvə görürəm. 12 yaşım olanda fortepianoda özüm üçün məşq, ifa edirdim. O musiqini atam uzaqdan eşidərək yanıma gəlib soruşdu ki, bu musiqini kim yazıb? Dedim ki, özüm bəstələdim, elə bil, ağlıma gəldi. Atam bir qədər təəccübləndi. Dedi ki, bu artıq bəstəkarlıq istedadıdır. İndiyə kimi o musiqi hələ də yadımdadır. Musiqinin adını da “Payız nəğməsi” qoymuşdum. Səhər "bəstə"ni apardım fortepiano müəllimim Lüdmila xanımın yanına. Yarı yumor, yarı təəccüblə qarşıladı ki, nə yaxşı musiqi bəstələyirsən. Əslində o vaxtdan bəstəkar olmaq istəyirdim. Lakin heç vaxt təsəvvür etməzdim ki, günlərin bir günü Asəf Zeynallı adına Musiqi Kollecini bitirdikdən sonra Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olunaram. 17 saylı musiqi məktəbini fortepianoçu kimi bitirərək Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Orada dövlət sifarişi ilə pianoçu ixtisası üzrə dörd il oxudum. Eyni zamanda da fakültativ ixtisas olaraq muğamatı götürdüm. Azərbaycanın xalq artistləri, gözəl sənətkarlar Gülyaz və Gülyanaq Məmmədovadan muğamı öyrəndim. Təhsil aldım və əsas ixtisasda pianoçu olaraq bitirdim. Mən sənədlərimi Bakı Musiqi Akademiyasına verdim və arzuladığım ixtisasa, bəstəkarlıq fakültəsinə daxil oldum. 4 il bakalavr, 1 il yarım isə magistratura təhsili aldım. İmtahanı Aydın Əzimov və keçmiş kafedra müdiri, görkəmli xalq artisti, bəstəkar, dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletinin müəllifi Arif Məlikov götürmüşdü.

- Sizə görə, bəstəkarlıqda vacib və çətin amillər hansılardır?

- Bəstəkar əvvəlcə psixoloq olmalıdır. Bəstəkar psixologiyanı, fəlsəfəni, obrazı, aktyorluğu bilməlidir. Bəstəkar musiqini yazanda bunu nə üçün, kim üçün, hansı yer üçün yazır? Əgər bəstəkar bunu film üçün yazırsa, mütləq burada hər bir hadisənin xarakterinə uyğun musiqi bəstələməlidir. Əgər konkret müğənni üçün mahnı yazırsa, o müğənninin tərzini bilməlidir. Mahnının sözlərini seçəndə diqqətli olmalıdır. Mənə görə, professional bəstəkar olmaq üçün birinci növbədə yaxşı təhsil olmalıdır. Bu sahəyə xüsusi eşqin, həvəsin olması çox vacibdir. Əgər bu eşq varsa, sənin artıq öyrənmək üçün də həvəsin və səbrin olacaq.

- İstər klassiklərdən olsun, istərsə indikilərdən, hansı bəstəkarı öz ruhunuza yaxın hesab edirsiniz?

- Hər janrda musiqi dinləyirəm. İstər rep olsun, istər müasir dövrümüzdəki elektron musiqi, hamısını dinləyirəm. Çox istəyərəm ki, kino musiqisində özümü sınayım. Hazırda tamaşalara musiqi yazıram. Ruhuma yaxın hər bir anın öz musiqi ab-havası, atmosferi var. Əgər gərgin vaxtımdırsa, melanxolik musiqi dinləyəcəm. Əgər şən əhvaldayamsa, təbii ki, mərsiyə dinləmək istəmərəm. İstəyərəm ki, pozitiv bir əsər, musiqi dinləyim. Ancaq sizə deyim ki, son dövrlərdə hər şey qarışıb. Azərbaycan klassiklərindən öz ruhuma yaxın Qara Qarayev və Fikrət Əmirovu hesab edirəm. Avropadan isə ən sevdiyim, ən çox qulaq asdığım bəstəkarlar arasında Jozef Hayd, Bethoven kimi dahilər var. Motsartın, Ferens Listin, Şopenin dünya çapında özünəməxsus yeri var, bu bəllidir. Şopeni çox sevirəm. Şopenin əsərlərini ifa edəndə, gerçəkdən çox zövq alıram.

- Sizcə, hazırda insanların musiqi zövqü nələri tələb edir?

- İndiki dövr çox qarışıqdır. Sosial platformalar, digital platformalar, texnoloji saytlar var. Bayağı musiqiyə baxış sayı dəhşət çoxdur, klassik musiqini 100-200 nəfərdən çox heç kim dinləmir. Yeni proqram çıxıb, süni intellektə sözləri yazırsan, o sözlərə musiqi bəstələyir. Saxtakar bəstəkarlar bu proqramdan istifadə edib sosial şəbəkələrdə paylaşırlar, insanları aldadırlar. İndiki dövr minimalizm dövrüdür. Savadlı və ağıllı şəkildə elə musiqi yazmaq lazımdır ki, həm minimal, həm də sadə olsun.

- İstənilən ifaçı ilə çalışa bilirsinizmi, yoxsa bu mövzuda özünəməxsus qaydalarınız var?

Bəli, çalışa bilirəm. Əslində asandır, çünki mənim bütün musiqi əsərlərim Azərbaycan Müəllif hüquqları agentliyi tərəfindən qorunur. Nə yaxşı ki qorunur, çünki rahat şəkildə təsdiq olunduqda sonra ifaçılara ilkin variant mahnını göndərə bilirəm. Həmçinin qeyd edim ki, bəstəkarın musiqi əsəri onun əqli mülki sayılır və bəstəkar öz beyninin məhsuluna özü öz şərtlərini qoya bilir. Şərtlər ifaçı lazımi qonorarı ödəməsə dəyişir. Həmin mahnı geri də götürülə bilir, başqa şəxsə də satıla bilir.

- Gələcəklə bağlı planlarınız nədir? Sizi sevənlərə nə demək istərdiniz?

- Müəllimim, görkəmli bəstəkar, xalq artisti Arif Məlikov həmişə bizə deyərdi ki, siz indi bir işlə məşğul olursunuzsa, bu sizin bəlli bir yerə gəldiyiniz demək deyil. Yaxın beş ildən sonra məlum olacaq ki haradasınız, deyərdi. Gələcəklə bağlı planlarım odur ki, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda da təmsil edim. “Qarabağ” simfonik poemam var, özümə arzu edirəm ki, böyük səhnələrdə onun səslənməsini görüm.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması​ sahəsi üzrə hazırlanmışdır.

image description image description image description image description image description image description image description image description image description image description