“Cəmiyyətdə qorxu, nifrət və qisas hissinin yayılmasına imkan verməməliyik”- Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Suriyada baş verənlər barədə fikrinizi bilmək istərdik...

- Öz xalqına və rəqiblərinə qarşı ağır cinayətlər törətmiş bir diktatura rejiminin çöküşü hər bir halda müsbət hadisədir. Onu görə xalqımızın və sivil dünyanın sevinc dolu reaksiyası başa düşülən olmalıdır. Baş verənlər həm də Türkiyənin böyük qalibiyyətidir. Amma demokratik cəmiyyət qurmağa hazır olmayan bir cəmiyyət, Liviya nümunəsi göz önündədir, bundan sonra daha hansı ağrı-acıları yaşayacaq, hansı problemlərlə üzləşəcək, bunu söyləmək çətindir. Suriyanın ərazi bütövlüyünü və unitar dövlət modelini qoruyub saxlamaq çətin ki, mümkün olsun. Yaxşı halda Suriya federallaşacaq. Düşünürəm, Əsəd rejiminin devrilməsi regionda marağı olan dövlətlərin hamısının mənafelərinə cavab verirdi. Onlar arasında öncədən hansısa razılaşmaların əldə olunması da açıq-aydın sezilirdi. Ukraynada ağır müharibə aparan Rusiyanın Suriyada iki hərbi baza saxlaması onun imkanları xaricində idi. Rusiya indi həm maliyyə vəsaitlərinə qənaət edəcək, həm də Suriyadakı hərbi hissələri Ukraynada müharibəyə cəlb edəcək. İranın da neft gəlirlərinin azalması perspektivində iqtisadi durumu və maliyyə imkanları yol vermir ki, proksi qüvvələr və dövlətlər saxlasın. Xüsusilə də həmin qüvvələrin İsrail tərəfindən darmadağın edilməsindən sonra onlara maliyyə ayırmağın faydası qalmayıb. İran çalışır ki, Qərblə münasibətləri yumşaldıb müharibədən yayınsın və Qərbin ona tətbiq etdiyi sanksiyaları aradan qaldırsın. İsrail də Suriyada rejimin çöküşü, İranın bölgədən uzaqlaşması, öz problemləri ilə məşğul olması ilə xeyli dərəcədə rahat nəfəs alacaq. Qardaş Türkiyə də bölgədə nüfuzunu artırmaqla yanaşı 3 milyondan artıq suriyalı qaçqını geri qaytaracaq, həm də öz sərhədlərinin təhlükəsizliyini təmin etmiş olacaq. ABŞ isə regionda iştirakını və mövcudluğunu qoruyub saxlamaq üçün, İraqdakı kimi, kürdlərin muxtariyyət almasına çalışacaq. Suriya xalqının hansısa azadlıqlar, əmin-amanlıq və rifah əldə edib- etməməsini isə yaxın zamanlarda biləcəyik.

- Qüdrət bəy, Notr-Dam kilsəsi yanğından sonra 5 il ərazində təmir olundu və dünən Parisdə 50-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə yenidən açılışı oldu. Tədbirə qatılan Paşinyan Makron və Trampla görüşdü. Bu barədə nə deyə bilərsiniz?

- Ora dəvət olunanlar əsasən xristian ölkələrin başçıları idi. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla, bir çox müsəlman ölkələri və müsəlmanlar da tarixi abidə kimi onun təmirinə pul ayırmışdı. Çoxları bunu tarixi abidənin bərpa edilməsindən daha çox nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransaya xoş gəlmək üçün etmişdi, acı reallıq budur. 65 ölkə, 340 min donor 845 milyon avro ianə etmişdi ki, bunun yalnız 700 milyonu təmir işlərinə xərclənib. Fransa dövləti zəngin olsa da büdcədən bir manat belə xərcləmədi. Amma Azərbaycanın erməni işğalçıları tərəfindən dağıdılmış yüzlərlə şəhər və qəsəbəsinin bərpasına Qərb ölkələri yardım etmədi və etmir.
Paşinyan, əvvəllər olduğu kimi, Qərb ölkələrində olan islamafobiyadan və xristian həmrəyliyindən, təəssübkeşliyindən faydalanmaq isəyir. Onun Trampala görüşünü də Makron təşkil edib. Trampın seçkiqabağı anti-Azərbaycan, ermənilərin könlünü oxşamağa yönələn çıxışları da görünür onu ümidləndirib.1987-ci ilin noyabrında Qorbaçovun müşaviri Abel Aqambekyan Qarabağdakı erməni separatçılarına “başlayın” göstərişini də Fransada erməni diasporası ilə görüşdə vermiş, Fransanın “Humanite” qəzetinə Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi barədə danışmışdı. Birinci Qarabağ savaşı zamanı ermənilər Qərbin və Qərbin də güclü təsiri ilə Rusiyanın tam dəstəyini alaraq torpaqlarımızı işğal etdi. İndi də Paşinyan çalışır ki, sülhdən bacardıqca çox danışsın, həm Ermənistanı sülhpərvər göstərsin, həm vaxt udub ordunu silahlandırsın, həm də revanşist müharibəyə başlayacaqları zaman Azərbaycanı təcavüzdə ittham edib sivil dünyanın təzyiqi ilə üz-üzə qoysun. Həmişə deyirəm ki, onlar Rusiyanın Ukraynada məğlubiyyətini gözləyirlər. Ümid edirlər ki, Rusiya kollektiv Qərbə qalib gələ biləməyəcək və çökəcək. Özləri hazırda sanksiyalardan yayınaraq Rusiyanı hərbi sənayedə istifadə olunan ikili təyinatlı məhsullarla təchiz edib milyardlarla dollar qazansalar da, bunun ruslara bir faydasının olmayacağını düşünürlər, bizi isə Rusiyanın hərbi-siyasi müttəfiqi kimi təqdim edib Rusiya ilə birlikdə “cəzalandırmaq” istəyirlər. Onların bu istəkləri xəyal olaraq qalacaq.

- Ermənistan atəşkəsi pozub Azərbaycana Qərbin sanksiyalar tətbiq etməsinə nail ola bilərmi?

- Belə bir cəhdin edilməsi ehtimalı böyükdür. Qərbdəki ermənipərst dairələr çalışırlar ki, müsəlman Azərbaycan Respublikasını insan hüquq və azadlıqlarının olmadığı diktatura ölkəsi kimi təqdim edib, bizə “erməniləri Qarabağdan qovaraq etnik təmizləmə həyata keçiriblər”,- ittıhamı ilə, həm də Rusiyanın müttəfiqi kimi sanksiyaların tətbiqinə nail olsunlar. Çalışmalıyıq ki, müdrik və çevik, balanslaşdırılmış xarici siyasəti davam etdirək, həyati əhəmiyyət daşıyan məsələlər olmadıqda, dövlətin maraqları naminə bir addım geri qoymağı bacaraq. Qərblə qarşıdurmadan yayınmağa çalışmalıyıq. İqtisadiyyatımız neft gəlirlərindən asılı olduğundan və neft pulları əsasən Qərbdə saxlanıldığından bu sektora sanksiyaların tətbiq olunması, pulların dondurulması bizi ciddi maliyyə problemləri ilə üz-üzə qoya bilər. Azərbaycan qardaş Türkiyə ilə iqtisadi və hərbi sferada daha sıx inteqrasiyaya can atmalı, iqtisadiyyatımızın daha da gücləndirilməsi üçün islahatlar həyata keçirməlidir. Azərbyacan Rusiyanın Trampa güclü təsirinin olmasını da nəzərə almalıdır.
Bununla yanaşı, hüquqi islahatlar genişləndirilməli, cəmiyyətdə qorxu, nifrət və qisas hissinin yayılmasına imkan verməməliyik. Qarşılıqlı anlaşma və hörmət əsasında birgəyaşayış üçün əlavə addımlar atmalı, amnistiya və əfvetmə haqqında qanun qəbul etməliyik. Prezidentin yalnız məhkum olunmuş şəxsləri yox, həm də cinayət məsuliyyətinə cəlb olunmuş şəxsləri əfv etmək səlahiyyəti olmalıdır. Amnistiya aktı ilə bu mümkündürsə, əfvetmə aktı ilə də bu mümkün olmalıdır. Konstitusiyada da bununla bağlı heç bir məhdudiyyət yoxdur.

- Trampın prezident seçilməsindən bir ay keçdi. Ukraynada tezliklə sülhə nail olmaq mümkün olacaqmı?

- Tramp güclü liderlərə və böyük dövlətlərə hörmət edir, dünyanı onlarla nüfuz dairələrinə bölməyə hazırdı. Ona görə o, vəzifələrinin icrasına başlayan kimi Ukraynanı alçaldıcı sülhə, əslində kapitulyasiyaya məcbur edəcək. Putin də, Tramp öz xalqı qarşısında sifətini qoruyub saxlaya bilsin deyə, özünü elə aparacaq ki, guya o da əvvəlki tələblərindən hardasa güzəştə getdi. Böyük ehtimalla Ukrayna Rusiya ilə Qərb arasında bölünəcək. Təəssüf ki, Zelenskinin və Ukrayna xalqının edə biləcəyi çox az şey qalıb.