- Müsahibə
- 17 Fevral 20:30
- 4 827
"Psixoloji hazırlıq bu yarışda çox böyük rol oynayırdı"- Qrossmeyster Gövhər Beydullayeva

AzNews.az analitik-informasiya portalının suallarını şahmat üzrə ikiqat dünya və Avropa çempionu qrossmeyster Gövhər Beydullayeva cavablayır.
- Gövhər, bu ilki Azərbaycan çempionatı ölkədə şahmatın inkişafında Sizcə necə rol oynayacaq?
- Bu il, digər illərdən fərqli olaraq, Azərbaycan çempionatı knock-out sistemi ilə keçirildi və həm qadınların, həm də kişilərin yarışında ölkənin ən qabaqcıl şahmatçıları iştirak etdilər. Yarışın bu formatı haqqında demək istəyirəm ki, maraqlı bir sistemdir, oyunlara fərqlilik və rəngarənglik qatır. Lakin düşünmürəm ki, ən güclünü seçmək üçün ən düzgün sistemdir. Çünki şahmatçılar üçün gərginlik qaçılmaz oldu, bəzi şahmatçıların gözlənilməz səhvləri isə, yarışı erkən tərk etmələrinə gətirib çıxardı. Həm kişilərdə, həm də qadınlarda bir sıra güclü şahmatçılarımız ilk mərhələlərdə turnirlə vidalaşmalı oldular. Bu sistem həm də şahmatçılarda mübarizənin artmasına şərait yaratdı, çünki hər matçın bir qalibi olmalı idi və sən qalib gəlməsən, qarşındakı sənə qalib gələcəkdi. Buna görə də hər bir şahmatçı daha yaxşı mübarizə aparmağa və qalib olmağa çalışırdı. Bu ilki yarış Şahmat Federasiyamız tərəfindən çox yüksək səviyyədə keçirildi. Yarışın işıqlandırılması da üst səviyyədə idi. İzləyicilərin ölkənin ən güclü şahmatçılarının oyunlarını yaxından izləmək və onlarla şəkil çəkdirmək imkanının olması təşkilatçılar tərəfindən çox yaxşı bir addım idi. Uşaq və gənclərin, örnək götürdüyü şahmatçıların oyunlarına yaxından tamaşa etməsi, onlar üçün böyük motivasiya doğura bilər. Əgər bu çempionat bu səviyyədə və daha yüksək səviyyədə keçirilməyə davam edərsə, düşünürəm ki, ölkəmizdə şahmat inkişafı davam edəcək.
- Şahmatçılar bu çempionata necə hazırlaşmışdı? Hansı əsas strategiya və metodlardan istifadə etdilər?
- Bildiyiniz kimi, bu yarışda həm kişi, həm də qadın milli yığmamızın üzvləri, eləcə də digər gənc şahmatçılarımız iştirak edirdi. Yarışdan göründüyü kimi, milli yığmanın üzvləri turnirə yüksək səviyyədə hazırlaşmışdılar. Bu turnirdə təkcə klassik şahmat deyil, həm də rapid şahmat növünə güclü hazırlıq tələb olunurdu. Klassik oyunlar bərabərliklə bitdikdə qalibi rapid oyunları müəyyən edirdi. Bundan əlavə, psixoloji hazırlıq bu yarışda çox böyük rol oynayırdı. Daha dözümlü olanın qalib gəlmək şansı daha yüksək idi.
- Çempionat gənc şahmatçılar üçün nə dərəcədə imkanlar yarada bilər? Gələcək ulduzların yetişməsinə hansı töhfələr verir?
- Gənc şahmatçılarımızın ölkənin ən güclü şahmatçıları ilə mini matçlar oynamasının onların gələcək şahmat karyeralarına böyük töhfə verəcəyinə əminəm. Lakin düşünürəm ki, turnir İsveçrə sistemi üzrə keçirilsəydi (yəni xalı bərabər olanlar bir-biri ilə oynasaydı) və uduzan şahmatçı yarışdan uzaqlaşmasaydı, gənc şahmatçılarımız yarışın sonuna qədər güclü rəqiblərlə mübarizə aparmaq imkanı əldə edərdilər. Bu da onların inkişafına daha müsbət təsir göstərə bilərdi. Knock-out sistemi isə, fikrimcə, daha çox təcrübəli şahmatçılar üçün əlverişli oldu.
- Azərbaycan çempionatı beynəlxalq arenada necə tanınır? Bu turnir dünya şahmat səhnəsində hansı təsirə malikdir?
- Düşünürəm ki, ölkə çempionatlarını müqayisə etsək, bizim çempionat bir çox ölkənin çempionatından daha yüksək səviyyədə təşkil olundu və daha geniş şəkildə işıqlandırıldı.
- Çempionatın izləyicilər arasında populyarlığı necədir? Daha geniş auditoriyaya çatmaq üçün hansı tədbirlər görülür?
- Ümumiyyətlə, yarış boyunca media işçilərinin əziyyətini dəyərləndirməmək mümkün deyil. Onlar həqiqətən böyük iş gördülər. Yarış həm YouTube, həm Facebook, həm də televiziya kanalı vasitəsilə canlı yayımlandı və izləyicilərə həm görüntülərlə, həm də oyunların təhlili ilə birlikdə təqdim edildi. Əminəm ki, bu 15 gün ərzində izləyicilər yarışdan zövq aldılar.
- Qadın şahmatçıların Azərbaycan çempionatındakı rolu və nailiyyətləri barədə nə düşünürsünüz? Onları dəstəkləmək üçün əlavə hansı addımlar atılmalıdır?
- Uzun illərdən sonra ölkənin ən güclü qadın şahmatçıları- komanda yoldaşlarım (milli yığmamızın üzvləri), gənc və təcrübəli şahmatçılar, Avropa və dünya çempionatlarının mükafatçıları- qalibiyyət uğrunda mübarizə apardılar. Bu yarış hər birimizin yaddaşında qaldı, maraqlı təcrübə oldu. Gənc şahmatçılar təcrübəli rəqiblərlə qarşılaşmaq imkanı qazandılar. Uzun fasilədən sonra milli komandamızın bütün üzvləri Azərbaycan çempionatında iştirak etdilər. Uzun müddət birlikdə çalışdığımız komanda yoldaşlarımla rəqib olmaq isə olduqca maraqlı bir hiss idi. Şahmat Federasiyamız qadın şahmatına xüsusi diqqət ayırır. İstər hazırlıq, istərsə də yarış imkanlarının təmin olunması baxımından, federasiya uğur qazanmış və istedadlı qadın şahmatçılar üçün müvafiq şərait yaradır.
- Öz oyunlarınızdan və nəticələrinizdən razı qaldınızmı?
- Yarışı ümumilikdə mənim üçün uğurlu hesab etmək olar. Xüsusilə komanda yoldaşlarımla maraqlı oyunlar keçirdim. İki dəfə Azərbaycan çempionu olmuş biri kimi bu turnirdə də çempion olmaq əsas hədəfim idi. Lakin bu dəfə çempion adı qismət olmadı, ikinci yeri tutdum. Ümumilikdə düşünürəm ki, yarımfinala yüksələn şahmatçıların hər biri çempionluğa layiq oyunlar sərgilədilər. Hər birini təbrik edirəm.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az