- Araşdırma
- 19 Noyabr 2018 12:43
- 54 113
Təhsil “Təhsil Fəlsəfəsi” Kontekstində
Təhsil fəlsəfəsində tərbiyə ilə tədrisin qarşılıqlı əlaqəsi probleminə daha çox diqqət yetirilir
Təhsil fəlsəfəsinin ilk sosial-institusional forması ötən əsrin 40-cı illərində ABŞ-da yaradılmışdır. Ancaq həmin dövrə qədər təhsilin fəlsəfi öyrənilməsi filosofların diqqət mərkəzində olmamışdır.
Məsələn, Platon, Aristotel, Yan Komenski, Lokk və başqaları bu mövzuya böyük diqqət yetiriblər. Maarifçilik ideallarında təhsilin əsas yer tutduğunu demək artıqdır. Nəhayət, XIX əsrdə insanın təhsil problemi əsas mövzulardan biri kimi qəbul edilirdi (məsələn, Herder və Hegeldə). XX əsrdə təhsilə fəlsəfi yanaşmaya ehtiyac daha da artdı. Eyni zamanda cəmiyyətdə müşahidə edilən proseslərin dərki məsələsi daha da aktuallaşdı .
Fərdlə kollektiv arasında münasibətlərin mürəkkəbləşməsi, elmi biliyin cəmiyyət həyatında rolunun yeni səviyyəyə qalxması təhsil məsələsini ön plana çıxarırdı. Yaxşı vətəndaş yetişdirməklə peşəkar mütəxəssis formalaşdırmağın pedaqoji aspektləri üzərində daha dərindən dayanmaq lazım gəlirdi. Buna görə də təhsil fəlsəfəsi mövcud təhsil sistemlərinin təhlili ilə kifayətlənə bilməzdi, onun transformasiyaları və yeni modellərin hazırlanması kimi problemlərin fəlsəfi dərkinə can atmalı idi .
XX əsrin ortalarından başlayaraq, təhsil fəlsəfəsində tərbiyə ilə tədrisin qarşılıqlı əlaqəsi probleminə daha çox diqqət yetirilir. Bu əsasda pedaqoqların fəlsəfəyə marağı artır. Bununla da təhsil fəlsəfəsi ümumi fəlsəfədən ayrılmağa başlayır və yekunda müstəqil bir sahəyə çevrilir. Deməli, təhsil fəlsəfəsi hər şeydən öncə sosial sifarişdir. Cəmiyyətin təkamülündən danışdıqda fərdi və kollektiv səviyyədə təhsillə sosial təşəkkül arasında daha sıx əlaqə yaratmaq lazım gəlir. Bu zaman filosof və ya pedaqoqlar fərqli parametrlərə üstünlük verə bilərlər. Məsələn, Platon və ya Hegel üçün ideya əsas təşkil edirdisə və onlar təhsilin də bu məqsədə xidmət etməsi fikrini irəli sürürdülərsə, XX əsrdə praqmatizm konkret fayda, səmərə faktorunu önə çəkirdi. Buna uyğun olaraq da həm təhsil haqqında təsəvvürlər dəyişir, həm də onun yeni formalarının axtarışı intensivləşir. Belə çıxır ki, təhsil sistem olaraq daim yeniləşməyə ehtiyacı olan fenomendir. Bunu dərk etmək bütövlükdə təhsilin fəlsəfəsində fərqli yanaşmaya nail olmaq deməkdir .
Müasir dövr üçün bu məqamın daha aktual olduğunu düşünürük.
Bu bağlılıqda təhsil üçün xüsusi əhəmiyyəti olan bir özəlliyi vurğulamaq lazımdır. Hazırda təhsil fəlsəfəsində pedaqoji nəzəriyyə və konsepsiyalarda fikir ayrılıqlarını aradan qaldırmağa imkan verən universal yanaşmaya ehtiyac artıb. Müxtəlif pedaqoji konsepsiyaların başlanğıc prinsip və hipotezlərinə fərqli yanaşmaq lazım gəlir. Bununla da pedaqogikada nəzəri biliyin fundamental əsaslarını aydınlaşdırmaq imkanı əldə edilir.
Bunlarla yanaşı, təhsil fəlsəfəsində aşağıdakı əsas istiqamətlər aktuallaşır:
- təhsil sisteminin yenidən təşkil edilməsi üçün əsas istiqamətin müəyyən edilməsi;
- yeni dəyərlər sistemi və təhsil sistemlərinin yeni proqramlarının əsaslarının hazırlanması;
Bu prosesdə iki aspekt qarşılıqlı əlaqədə götürülür. Bunlar təhsilin institusional dəyişməsi və institusional təhsildən kənar sistemlərin transformasiyasından ibarətdir. Qeyd etmək lazımdır ki, həmin iki aspektin sintezdə nəzərdən keçirilməsi müasir dövrün tələblərindən qaynaqlanır. Belə ki, müasir cəmiyyətin bütün sahələri arasında sıx əlaqə mövcuddur. Dünyanın aparıcı alimlərinin qənaətinə görə, bu proses təhsilin fərqli təşkili formalarının təşəkkülünü zəruri edir. O cümlədən, rəsmi institusional təhsil sistemlərinin, ümumiyyətlə, cəmiyyətdə rolunun dəyişməsi prosesi gedir. Bir çox tədqiqatçılar bu kontekstdə institusional təhsildən kənar sistemlərin inkişaf zərurətini vurğulayırlar. Biz bu məsələyə irəlidə daha dərin və geniş diqqət yetirəcəyik.
Ancaq həmin bağlılıqda bir sıra aktual məqamları vurğulamalıyıq. Hazırda təhsil cəmiyyətin həyatının müstəqil sahəsinə çevrilir və beləliklə, təhsil institutları şaxələnir. Pedaqoji bilik plüralistik xarakter alır, onun ideal və məqsədlərinə yanaşmalar dəyişir .
Bunun kökündə isə təhsilin subyekti olan insana fərqli yanaşmaların mövcudluğu durur. Deməli, müasir təhsil sistemlərinin transformasiyası zərurəti əslində insanın cəmiyyətdə yeri, rolu, fərd ilə kollektiv səviyyələr arasında harmoniyanın yaradılması və insan şəxsiyyətinin formalaşdırılması kimi məsələlərdən qaynaqlanır. Təhsilin sosial-fəlsəfi refleksiyası da məhz bu faktorlarla sıx bağlıdır. Burada ilk növbədə təhsil fəlsəfəsində özünü göstərən emprik-analitik və humanitar istiqamətlər arasında olan fikir ayrılıqlarını vurğulamaq lazım gəlir.
Bu istiqamətlərin hər biri XX əsr boyu və XXI əsrin əvvəllərində təhsilə öz yanaşmaları ilə fərqlənmiş və onu qorumağa çalışmışlar. Yuxarıda qeyd etdiyimiz kimi, bu fərqlərin əsasında insana təhsilin subyekti kimi fərqli yanaşma dayanır. Təhslini analitik fəlsəfəsi ötən əsrin 60-cı illərində ABŞ və İngiltərədə formalaşmağa başlamışdır. Onun nümayəndələri arasında E.Makmillanı, İ.Şeffleri, D.Soltisi və başqalarını göstərə bilərik .
Onlar insan psixologiyasına biheviorizm, heştaltpsixologiya, psixoanaliz mövqeyindən yanaşırdılar. Yəni təhsil məsələsinə sosial-mədəni kontekstdən çox, koqnitiv (idraki-şüuri) proseslərin prizmasında diqqət yetirirdilər. Bunun konkret forması isə dilin məntiqi analizindən ibarət idi. Konkret desək, təhsilin analitik fəlsəfəsi postpozitivizm aspektində inkişaf edirdi. Bu kontekstdə “təhsil”, “təlim”, “tədris”, “tərbiyə” və s. kimi terminlərin məzmunu müəyyənləşdirildi. Bununla analitik fəlsəfə təhsili elmi meyarlara tabe etdirir ki, burada daimi yoxlama (K.Popper mənasında) xüsusi yer tutur. Eyni zamanda, bu fəlsəfə təhsildə ideoloji komponentin olmasına tənqidi yanaşır. Müasir təhsildə ideologiyanın insanın təhsil subyekti kimi yetişməsində mane olduğu fikrini müdafiə edirlər .
Həmin dövrdə təhsilin fəlsəfəsində tənqidi-rasionalist istiqamət meydana gəlmişdir. Onun tərəfdarları pedaqogikanı praktiki sosiologiya kimi izah edir, pedaqoji fəaliyyətdə uzunmüddətli planlaşdırma və layihələndirməni qəbul etmirdilər. Tənqidi-rasionalistlər K.Popperin “açıq cəmiyyət” modelinə üstünlük verirdilər. Onlar təhsilin bu məqsədə çatmaq üçün vasitə olduğunu düşünürdülər.
XX əsrin 70-ci illərindən başlayaraq təhsilin analitik fəlsəfəsi məntiqi pozitivizm prinsiplərindən linqvistik analiz fəlsəfəsinin prinsiplərinə keçid alır. Bu, təhsildə “dil oyunları”, semantikanın yeri və rolunu aktuallaşdırmaq imkanı yaradır. Hazırda hər iki aspekt çox aktualdır. Onun yeni formaları meydana gəlir. Məsələn, kibersemiotika və biosemiotikanın getdikcə daha geniş miqyasda təhsil prosesində özünü göstərməsi zərurəti qarşıya çıxır.
Hələlik bu sahədə elə bir ciddi addım atılmayıb. Ancaq şübhəsiz ki, yeni təhsil konsepsiyalarında onların ciddi rolunu yaxın gələcəkdə etiraf etməli olacağıq. Məsələn, kibersemiotika biliyin özünütəşkili prinsiplərini öyrənir ki, bunun pedaqoji və tədris şərtlərini aydınlaşdırmaq prinsipial əhəmiyyət kəsb edir. Təhsil prosesi biliyin özünütəşkili qanunlarına uyğun aparılmalıdır ki, mənəvi-mədəni və elmi mühiti sürətlə dəyişən cəmiyyətlərdə layiqli insan-mütəxəssis yetişdirmək mümkün olsun. Bunlar hələlik sırf nəzəri “arzular”dır, lakin indi reallıqla fantaziya arasında elə bir məsafə qalmayıb.
Bütün bunlar XXI əsrin başlanğıcında təhsil fəlsəfəsi ilə bağlı olan bir sıra problemləri meydana çıxartdı. Hər şeydən əvvəl, təhsil sisteminin və pedaqoji fikrin böhranının özünü göstərməsini vurğulamaq lazımdır. Bunun kökündə bütövlükdə dövrün mənəvi böhranı dayanır. Xüsusilə, informasiya cəmiyyətinin formalaşması kontekstində bu məsələ olduqca aktual problemə çevrilib (8).
Digər məsələ odur ki, təhsil haqqında hələlik dağınıq halda olan fəlsəfi konsepsiyalar arasında ideya bağlantılarının yaradılmasına ehtiyac duyulur. Bu, belə olmasa, təhsilin fərdi və kollektiv səviyyədə müasir dövrün tələblərinə uyğun faydasını konkretləşdirmək imkansız olur. Strateji hədəf bəlli olmayanda cəmiyyətin davamlı inkişafı haqqında danışmaq mümkün deyil.
Beləliklə, yeni minilliyin və əsrin başlanğıcında formalaşan müasir informasiya sivilizasiyası dövründə təhsil, onun çağdaş və gələcək problemləri getdikcə daha da aktuallaşır və bu proses təhsilin fəlsəfəsinə yeni yanaşmalarla müşayiət olunur.
Fəlsəfə anlayış etibarilə insana hikməti sevməyi öyrədir. Təhsil isə insana öyrəndikləri arasında əlaqə yaradıb, bunları həyatında tətbiq etmək bacarığı qazandırır. Həm fəlsəfənin, həm də təhsilin ortaq məqsədi mövcud reallıq üzərində düşünmə və onları təhlil-tərkib süzgəcindən keçirmə, insanın fərd olaraq düşüncə üfüqünün genişlənməsinə zəmin yaratmaqdır. Əslində hər bir fəlsəfi məktəb və düşüncə sistemi özünə uyğun insan yetişdirmək istəyir. Bu yanaşmada idealizm, realizm, praqmatizm, ekzistensializm, materializm və pozitivizmin məqsədləri fərqli olmuşdur. Ancaq müasir qloballaşan dünyada artıq fərqli “izm”lər arasında məsafə getdikcə qapanmaqdadır. Həmçinin çağdaş təhsil sistemi çərçivəsində təhsilli insan fərqli görüşləri öz düşüncə matrisasında birləşdirməyi bacara bilir. Fəlsəfə gerçəyi axtarıb tapmağa çalışır. Bu sorğulama fəlsəfənin vəzifəsidir. Təhsil fəlsəfəsi təkamül yolundakı insanı, yaratdığı bütün dəyərlərlə birlikdə fokusa alır və onu daha da yüksəltməyə çalışır. Fəlsəfənin və təhsilin bir-birindən ayrılmaz bir bütün olduğunun ən böyük əlaməti dövrün tələblərinə uyğun, dəyişən şərtlərə cavab verən insan yetişdirməkdir. Məzmunu nə olursa-olsun təhsilin hədəfi geniş düşüncəsi ilə insandır. Ana mövzusu insan olan təhsil fəlsəfəsi insanın çatmaq arzusunda olduğu bütün hədəfləri gerçəkləşdirməyin yollarını arayan bir sistemdir .
Müasir dövrdə təhsilşünaslığın yeni metodologiya axtarışı məsələsinin aktuallaşmasına qədər ötən əsrin müxtəlif dövrlərində təhsil fəlsəfəsinin inkişafını müəyyənləşdirən bir sıra metodoloji prinsiplər formalaşmışdır və hazırda da yeni axtarışlar üçün onların əhəmiyyəti böyükdür. Bu yanaşmada deyə bilərik ki, qlobal problemlərin maarifçilik düşüncəsinin problemi kimi qəbul edilməsi onların həllinin həm də təhsilşünaslığın məsələsi kimi başa düşülməsinə səbəb olur və bu tendensiya təhsil fəlsəfəsində aktual mahiyyət kəsb edir. Qlobal problemlərin mahiyyətində bir çox hallarda qarşılıqlı anlaşma, tolerantlıq və yardımlaşmanın olmaması durur. Burada təhsilin əsas funksiyası problemin fəlsəfi dərki ilə yanaşı, cəmiyyətdə inteqrasiya funksiyasını ifadə edən dəyərlər sisteminin (vətəndaş, sosiogen fərd və sair) tədqiqi məsələsidir.
Son 20-30 il ərzində dünyada baş verən təbəddülatlar sosiumun bütün həyat sferasını dəyişdiyi kimi, cəmiyyətin fundamental alt sütunlarından biri olan təhsilin fəlsəfi mahiyyətinə yenidən baxmağı tələb edir, problemin dərkində mənəvi şüur mövqeyindən çıxış etməyi vacib bilir. Belə ki, məsələ şüurun seçim edə bilmək qabiliyyəti ilə əlaqələndirilir. Seçim şəraiti isə mənəviyyatın, individin müstəqil həyatının ilkin əsası kimi başa düşülür. Bu məsələ həm də insanın və sosiumun daxili inteqrasiya olunmuş bütövlük kimi öz təhsil dəyərlərinə olan münasibəti prizmasında dərk olunur. Burada təhsil fəlsəfəsinin üzərinə düşən missiya ondan ibarətdir ki, Haydeggerin qeyd etdiyi kimi, “insanın öz mənəvi dəyər aləminə inanma xüsusiyyəti onun üçün zəruridir. Ona görə zəruridir ki, məsələ həmişə insanın özünü təsdiqləməsi ilə bağlıdır” .
Burada həm “dəyərlilik”, həm də “özünütəsdiq” faktında təhsilin qlobal mahiyyəti göz önündə canlanır.
Azərbaycanın təhsil fəlsəfəsinin tarixi erkən orta əsrlərdən başlayan sosial-fəlsəfi-kulturoloji dərketmə ilə nəinki o dövrün rasional təhsil konsepsiyalarını mənimsəyə bilmiş, eyni zamanda bu gün müasir Qərb təhsilşünaslığının əsas paradiqmalarından hesab olunan metabilik və bacarıqlar - ömürboyu öyrənmə, öyrənməyi öyrənmək, inkluziv yanaşma, adaptiv kompetensiyaların formalaşması, sosial harmoniyanı yaratmaq və sair dəyərlərin sələfi hesab oluna bilər.
Müasir dünya gerçəkliyini dərketmə rakursunda bəşəriyyətdə həm dəyərlərin mübarizəsi, həm də onların dialoqu özünü göstərir. Bu axtarış tendensiyası əslində bu və ya digər dərəcədə təhsil fəlsəfəsində də əks olunur. Təhsil fəlsəfəsi bəşəriyyətin yeni inkişaf yollarının gərgin axtarışını daha çox özündə hiss edir: “Axtarış mədəniyyətin müxtəlif sahələrində - fəlsəfədə, incəsənətdə, dünyanın dini cəhətdən dərk olunmasında, elm və təhsildə baş verir. Söhbət artıq insan varlığının fundamental əsaslandırılmasından, yeni dəyərlərin yaradılmasından gedir. Yeni dünyagörüşlü yönümün artıq ilkin əsasları texnogen sivilizasiyanın öz içində yaranır. Müasir dünyada tamamilə fərqli mədəni ənənələr bir-birilə toqquşur, qarşılaşır və dialoqa girir. Bəşəriyyət isə anlayır ki, bu dialoqu aparmağı öyrənmək lazımdır”.
İlk növbədə, Azərbaycan fəlsəfi fikri üçün milli-mədəni və mənəvi sistemlərə, bu sistemlərin yaranmasında zəmin həlqə rolunu oynayan təhsil fəlsəfəsinə xas olan universalilərin öyrənilməsi də çox əhəmiyyətlidir.
Təhsil vasitəsilə insanın istedadı, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin məcmusunun sosial-fəlsəfi mahiyyətinin müəyyənləşdirilməsi aktuallıq kəsb edir. Həmçinin, bu prosesə cəlb edilənlərin fərqli istiqamətlərdə inkişafını araşdırmağa ciddi ehtiyac vardır. Bu fərqliləşmə təhsil prosesində qazanılan bilik, bacarıq, mövqe və dəyərlər yolu ilə reallaşır. Məhz bu nöqtədə təhsil eyni zamanda insanın bir “yetişdirmə” prosesidir. Cəmiyyətşünaslığın əsas anlayışlarından biri olan “sosiallaşma” (ictimailəşmə) insanın aid olduğu cəmiyyətin mədəni elementlərinin öyrənilərək özününküləşdirilməsini şərtləndirir. Şəxsiyyət əksər hallarda doğulduğu və yetişdiyi mədəniyyət tərəfindən müəyyən olunur. Hər cəmiyyət öz mədəni dəyərlərini yeni nəsillərə ötürmək alətlərinə malikdir. İctimailəşmə prosesi insanın dünyaya gəldiyi gündən başlayaraq, onun bütün həyatı boyu davam edən uzun bir dövrü əhatə edir. Bu müddət ərzində bioloji fərd şəxsiyyət kimi formalaşır. Başqa sözlə desək, ictimailəşmə müəyyən bir cəmiyyətin davranış qəliblərini şəxsiyyətin sosial varlığına müncər edərək onu cəmiyyətə aid olan sosiogen bir fərd halına gətirir. Dürkheymin təhsili “daha yaşlı nəsillərin hələ ictimai həyata hazır vəziyyətə gəlməmiş nəsillər üzərindəki davranışı” olaraq xarakterizə etməsi məhz özündə ictimailəşməni ehtiva edir.
Bu ictimailəşmə prosesi təhsilin ən mühüm paradiqmalarından biri hesab olunan davamlı təhsil anlayışı ilə assosiasiya olunur.
Şübhəsiz, təhsil bir çox aspektləri olan, mürəkkəb struktur-funksional xüsusiyyətlərə malik, açıq sistem kimi geniş və daimi tədqiqatlar aparmağı tələb edir. Bunun siyasi, sosial, iqtisadi, mədəni aspektləri haqqında kifayət qədər danışmaq olar. Eyni zamanda, qəbul etməliyik ki, qloballaşma prosesi tədricən təhsili “vahid kontinuum” halına gətirir. Yəni müxtəlif təhsil sistemləri arasında əlaqələr tapılmalı və təhsilə eyni mövqedən yanaşılmalıdır. Əks halda iqtisadi və sosial qloballaşma tamamlanmamış qalır. İnsanların bilik, tərbiyə və əxlaq baxımından bütövləşməsi dövrün əsas problemi hesab edilməlidir. İnsanlar intellekt və mənəviyyat sahəsində dialoqa varmalıdırlar. Buna nail olmaq üçün hər bir müstəqil cəmiyyətin öz milli təhsil sistemi olmalıdır. Burada milli ilə beynəlmiləlin real harmoniyasına çatmağın mexanizmləri işlənməlidir. O isə yalnız fəlsəfi təfəkkür səviyyəsində mümkündür. Deməli, milli təhsil sistemini yaratmaq əslində fəlsəfi problemdir. Burada zaman konteksti də fəlsəfi məzmun kəsb edir. Çünki fəlsəfədə zamana fərqli baxışların olmasına baxmayaraq, varlığın zamanda məzmun aldığını hər kəs qəbul edir. Milli təhsil sistemi konkret zaman çərçivəsində hansı məzmun kəsb etməlidir? Həmin kontekstdə zamana Aristotel, Nyuton və ya Berqson prizmasından yanaşmaq elə də fərq etmir. Əsas odur ki, zaman sürəkliliyi ilə təhsil sisteminin dinamikası və yeniləşməsi arasında praktiki uyğunluğu tapa biləsən. Buna görə milli təhsilə müasir dövr kontekstində nəzər salmaq çox aktual görünür.
Qədim dövrlərdən başlayaraq fəlsəfi cərəyanlarda təhsil probleminə geniş yer verilmişdir. Bunun əsas səbəbi fəlsəfənin əsas olaraq insanın bütövlükdə həyatını, onun dünyadakı yeri və rolunu, cəmiyyətdəki mövqeyini dərk etməyə çalışmasıdır. Başqa ifadə ilə desək, fəlsəfə insanın həyatının mənasını və onun toplumda mövcudluğunun təməl şərtlərini öyrənir. Təbii ki, bu, bir tərif deyil. Bizim araşdırdığımız problem aspektində isə vacib məqamı ifadə edir. Çünki fərdin toplumda var olması onun təlimindən birbaşa asılıdır. Filosoflar təsadüfən demirlər ki, idrak mövcudiyyətin özüdür. Yəni insan dərketmədə özünü reallaşdırır, tədqiq edir və bu mənada həyatının əsasını bu özəllik təşkil edir. Bu səbəbdən hər bir fəlsəfi cərəyanda insanın təhsilinə ciddi yer verilir. Təhsilin məqsədi, onun təşkili, fərdin və cəmiyyətin həyatındakı rolu fəlsəfə üçün aktual məsələlərdir. Bu prizmada geniş aspektdə fəlsəfi cərəyanlarda təhsil faktorunun yeri və rolunu araşdırmağa ehtiyac vardır.
Məlumdur ki, fəlsəfə (philosophy) hərfi mənası ilə “bilik və müdriklik sevgisi, axtarışı”dır. Fəlsəfə kainatın quruluş və nizamı, həyatın məna və məqsədi, biliyin mənbə və etibarlılıq dərəcəsini və doğrunun nə olduğunu izah edir. Fəlsəfə və təhsil arasında sıx əlaqə mövcuddur. Həqiqətə nail olmağa səy göstərmək, təhsil və fəlsəfənin ortaq məqsədidir. Hər bir elmi inkişafın məhvərində, təhsil paradiqmalarında bu inkişafa yol göstərən fəlsəfə vardır. Fəlsəfə də təhsilin əldə etdiyi nəticələrdən faydalanaraq yeni fikirlər ortaya qoyur.
Fəlsəfənin maraq sahələri ümumi olaraq varlıq fəlsəfəsi (ontologiya), bilik fəlsəfəsi (epistemologiya) və dəyərlər fəlsəfəsindən (aksiologiya) ibarətdir. Varlıq fəlsəfəsi var olanı araşdıran bir fəaliyyət sahəsidir. Ontoloji yanaşma həyatın dəyişən tərəflərini deyil, “dəyişməyən həqiqət nədir?” sualı ilə maraqlanır və var olanı bütöv müstəvidə araşdırır. Bilik fəlsəfəsi biliyin nə olduğunu, mənbəyini, onun sərhədlərini, doğru, səhv, mütləq ya da nisbi biliyin nə olduğunu araşdırır. Dəyər fəlsəfəsi əsas etibarilə dəyərlərin mənbəyini, insanlarda anadangəlmə mövcud olduğu, yoxsa sonradan qazanıldığı, dəyərlərin zamana və cəmiyyətə görə dəyişib-dəyişmədiyini, hər kəs üçün ortaq dəyərlərin olub-olmadığı, onların meyarlarının nə olduğu kimi suallara cavab tapmağa çalışır. Həm fəlsəfənin, həm də təhsilin əsasını varlıq, bilik və dəyərlərlə bağlı problemlər təşkil edir.
Fəlsəfə tarixinə baxdıqda varlıq, bilik və dəyərlərlə bağlı dünyagörüşləri bir-birindən fərqli olan müxtəlif fəlsəfi cərəyanların ortaya çıxdığı görünür. Bu fəlsəfi sistemlərin fonunda təhsil təcrübələri və tətbiq imkanlarına zəmin yaradan bir çox təhsil fəlsəfəsi cərəyanları formalaşmışdır. Bu təhsil fəlsəfəsi paradiqmaları təhsildə yeni novasiyaların bərqərar olmasında bazis rolunu oynamış, təhsilin fəlsəfə müstəvisində alt zəmininin formalaşmasına səbəb olmuşdur.
Çağdaş dünyamız mürəkkəb, sürətli və ziddiyyətli proseslərlə müşayiət olunan açıq sistem kimi xarakterizə olunur. Bizi maraqlandıran problem baxımından ən əhəmiyyətlisi odur ki, bütün bu xüsusiyyətlər müasir elm sahələrinin tədqiqat predmetinə çevrilib. O cümlədən, çağdaş elmlərin konseptual aparatında onların ayrıca sahəsi meydana gəlib. Həmin özəllik həm təhsil məsələsini daha da aktuallaşdırır, həm də onun müasir həyat fəlsəfəsindəki yerinə daha geniş kontekstdə nəzər salmaq ehtiyacını vurğulayır. Bu bağlılıqda fəlsəfi kontekstdə bir sıra vacib məqamlara diqqət yetirmək vacibdir.
Böyük türk təhsilşünası Hilmi Ziya Ülkenin təbirincə desək, “pedaqogikanın tarixi düşüncə tarixi qədər qədimdir. Yalnız yunan fəlsəfəsində deyil, Çin və hind fəlsəfəsində də qədim insanın mənəvi inkişafı ilə bağlı ilkin fikirlərə rast gəlinir” .
Bu fəlsəfi cərəyanlardan sonralar həm də subyektlə obyektin, daxili ilə xaricinin, ruha aid olanla təbiətə aid olanın, fərdlə toplumun sintezindən təhsil fenomeni yaranacaqdır. Təhsil fəlsəfəsinə müxtəlif bucaqlardan baxsaq, həm onun mahiyyətinin daha dərindən açılmasına, həm də müasir dialektikanın qanunauyğunluqlarına daha dərindən nəzər yetirməyə imkan yaranacaq. Təhsil fəlsəfəçisi K.Pricenin qeydləri bu yanaşmada maraqlıdır: “Mən təhsil fəlsəfəsi nədir?” deyə sual verdiyim zaman bu sualla həm bir, həm də üç dəyişik sual soruram. Bunlardan ilki təhsilin təhlili, ikincisi təhsil metafizikasının necəliyi, üçüncüsü də təhsil əxlaqının nə olduğu haqqındadır” .
İnsan dünyaya göz açdığı gündən özünü və ətrafını dərk etməyə çalışır, digərləri ilə qurduğu münasibətlər nəticəsində informasiya fəzasına düşür və mövcud dəyərləri özünəməxsus formada inkişaf etdirir. Yəni hər bir insan öz anlayışları istiqamətində bir dünyagörüşü, gələcəyə baxış tərzi, yaşam forması - bir sözlə, həyat fəlsəfəsi meydana gətirməyə səy göstərir. Fərdlər kimi daha böyük anlamda cəmiyyətlərin də mənimsədiyi fəlsəfələr vardır ki, cəmiyyətin arxitektonikasının qurulmasına bu fəlsəfi çərçivədən baxılaraq məqsədə doğru istiqamət götürülür. Bu məqsədin əsasında isə təhsil fəlsəfəsi dayanır.
Salmanlı Əli,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
İnzibati İdarəetmə Fakültəsi
AzNews.az