Azərbaycan Respublikasının ərəb dövlətləri ilə son illərdə həyata keçirdiyi yeni münasibətlər sayəsində qarşılıqlı inkişafı dünya birliyi də görür Azərbaycan Respublikasının ərəb dövlətləri ilə son illərdə həyata keçirdiyi yeni münasibətlər sayəsində qarşılıqlı inkişafı dünya birliyi də görür

İraq üzərindən anti-Azərbaycan şəbihi-rejissorlar və oyunçular

Azərbaycan Respublikasının ərəb dövlətləri ilə son illərdə həyata keçirdiyi yeni münasibətlər sayəsində qarşılıqlı inkişafı dünya birliyi də görür

İraqın 41 milyon 703 min nəfər əhalisi var. Onların 65 faizi cəfərilərdir. Səddam Hüseyn dövründə təqibə məruz qaldıqlarından həmməzhəb İrana meyil edən icma 40 ildir ki, Tehrandan gələn və gələ biləcək hər hansı provakativ çağırışlara açıqdır. Təəssüf ki, icmanın dini hissləri asanlıqla manipulyasiya olunur, Azərbaycan Respublikasına bəzi oyunlar da məhz İraq üzərindən edilir. Xatirinizdədirsə, bir müddət əvvəl İraqın marginal məzhəbçi nəşrlərindən birində ərəb turistlərin Bakıda hansısa qorxulu xəstəliklərə yoluxması haqda dezinformasiya yayılmışdı. Həmin dezinformasiyaya qədər gələn ərəb turistlər içərisində iraqlıların çəkisi xüsusi ağırlıq təşkil edirdisə, dezinformasiyadan sonra mənzərə dəyişdi. Qəribədir ki, həmin xəbər İranın yarımrəsmi “Pars Today” agentliyi tərəfindən xüsusi inkişaf etdirilərək Azərbaycan-ümumərəb münasibətləri kontekstinə çıxarılır, daha doğrusu, bu münasibətlərə xələl gətirmək üçün istifadə edilirdi. Halbuki xəbəri yayan mənbə İraqın məhz İranın təsirində olan mənasız bir KİV-i idi.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Şahəvan Abdullanın özü də etiraf edib ki, ölkədə İran yönlü silahlı qruplaşmaların tərkibində Tehran rejiminə bağlı 30 min hizbullahçı var. Onlar “Əl Həşd əş Şəəbi”(“Xalq birləşmələri”, “xalq silahlıları”, “xalq səfərbərliyi”) hərbi qüvvələrinin tərkibində yerləşib. Müşahidəçilərin qeyd etdiyinə görə bu ordunun hərbi gücü 100 min nəfər əsgərdən çoxdur. “Əl Həşd əş Şəəbi” guya İŞID, “Əl Qaidə”, “Ən Nüsrə Cəbhəsi”, “Ənsar ən Sünnə”, “Ceyş Mühəmməd” və digər radikal terror təşkilatlarına qarşı mübarizə aparmaq məqsədilə təsis edilib.

Lakin təsis edildiyi ilk günlərdən qruplaşmanın “böyük şiə hilalı” yaratmaq uğrunda mübarizə aparacağı –yəni Türkiyə, Körfəz ölkələri və Azərbaycana da təzyiq üçün istifadə ediləcəyi çəkinmədən bəyan edildi. Bunun üçün müəyyən infomasion iş də aparıldı. “Həşd əş Şəəbi”nin qurulmasında xüsusi rolu olan iranlı general, xalq arasında “keçi oğrusu” kimi tanınan Qasım Süleymaninin fotoları əsasən qonşu ölkələrə bağlı, amma Azərbaycan dilli hədəf auditoriyaları olan sosial səhifə hesablarını bənzəyir, “iraqlı soydaşlarımızı (söhbət türkmanlardan gedir) xilas edən azəriəsilli general” haqda əfsanələr uydurulurdu. Halbuki Q.Süleymani bəluc və ya kürd əsillidir, azərbaycanlı deyil. Amma onun azəri əsili olması haqda şayiələr öz effektini verdi, tezliklə “Həşd əş Şəəbi”nin sıralarında Azərbaycan bayrağına sarılan çoxlu sayda türkman qoşuldu. Az sonra həmin türkmanların yaratdığı birliklərin Azərbaycana gələcəyi, Qarabağda döyüşəcəyi haqda növbəti dezinformasion kampaniya başladı.

Bu, artıq adi soydaş ya məzhəbdaş həmrəyliyinin təzahürü olmaqdan çıxaraq, xaricdə Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslərdən ibarət bir silahlı qruplaşmanın Azərbaycan milli ordusunun alternativi kimi təqdimatı naminə ictimai rəyi zondaj etmək cəhdi idi. Məqsədin xoş məramlardan nə qədər uzaq olması ilk dəfə Gəncədəki bəlli terror aktından sonra açıq şəkildə nümayiş edildi. “Həşd əş-Şəəbi”yə canlı qüvvə səfərbər edən “Hüseyniyyun” şərti adı ilə fəaliyyət göstərən qrup, Rusiya vətəndaşı Yunis Səfərovu müdafiə etdiyini, hətta “Tağutu qətl etməyə” təhrik etdiyini gizlətməyə lüzum belə görmədi.

“Həşd əş Şəəbi” rəsmiləri son bir həftədə İraqdakı bir sıra cəbbəxanaların partladılmasında xarici iz axtramaqla yeni provakativ fikirlər səsləndirilir. Yayılan məlumatlarda “Həşd əl-Şəəbi” qruplaşmasının heyətinin sədr müavini Əbu Mehdi Əl-Mühəndis ABŞ-ı İraq və İranı hədəfə almaq üçün 4 İsrail dronunu Azərbaycana gətirməkdə ittiham edir. “ABŞ-ın xəzinə nazirliyi İraqdakı öz tərəfdarlarına yönəltdiyi yatırımların sayəsində hədəflərini önə çəkməyə çalışır. ABŞ-ın Azərbaycan üzərindən 4 pilotsuz təyyarəsi İraqın hava məkanını pozaraq bizə məxsus bazalarımızı nəzarətə almaq hədəflərini ortaya qoyubdur. Bu barədə əlimizdə yetərli bilgilər var. İraqın hava məkanı üzərində ABŞ təyyarələrinin uçuş saatları və hansı ölkə üzərindən qalxması barəsində müfəssəl məlumatlara malikik. Bunu “Vahid Əməliyyat Komandanlığı və Havadan Müdafiə Qüvvələrinə təqdim etmişik” (mənbə: https://www.iha.com.tr/haber-hasdi-sabi-abd-bizi-bombaladi-796483/, https://aawsat.com/home/article/1866676/

Maraqlıdır ki, onun bu iddiası “xalq silahlıları”nın Səlahəddin vilayətində yerləşən bazasının İsrail tərəfindən hədəfə alınmasından bir ay sonra səsləndirilib. Səsləndirilən fkirlərin provaktivliyi ondadır ki, bu iddialara Azərbaycan da mövzu edilir, mövzu qısa müddət ərzində İraq və Körfəz ölkələrinin İran təsirində olan şiə icmasına yaxın nəşrlərində, İran və erməni mediasında xüsusi olaraq tirajlanır, mövzu inkişaf etdirilərək Azərbaycan İrana qarşı İsrail-ABŞ cəbhəsində yer alan tərəf kimi göstərilir.

Hərçənd Azərbaycan Müdafiə Nazirliyi xəbəri dərhal təkzib etmişdi.”Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının İraqa və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb.Bu məlumatların heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədi daşıyır.”-deyə açıqlamada bildirilirdi.

Əslində nə baş verib?

Bağdadla Səlahəddin arasında yerləşən Bələd bölgəsindəki “Həşd əş şəəbi”nin hərbi hava qüvvələrinə məxsus silah-sursat anbarında güclü partlayış baş verib, çox sayda silahlar partlayıb, 1 nəfər ölüb və 29 nəfər ağır yaralanıb. Yerli müşahidəçilər terror hadisəsindən bəhs edir və bunu korrupsiya və rüşvətxorluqla əlaqələndirirlər.

Belə ki, Yaxın Şərqdə qara bazarda silah biznesində Tehran rejimi ilk sırada yer alır. İlleqal silah ticarəti də İraq üzərindən aparılır. Bununla yanaşı, İran İraqda yerli cəfərilərdən ibarət silahlı birliklər yaratmaqla və onlardan öz məqsədləri üçün istifadə etməklə daha çox gəlir mənbələri yaradıb. Bomboş anbarları partlatmaqla əlindəki silahların Suriya və digər ölkələrə ixracı faktını ört- basdır etmək, üstəlik, öz kələklərini başqa ölkələrin, konkret halda ABŞ, İsrail və Azərbaycan Respublikasının üzərinə atmaq taktikasına gedilir.

Belə bir Mühəndis

Əbu Mehdi Mühəndisin siyasi ulduzu 2016-cı ildə parlamağa başlamış, parlamentdəki şiə deputatların çoxunu öz ətrafına toplayaq kürd əsilli, maliyyə naziri , sünni Xoşyar Zübeyrinin istefasına nail olmuş, keçmiş baş naziri Heydər İbadini də neytrallaşdıra bilmişdi.

Əsl adı Camal Məhəmməd Cəfər İbrahimi olan Əbu Mehdi Mühəndis Əbu Əmr şeyxləri(Bağdadın sünni Raşidiyyə rayonunda yeganə şiə klanı) klanındandır, Küveytdən İrana qaçaraq ömrünün yarısını Tehranda keçirmişdir. O , Küveytdə olarkən 1983-cü ildə İranın təhrikilə Fransa və ABŞ səfirliklərinə hücum təşkil etmiş, Küvetin sabiq əmiri Cabir Əhməd əs Səbaha qarşı 1985-ci il mayın 25-də sui qəsdə cəhd etmişdir. ABŞ və Küveyt məhkəmələri onun adını axtarışda olan terrorçular siyahısana daxil etmişdi. Yəni İran mənafelərini qorumaq naminə hər cür “mühəndisliyə” gedə biləcək bir şəxsdir.

Bu il iyulunda Qasim Süleymaninin Qüds qruplaşmasının təqdimatı ilə Tehranda ona “Cəsarətə və üstün xidmətlərə görə” medala təqdim edilmişdir.(mənbə https://arabi21.com)

“Bağdad oğrusu”

“Həşd əş şəəbi”nin daxil strukturuna nəzər salaq. Misirin nüfuzlu arabi21.com nəşrinin qeyd etdiyi kimi “Xalq səfərbərlyi”nin İdarə heyətinin tərkibi rəngarəng olduğundan daxili ziddiyyətlər də qaçılmazdır. Heyətin sədri Fəllah əl Fəyyaz ötən həftə müavini Əbu Mehdi Mühəndisə bildirib ki, onlar İraq hökuməti və silahlı qüvvələrini təmsil etmirlər. Bu açıqlama “səfərbərlik” daxilində parçalanmanın ilk təzahür kimi qiymətləndirilir. “Səfərbərliy”in “səhra komandiri” adlandırılan Mühəndislə baş nazir və İraq silahlı qüvvələrin baş komandana arasında da ziddiyyətlər gərgindir. Xəbərlərdə iddia olunur ki,“səfərbərliyin” lideri Hadi Əl Əmiri Fəllah Fəyyazla birgə Mühəndisə qarşıdırlar.

İraq mediası qeyd edir ki, təyyarələrin yerləri və uçuş vaxtları bəlli olduğu halda önləyici hərbi addımlar atılmaması şübhəlidir. Axı, Mühəndis özü də açıqlamasında “müfəssəl bilgiyə malik olduqlarını” iddia edir. Yeri gəlmişkən, Ərdəbil İmam cüməsi, Azərbaycanın “böyük dostu” Həsın Amuli də (dez)informasiya yayıldıqdan sonra ölkəmizi ittiham edən açıqlmasında “müfəssəl məlumatlara malik olmaları haqda” inandırıcı tonda şəbihçıxardanlıq edir (www.facebook.com/nurazcom/posts/2609897022368534?__tn__=-R)

Azərbaycan Respublikasının ərəb dövlətləri ilə son illərdə həyata keçirdiyi yeni münasibətlər sayəsində qarşılıqlı inkişafı dünya birliyi də görür. Turizm, ticarət, maliyyə, yatırım və digər sahələrdə əldə edilən uğurlardan hər bir dövlət yüksək gəlir götürür.

Azərbaycanın Qərb dövlətləri ilə yanaşı, Yaxın Şərq ölkələri ilə də uzlaşdırılmış siyasət yürütməsi ilk növbədə Ermənistanı, eyni zamanda digər qonşularımızı da qıcıqlandırır. Bu qıcıqlanmanın doğurduğu dezinformasiya kampaniyalarına “Pars Today” kimi yarım rəsmi KİV-lərin cəlb edildiyini yuxarıda xatırlatdıq. Səudiyyə və Körfəz ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq “vəhhabilərə yaxınlaşma”, İsraillə hər hansı təmas isə “sionistlərlə işbirliyi” kimi təqdim edilməkdə, qara PR kampaniyaları bu çürük tezislər üzərində aparılmaqdadır. İddia edilir ki, “Azərbaycan Respublikası ABŞ və İsrailin dəstəyi ilə Yaxın Şərq üçün əsas mərkəzlərdən birinə çevrilib. ABŞ İsrailə pilotsuz təyyarələrini Azərbaycan üzərindən daşıyır. Bu, İran və İraqı istənilən an bombardman etmək hədəflərini güdür”.

Müşahidəçilərin fikrincə bu, dolayı yolla Azərbaycan Respublikasına qarşı yeni təzyiq kampaniyası başlatmaqdır. Belə informasiya təxribatlarının dərinləşməsində erməni lobbisinin də əməyi az deyil. İqtisadi baxımdan inkişaf edən Azərbaycanın nəqliyyat xabına çevirlməsi, turizm imkanlarının böyüməsi, geosiyasi çəkisinin artması Ermənistanı narahat edir. Ermənistan mediası iddia edir ki, guya Yaxın Şərqdə baş verən və baş verə biləcək münaqişələrdə Azərbaycanın xüsusi payı var. Halbuki İrəvanın bu iddiaları İran və Tehran rejiminin yedəyində gedən ərəbdilli KİV-lərdəki təxribatlardan başqa bir şey deyil. Təsadüfi deyil ki, erməni lobbisinə yaxın olan Eurasia.net saytı bir müddət əvvəl Cənubi Qafqazda ABŞ-ın əsas hərbi forpostunun Gürcüstan deyil, Azərbaycan olması və ABŞ-Azərbaycan hərbi əlaqələrinin İrana qarşı yönəlməsi haqda ehtimallar, fərziyyələr və rəqəmlərlə manipulyasiyalar üzərində qurulmuş bir yazı dərc edilmişdi(https://eurasianet.org/amid-iran-crisis-us-offers-big-military-aid-boost-to-azerbaijan)

Erməni mediası “Həşd əş şəəbi” ilə bağlı xəbəri də tirajlamağa tələsmişdir. Qeyd edilir ki, yalnız Əbu Mehdinin sayəsində İŞİD Bağdadı ələ keçirə bilməyib, o, İran İslam İnqilab keşiçkçiləri ilə sıx bağlıdır. İnqilab Keşikçilərin köməyi müqabilində o da İrana tam loyallıq göstərir, İran isə “Həşd əş Şəəbi “ vasitəsilə Yaxın Şərqdə şiə zolağı yaradılması planlaşdırır. Erməni nəşrləri Eurasia.netin materialını da xüsusi qabardaraq bunu Əbu Mehdinin “müfəssəl məlumatı”nın sübutu kimi təqdim edir.İ ddia edilir ki, Azərbaycan ərazisi Bağdad-Tehran oxuna qarşı hücum endirmək məqsədilə hazırlanır, odur ki, Azərbaycan hakimiyyəti indi çıxılmaz vəziyyətə düşüb. Belə getsə , hakimiyyətə qarşı böyük xalq üsyanının anonsu da verilir(mənbə-aysor.am)

Qəribə deyilmi ki, erməni mediasının səsləndirdiyi bütün tezislər bir gün fərqlə “Azərbaycanın böyük dostu” Həsən Amuli tərəfindən, sona da eni uzununu basmış kosasaqqal Tohid tərəfindən təkrarlanır?

Amuli İraqda baş verən son partlayış faktları ilə bağlı bunları açıqlayıb: “Azərbaycan hökumətinin xəyanət cürəti artdı. Bir neçə il öncə pilotsuz təyyarə qalxdı və İsfəhandakı nüvə mərkəzində cəsusluq məqsədilə fəaliyyət göstərdi. İran tərəfi pilotsuz təyyarəni vuranda bəlli oldu ki, təyyarə İsrailə aiddir. O zaman İran bunu susqunluqla qarşıladı. İndi görürük ki, səhv etmişik. Çünki, susmağımız qonşu dövlətin cürətini artırıb. Maraqlı məqam odur ki, İsrailin və ABŞ-ın Türkiyədə hərbi bazaları var və oradan Suriya və İraq ərazisinə təcavüz ediblər. Bəs niyə məhz “Həşd əş Şəəbi”ni vurmaq üçün Azərbaycanı seçiblər?”

Doğulub böyüdüyü, hələ də vətəndaşı olduğu dövləti söymək üçün eninə tən gələn boyuna çoxdəfəlik istifadə olunan alət funksiyası biçilmiş Tohid İbarahimbəyli “İslam müqavimət hərəkatı” adlandırdığı “Həşd əş Şəəbi”nin hərbi bazalarının “bombardman edilməsini” lənətləyən açıqlamalar verib. O, çıxışında saxtakarlıq edərək “Həşd əş Şəəbi”dəki türkmanların “Qarabağın azad edilməsində hər an hazır olduqları”nı deyir, dini hisslərlə manipulyasiya etdiyi inanclıları rəsmi hakimiyyətə qarşı üsyana səsləyir. Erməni mediasının “xalq üsyanı” anonsu da bu açıqlama ilə həmrəy, həmrəng və həmcinsdir. Amuli, İbrahimbəyli və peşəkar təxribat Mühəndisi “müfəssəl məlumata malik olduqlarını” tutuquşu sayağı təkrarlamaqla əslində dolayısı ilə etiraf edirlər ki, Azərbaycan Respublikasına qarşı hərbi kəşfiyyat casusluq şəbəkəsi qurulub. (mənbə: youtube.com/watch?v=rJkgx0mvUh0, www.youtube.com/watch?v=z84Bb3HSMN0).

Beləliklə, aparılan çirkli dez(informasiya) kampaniyası üç istiqamətdən sinxron gəlir və qəribə şəkildə bir bir-biri ilə üzvi sintezdədir.

1) Azərbaycana qarşı dezinformasiyaların tirajlanması “Həşd əş Şəəbi” və İraq daxili siyasi mübarizədən, korrupsiya faktlarından diqqəti yayındırmaq , İrana özünün daha yaxın göstərmək cəhdləridir.

2) Bundan əvvəl “Hizbullah” və SEPAH rəsmilərinin “İsrailin sərhədlərinə çatmışıq” bəyanatını heçə endirən kontr zərbələrin doğurduğu ajiotajdan çıxmaq üçün başqalarını ittiham etmək üçün bəhanələr lazımdır. Belə bəhanə “Həşd əş şəəbi” tərəfindən verildi. “Ən müfəssəl məlumata malik” olma haqda açıqlamalar isə Cənubi Qafqaz iqtisadiyyatın lokomotivi olan Azərbaycanın get- gedə Qərb-Türkiyə, ərəb dünyası, son zamanlar isə həm də Çinlə iqtisadi əlaqələrin güclənməsinə qarşı təhdid xarakteri daşıyır. Ölkəmizin tam geoiqtisadi müstəqilliyi müəyyən dairələri narahat edir və onlar Gəncə hadisələri ildönümündə belə şantaj xarakterli bəyanat verirlər.

3) Erməni mediası və erməni lobbisinə yaxın xarici KİV-lər korrupsiya qalmaqalını ört-basdır etmək istəyən Mühəndislərin, Azərbaycan Respublikasına əzələ nümayişi həvəsinə düşən Amulilərin açıqlamalarını Azərbaycan və qonşu dövlətlər arasında münasibətləri korlamaq, elə də inanclı vətəndaşlarımızla dövlət arasında problem yaratma üçün fürsət kimi dəyərləndirməkdədir.

Ə. Yusifoğlu , C. İsmayıl