- Araşdırma
- 29 Noyabr 11:05
- 16 666
Sürətlə silahlanma İrəvanı hara aparır?
Ermənistan hakimiyyəti anlamalıdır ki, heç vaxt Azərbaycanla rəqabət aparmaq gücündə olmayacaq
Vətən müharibəsində ordusu darmadağın olan, hava hücumundan müdafiə sistemləri məhv edilən Ermənistan indi də yeni hərbi qurğular almaq sevdasına düşüb. Bu dəfə “S-300” zenit-raket komplekslərinə göz dikib. Maraqlı odur ki, İrəvan “S-300”-ləri istehsalçı Rusiyadan yox, Yunanıstandan alacaq. Bu barədə məlumatı yunan mediası yayıb. Sülh danışıqlarının finişə yaxınlaşmağa doğru getdiyi məqamda Ermənistanın silahlanma “mesajlarının” arxasında nə gizlənir?
Məsələyə rəsmi Moskvanın reaksiyası özünü çox gözlətmədi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova media üçün keçirdiyi ənənəvi brifinqdə Afinanın İrəvana Rusiyanın “S-300” zenit-raket kompleksləri və daha iki silah sistemi vermək planları ilə bağlı yayılan məlumatları şərh edib. Yayılan xəbərlə tanış olduğunu və bununla bağlı 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlıq və 3 dekabr 2013-cü il tarixli hərbi məhsulların tədarükünə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl olunmasının zəruriliyini xatırladan Rusiya XİN-in təmsilçisi deyib: “Bu sazişlər birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir. Amma bununla bağlı rəsmi Afinadan bizə heç bir müraciət daxil olmayıb”.
Məsələ ilə bağlı XQ-yə açıqlama verən Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, son zamanlar Ermənistanın sürətlə silahlandırılması prosesi gedir: “Görünür ki, bunda maraqlı olan qüvvələr var. Ermənistanın Müdafiə Nazirliyinin hərbi-texniki əməkdaşlıqla bağlı müqavilələrinin coğrafiyası getdikcə genişlənir. Bu sırada Fransa, Yunanıstan, Cənubi Koreya, Yaponiya, Hindistan və hətta ABŞ də yer alır. Müharibədə məğlub olmuş ölkənin silahlandırılması müəyyən planlardan xəbər verir. Məqsəd Ermənistan vasitəsilə bölgədə Qərbin maraqlarını təmin etməkdir. Hayların havadarı olan dövlətlər bu yolla Ermənistanı öz təsir dairələrinə salırlar. Bu da təbiidir, çünki Ermənistan heç zaman müstəqil dövlət olmayıb və müstəqil siyasət yürütməyib. Regionda marağı olan dövlətlərin buyruq quluna çevrilib”.
Ş.Ramaldanov dedi ki, bütün bu cəhdlər Ermənistanın regionda qeyri-stabilliyə səbəb olan addımlar atmasına hesablanıb: “Azərbaycan və Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmayıb, ona görə də qarşıdurmaya nail olmaq üçün bu faktorlardan istifadə etmək istəyirlər. Yəni, Ermənistanı silahlandıraraq onun revanş addımlar atmağa vadar etmək istəyən qüvvələr yetərincədir”.
Ehtiyatda olan polkovnik Ermənistanın almaq istədiyi zenit-raket kompleksi barədə məlumat verərək bildirdi ki, “S-300” keçmiş SSRİ-də istehsal edilən uzun radiuslu zenit-raket sistemidir: “Bu sistemin kütləvi istehsalına 1975-ci ildə başlanılıb. “S-300” radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən ibarətdir. Raketlər modifikasiyasından asılı olaraq, hədəfləri 47 kilometrdən 150 kilometrə qədər məsafədə vurmaq, hava obyektlərini isə 120 kilometrdən 300 kilometrə qədər məsafədə aşkar etmək imkanına malikdir. Hədəfin məhv edilməsi yüksəkliyi maksimum 27 kilometrdir. “S-300”-ə nisbətən “S-400” və “S-500”lər daha müasir hava hücumundan müdafiə sistemləridir.
Ermənistanın bu zenit-raket sistemini almaq istəməsinin bir neçə səbəbi var. Ən vacib səbəb Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanın hava hücumundan müdafiə sistemlərini darmadağın etməsidir. Ermənistanın bu qədər silahlanması region üçün yaxşı heç nə vəd etmir. Bu, təkcə Azərbaycanın deyil, bölgədəki qonşu ölkələri də narahat etməli, buna qarşı müəyyən addımlar atılmalıdır. Biz gözləməməliyik ki, Ermənistan nə zaman silahlanar və onu silahlandıran qüvvələrin sifarişini yerinə yetirərək, Azərbaycana qarşı hansısa irimiqyaslı təxribata cəhd edər. Sülh müqaviləsi imzalanmayıb, müharibə şəraitindəyik, şərti sərhədimiz var. Hərbi dillə desək, bu, təmas xəttidir. Belə olduğu halda Azərbaycanın təhlükəsizliyi baxımından hər hansı addımı atmağa hüquqi baxımdan ixtiyarı var. Prezident İlham Əliyev deyib ki, əgər Azərbaycana qarşı istər revanşist qüvvələr tərəfindən, istər Ermənistan dövləti, istərsə də onun havadarları tərəfindən hansısa təhlükə yaranarsa dərhal cavabı veriləcəkdir”.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov sualımıza cavabında bildirdi ki, Ermənistanı silahlandıra bilməsi üçün Yunanıstanın özü də hər hansı bir silah sisteminə malik olmalıdır: “Afina silahların çoxunu xaricdən alır. Demək olar ki, özü bu istiqamətdə istehsalçı deyil. Ona görə bu ölkədə silah tədarükü ilə bağlı məsələ ciddi şəkildə Ermənistan ordusunu gücləndirməsə də, öz-özlüyündə bu alverin olması müəyyən müzakirələrə meydan açır. Fransa və Hindistandan fərqli olaraq, Yunanıstan Azərbaycandan təbii qaz alır, həm də müəyyən mənada Azərbaycan təbii qazının Avropada şaxələndirilməsində iştirak edir. Ona görə də rəsmi Afina Cənubi Qafqaz, Azərbaycan ilə bağlı proseslərə yanaşmada ehtiyatlı mövqe ortaya qoymalıdır. Yunanıstan Türkiyə ilə münasibətlərə görə Ermənistanla əlaqələrin inkişafında həmişə maraqlı olub və erməni faktorundan geniş istifadə etməkdədir”.
Zaur Məmmədovun sözlərinə görə, Cənubi Qafqazda cərəyan edən hadisələrdən danışılırsa, bu təhdidlər təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda, digər qonşu ölkələr tərəfindən də ola bilər. Bütün hallarda Azərbaycan təhlükəsizliyinin etibarlı əllərdə olduğuna tam əmindir. O ölkələr narahat olmalıdır ki, apardıqları destruktiv siyasət onlar üçün neqativ nəticələrə gətirib çıxara bilər”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında bayram münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri, hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə Cənubi Qafqazda ara qarışsın, yenə qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar”.
Əlbəttə, bu sözlər Ermənistan üçün nəticə çıxarmağa, yaxşı düşünməyə son şans sayılmalıdır. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın deyil, həm də onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. “Təkrar biliyin anasıdır” deyirlər. Bu atalar sözünü sınamağa dəyər. Tarix bunun doğruluğunu dəfələrlə sübuta yetirib.