- Araşdırma
- 19 Fevral 23:03
- 6 902
AAK-ın mövcudluğuna, Famil Mustafayevin də onun sədri olmasına nə ehtiyac var? - ARAŞDIRMA

Azərbaycan çağdaş dünyanın bir parçası kimi yeni eraya daxil olmaq üzrədir. Süni İntellekt dünyanı yenidən şəkilləndirir və həyatın bütün sahələrinə nüfuz edir. Tarix həm də ölü xalqlar, dillər, mədəniyyətlərlə zəngindir. Cəmi bir neçə il sonra Super Süni Zəka dünyada rəqəmsal koloniyalar yaradacaq və bu koloniyalarda təbəə olmayan xalqlar azad sayılacaq. Azərbaycanda elm və təhsilin önünə Çin səddi kimi dikilmiş Dövlət İmtahan Mərkəzi bu baxımdan zamanın çağırışlarına qarşı çıxan bir qurumdur. Çox təəssüf ki, yeganə qurum deyil. Ali Attestasiya Komissiyası bu işdə heç də Dövlət İmtahan Mərkəzindən az neqativ rol oynamır. Bu rolun məğzini anlamaq üçün ilk növbədə bir suala cavab tapılmalıdır ki, Süni İntellektin verilənlər bazasının formalaşmasında və inkişafında elmi tədqiqatlar nə qədər əhəmiyyətlidir?
Bəli, Süni İntellektin (Sİ) inkişafı və effektiv istifadəsi onun təlim və öyrənmə proseslərində istifadə olunan məlumatların keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu prosesdə elmi tədqiqatların rolu həlledicidir. Əvvəla, elmi tədqiqatlar vasitəsilə etibarlı və dəqiq məlumat bazaları yaradılır. Bu məlumatlar həm düzgün təsnifatlandırmanı, həm də şaxələndirməni təmin edir. Nəticədə elmi araşdırmalar müxtəlif sahələrdə, məsələn, siyasət, iqtisadiyyat, tibb, sosial elmlər və texnologiyada fərqli məlumat mənbələri rolunu oynayır. Bu mənbələrə əsasən Sİ öz alqoritmlərini optimallaşdırır. Beləliklə, Süni İntellekt həm elmi tədqiqatlar əsasında zənginləşir, həm də multidisiplinar yanaşmaları birləşdirərək özünü inkişaf etdirir. Bütün bunları nəzərə alaraq birmənalı şəkildə vurğulamaq olar ki, bizim bir xalq olaraq gələcək müqəddəratımız AzərSİ-nin, yəni Azərbaycan Süni İntellekt proqramının formalaşdırılmasından və tətbiqindən xeyli dərəcədə asılıdır. Bu proqramın verilənlər bazasını isə ölkəmizdə aparılan elmi tədqiqatlar, müdafiə olunan dissertasiyalar yaratmalıdır. Bu məqamda diqqət Ali Attestasiya Komissiyasına yönəlir.
Əsasnaməsinə görə, Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Bu orqan fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Lakin Komissiyanın fəaliyyəti barədə açıq mənbələrdə axtarış apardıqda, qurumun bu prinsiplərə əməl etməsi şübhə və suallar doğurur.
Əvvəla, komissiyanın fəaliyyəti dəfələrlə doktorantların və dissertantların həm fərdi, həm də birgə etirazlarına səbəb olub. Bu etirazların çoxsaylı olması və dəfələrlə təkrarlanması onu göstərir ki, ortada ciddi, yəqin ki, xeyli qismi heç mətbuata çıxmayan problemlər var.
İkincisi, Komissiyanın mövcudluğunun lüzumsuzluğu ictimai-siyasi müzakirələrə də səbəb olub. 2018-ci ilin prezident seçkilərində namizədlərdən biri- Qüdrət Həsənquliyev AAK-nın ləğvi barədə məsələ qaldırıb.
Üçüncüsü, elə AAK-ın rəsmi səhifəsinə və orada yer alan məlumatlara nəzər saldıqda məlum olur ki, bu orqan elmi işlərin müdafiəsi ilə bağlı hədsiz sayda süni, formal, bürokratik və digər çeşidli əngəllər yaradıb. Təhsil üzrə ekspert, keçmiş millət vəkili Etibar Əliyev KİV-ə açıqlamalarında bu əngəllərə toxunur və deyir:
“Hazırda bu prosesdə uzun-uzadı qaydalar Azərbaycan universitetlərinin 2005-ci ildə daxil olduğu beynəlxalq baloniya bəyannaməsinə ziddir. Bu proses insanlarda nifrət yox, elmə həvəs, istək yaratmalıdır”.
Sabiq millət vəkilinin bu sözlərinə “Azərbaycan müəllimi” qəzetində aparılmış araşdırma da haqq qazandırır:
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2023-cü illərdə fəlsəfə doktoru proqramına 9 896 nəfər qəbul olub, 8 542 nəfər isə bu proqramı bitirib. Buna baxmayaraq, 23 il ərzində dissertasiyasını müdafiə etməklə fəlsəfə doktoru proqramını bitirənlərin sayı 885 nəfərdir. Bu da onu deməyə əsas verir ki, fəlsəfə doktoru proqramına qəbul olunanların və təhsili başa vuranların sayı yüksək olsa da, dissertasiyasını müdafiə edərək dərəcə alanların sayı xeyli aşağıdır. Belə ki, qeyd edilən dövr ərzində fəlsəfə doktoru proqramını bitirənlərin (8 542) sadəcə 10.3%-i müvafiq olaraq fəlsəfə doktoru elmi dərəcəsini ala bilib”.
Bu böyük və qorxuducu uçurumun yaranmasının nəzəri baxımdan 5 əsas səbəbi ola bilər.
• Tədqiqat keyfiyyəti: Bir çox tədqiqat işləri elmi standartlara cavab verməməsi;
• Resurs çatışmazlığı: Fəlsəfə doktoru dərəcəsi almaq üçün tələb olunan maliyyə və texniki dəstəyin kifayət qədər olmaması;
• Metodoloji çatışmazlıqlar: Tədqiqat metodlarının və nəticələrin düzgün şəkildə əsaslandırılmaması;
• Tələbələr arasında motivasiya və hazırlıq səviyyəsi: Fəlsəfə doktoru müdafiəsi uzun və çətin proses olması;
• Bürokratik maneələr: Müdafiə prosesində “inzibati” çətinliklərin dərəcə almağı ləngitməsi.
Bu səbəbləri Ali Attestasiya Komissiyasının Əsasnaməsinin 2-ci maddəsində əks olunmuş vəzifələrinə əsasən nəzərdən keçirdikdə məlum olur ki, Azərbaycanda elmin inkişafı üçün olduqca böyük risk yaradan bu mənzərənin ortaya çıxmasında sözügedən qurum həm birbaşa, həm də dolayı yolla əsas məsuliyyət daşıyıcılarından biridir.
Mediada yer alan məlumatlara görə, Ali Attestasiya Komissiyasından dissertasiyaların əksəriyyəti “plagiat iş” kimi geri qaytarılır. Ancaq bu məsələ etiraz və müzakirə doğurur ona görə ki, Ali Attestasiya Komissiyasının təşkil etdiyi elmi şuralar antiplagiat proqramı ilə təchiz olunub. Həmin proqramlarla yoxlanılmış və plagiatın olmaması barədə arayışla təsdiq olunmuş elmi işlər Ali Attestasiya Komissiyasına göndərilir, lakin orada “plagiat elementləri” tapılır və geri qaytarılır.
Əvvəla, sual yaranır ki, AAK-da hansısa xüsusi plagiat yoxlama proqramı varsa, bu proqram niyə bütün elmi müəssisələrə və şuralara verilmir və nəticədə proqramlar arasında ziddiyyətlər yaranır?
İkincisi, AAK nədən “plagiat nədir” sualına cavab olaraq konkret çərçivələr ortaya qoymur, yox əgər qoyursa, onda bu ziddiyyətlər necə meydana çıxır?
Üçüncüsü, bəlkə problem ondadır ki, AAK-ın “plagiat meyarları” əslində, plagiat sayılmamalıdır?
Belə ki, “Elm haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.23 bəndinə əsasən, “Elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək”dir.
“Reytinq” saytında dərc olunmuş “AAK-da plagiat iş, yoxsa sənəd saxtalaşdırılması?” başlıqlı məqalədə sözügedən qurumla bağlı məhkəmə çəkişməsindən bəhs olunur. Məqalədə vurğulanır ki, AAK əslində plagiat yoxlaması aparmağa hüququ olmadığı halda, səlahiyyətlərini aşaraq belə incələmə həyata keçirir və bir çox hallarda elmi işlərdə oxşarlıq elementlərini plagiat kimi qələmə verərək dissertasiya müdafiəçiləri üçün əlavə gərginlik yaradır.
Məsələ burasındadır ki, oxşarlıq bir əsərin digərinə məzmun, struktur və ya ifadə baxımından bənzədiyini göstərir. Bu, adətən ümumi məlumatların istifadəsindən və ya mənbələrdən sitat gətirilməsindən qaynaqlanır. Bu zaman mənbələr düzgün göstərildikdə, ictimaiyyətə məlum ümumi məlumatlar və ya faktlar istifadə edildikdə, ifadələr başqa sözlərlə təqdim olunduqda, lakin ideyanın mənşəyi düzgün istinadla göstərildikdə plagiatdan söhbət gedə bilməz. Dissertasiyalarda onlarla, hətta yüzlərlə terminin, ifadənin, cümlənin üst-üstə düşməsi, yaxud bir-birini mənaca təkrarlaması qaçılmazdır. Deyək ki, hüquq sahəsində hazırlanmış bir dissertasiyada “konstitusiya” terminindən istifadə, konstitusiya ilə bağlı əsas anlayışların təkrarlanması qaçılmazdır. Bunu bəhanə edərək disstertasiyanı “plagiat” adlandırmaq çəkilən zəhməti yerə vurmaqla yanaşı, Azərbaycanda hüququn və o cümlədən hüquq şüurunun inkişafının önünü kəsməkdir. Məhz bu səbəbdən beynəlxalq praktikada elmi işlərdə 1-25% aralığında oxşarlıq həddi məqbul sayılır. Hazırda dünyada elmi işlərin plagiat olub-olmaması xüsusi proqramlar vasitəsi ilə təsbit olunur və plagiat olmaması bu proqramlar tərəfindən təsdiqlənmiş elmi işlərin AAK-ın hansısa eksperti tərəfindən ittihama məruz qalması nə elmi, nə metodiki, nə də hüquqi baxımdan qəbul edilən sayıla bilməz. Məhz bunun nəticəsidir ki, 2016-18 illərdə 1218 dissertasiya müdafiə olunduğu halda, Azərbaycanda 2019-2022 illərdə 1328 dissertasiya müdafiə olunub. Azərbaycan və Ermənistan arasındakı əhali sayı fərqinin 5 dəfə lehimizə olduğunu göz önünə aldıqda, bu rəqəmlər milli elmi potensialımızın risk altında olduğunu göstərir.
2023-cü ildə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ali Attestasiya Komissiyasının “İqtisad elmləri üzrə Ekspert şurası”nın üzvü- elmi katibi Əliyev Şəfa Tiflis oğlunun qanunsuz əməlləri ifşa edilib:
“Əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib”.
Çox təəssüf ki, həmin cinayət işi üzrə məhkəmənin yekun qərarı barədə mediada məlumat tapmaq mümkün deyil. Lakin AAK-da mövcud olan atmosfer barədə ictimai diqqəti cəlb edən rəsmi və qeyri-rəsmi açıqlamalar bununla yekunlaşmır, qurumun sədri barədə də açıq mənbələrdə xeyli iddialar yer alır. Bu cür iddiaların araşdırılmasının hüquq-mühafizə orqanlarının işi olduğunu bildiyimizdən məsələnin başqa tərəfinə toxunaq.
“Wikipedia” resursunda yer alan bilgilərə görə, 2019-cu ildən AAK-a sədrlik edən Famil Mustafayev 1998-ci ildə "Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək “İqtisad elmləri namizədi” elmi dərəcəsini alıb. Bu məlumat onunla bağlı AAK-ın rəsmi saytında yerləşrilimiş bioqrafiyaya əsaslanır (https://aak.gov.az/rehberlikMore/3) və doğruluğu şübhə doğurmur. Eyni zamanda, rəsmi bioqrafiyasına görə, Famil Mustafayev 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və hətta universiteti fərqlənmə diplomu ilə bitirib. Yenə rəsmi bioqrafiyasına əsasən, o, 1992-2000-ci illərdə iqtisadiyyat sahəsində bir sıra nazirlik və dövlət komitələrində məsul vəzifələrdə işləyib. Bu qədər önəmli nazirliklərdə və sahələrdə məsul vəzifələrdə çalışan birinin 1998-ci ildə həm namizədlik dissertasiyası müdafiə etməsi, eyni zamanda BDU-nun hüquq fakültəsində təhsil alması onun barəsində mediada xeyli suallar yaradıb. Bu qəbildən olan sualların cavabını AAK sədrinin vicdanına və əlahəzrət zamanın öhdəsinə buraxaraq yenidən mövzumuza qayıdaq.
ChatGPT-dən soruşduq: “Dünyanın 100 ən reytinqli universitetində elmi dərəcələr AAK tipli qurumlar tərəfindən verilirmi?
Və ChatGPT-nin cavabı: “Dünyanın ən reytinqli 100 universitetində elmi dərəcələr Ali Attestasiya Komissiyaları (AAK) tipli qurumlar vasitəsilə deyil, birbaşa universitetlərin öz daxili strukturları və prosedurları əsasında verilir. AAK tipli qurumlar daha çox postsovet məkanında mövcuddur. Lakin dünyanın reytinqli universitetlərində belə qurumlar yoxdur və elmi dərəcələr beynəlxalq elmi tələblər əsasında verilir. Bu yanaşma həmin universitetlərin elmi dərəcələrinin qlobal qəbul olunmasını təmin edir”.
Zənnimizcə, Süni İntellektin kifayət qədər aydın və sərrast təqdimatından sonra bir sual üzərində düşünməliyik: Müasir çağda Azərbaycanda Ali Attestasiya Komissiyasının mövcudluğuna, Famil Mustafayevin də onun sədri olmasına nə ehtiyac var?
AzNews.az analitik-informasiya portalının Araşdırma Qrupu