Özəl psixologiya mərkəzləri: sosial şəbəkə “fenomenləri”, qanunvericilikdə boşluqlar - ARAŞDIRMA

Azərbaycanda son zamanlar psixologiyaya maraq artıb və psixoloqa müraciət edənlərin sayı çoxalıb. Elə özəl psixologiya mərkəzlərinin sayı da getdikcə artır. Son dövrlər sosial şəbəkələrdə və media platformalarında özlərini “psixoloq”, “kouç”, “mentor” və s. adlandırıb qəribə fikirlər səsləndirən bu şəxslər ya hansısa psixologiya mərkəzində, ya da sərbəst fəaliyyət göstərməkdədir.

Ötən həftə sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edən qadının insanları kütləvi şəkildə ağladaraq “şəfalanma” seansı həyata keçirdiyi əks olunan görüntülər yayıldı. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.

Burdan yola çıxaraq bəzi suallara cavab tapmağa çalışmışıq.

Psixoloji yardım göstərmək hüququna malik şəxslər psixoloq və ya klinik (tibbi) psixoloqlardır.

Psixoloq” kimdir, bu ixtisasa necə yiyələnmək olar?

Psixologiya ixtisasına 4 il bakalavr və 2 il magistratura təhsili almaqla yiyələnmək olur. Amma bəzi mərkəzlərdə müxtəlif kurslardan əldə edilən sertifikatla da asanlıqla psixoloq kimi fəaliyyət göstərmək mümkündür.

Psixologiya insan ruhunun sağlamlığına xidmət etdiyi üçün inkişaf etmiş ölkələrdə buna daha ciddi yanaşılır. Psixologiya təhsili alanlar sahələri üzrə çalışmaq üçün çox sayda imtahanlardan uğurla keçir və müəyyən müddətlik fəaliyyətinə dair icazə, lisenziya əldə edir. Həmin müddət bitdikdən sonra proses eyni qaydada təkrarlanır.

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.-ci bəndinə əsasən, psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs psixologiya ixtisası üzrə ali təhsilə və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasına malik olmalıdır.

Bəs klinik psixoloq kimdir?

Klinik psixoloq - psixologiya ixtisasından məzun olduqdan sonra 2 illik Klinik Psixologiya üzrə magistr təhsili aldıqdan sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlardır. Həm Klinik psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər.

Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, mülkiyyət növündən asılı olmayaraq, tibb müəssisələrində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən göstərilir: “Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır”.

Özəl psixologiya mərkəzlərinə Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmləri yoxdur

Analitik Ekspertiza Mərkəzindən o da bildirilib ki, özəl psixologiya mərkəzləri “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir: “Ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin həyata keçirdikləri psixoloji ixtisas üzrə işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir. Lakin belə psixoloji mərkəzlərdə hər hansı bir tibb fəaliyyətinin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər olarsa, həmçinin də media tərəfindən yayımlanan real tibb fəaliyyətinə əsaslanan hallarda Səhiyyə Nazirliyi və tabeliyində olan aidiyyəti qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada uyğun nəzarət tədbirlərinin həyata keçirilir”.

Özəl psixologiya mərkəzlərinin açılması “Lisenziyalar və icazələr haqqında” Qanununun tələblərinə əsasən formalaşmır

Hüquqşünas Şamil Paşayev mövzu ilə bağlı bildirib ki, özəl psixologiya mərkəzlərinin açılması Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun tələblərinə əsasən formalaşmır: “Bu, ciddi boşluqlardan biridir. Psixologiya Mərkəzləri adı altında psixoloq olmayan şəxslər fəaliyyət göstərir, vətəndaşlara zərərli fikirlər ötürürlər.

“Psixoloji yardım haqqında” Qanunda qeyd edilib ki, psixoloq - müvafiq ixtisas üzrə ali təhsil almış və ya əlavə təhsil alaraq psixoloq ixtisasına yiyələnmiş, psixoloji yardım göstərmək hüququ olan şəxsdir. Bu sahədəki boşluqların aradan qaldırılması üçün psixologiya sahəsində mütləq sertifikasiya lazımdır”.

İqtisadiyyat Nazirliyindən sorğumuza cavab olaraq qeyd olunub ki, özəl psixologiya mərkəzlərinə lisenziya verilmir: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2 və 3 nömrəli əlavələri ilə müəyyən edilən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısında psixoloji yardım fəaliyyəti üçün lisenziya və icazə nəzərdə tutulmayıb. Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsasları və bu sahədə yaranan münasibətlər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

Psixoloqlar dərman müalicəsi ilə məşğul ola bilməzlər

Şamil Paşayev vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 215.1.-ci maddəsinə əsasən, psixoloq dərman müalicəsi ilə məşğul olarsa, fiziki şəxslər üçün 500-700 manat, vəzifəli şəxslər üçün 800-1000, hüquqi şəxslər üçün isə 1200-2000 manat məbləğində cərimə tətbiq edilir.

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, deputat Rəşad Mahmudov qeyd edir ki, ölkədə fəaliyyət göstərən özəl psixologiya mərkəzləri üçün lisenziya şərtləri müəyyənləşdirilməlidir: “Təəssüf ki, Azərbaycanda psixoloji mərkəzlər hələ də lisenziyasız fəaliyyət göstərir. Öncə lisenziya şərtləri müəyyən olunmalıdır. Belə ki, qanunvericilik sərtləşdirilməli, lisenziyasız fəaliyyət göstərən mərkəzlərə qarşı ciddi hüquqi tədbirlər tətbiq edilməlidir.

Eyni zamanda, ictimai məlumatlandırma olmalı, valideynlər və vətəndaşlar qeyri-qanuni fəaliyyət göstərən mərkəzlər haqqında məlumatlandırılmalı, rəsmi təsdiqli psixoloji mərkəzlərin siyahısı paylaşılmalıdır.

Bundan başqa dövlət qurumları tərəfindən mütəmadi monitorinqlər aparılmalı və lisenziyasız mərkəzlər bağlanmalıdır”.

Rəşad Mahmudovun sözlərinə görə, özəl psixologiya mərkəzlərinin fəaliyyətinə nəzarət və onların tənzimlənməsi cəmiyyətin psixoloji sağlamlığını qorumaq baxımından olduqca vacibdir: “Bu mərkəzlərdə çalışan loqoped və psixoloqların, eləcə də digər mütəxəssislərin peşəkar və etik standartlara uyğun fəaliyyət göstərməsi üçün konkret mexanizmlər tətbiq edilməlidir. Özəl psixologiya mərkəzləri dövlət tərəfindən təsdiqlənmiş lisenziya əsasında fəaliyyət göstərməlidir.

Bu lisenziyanı almaq üçün mərkəzlərin aşağıdakı kriteriyalara cavab verməsi tələb olunmalıdır:

- Peşəkar kadr heyəti – Yalnız ixtisaslı psixoloqlar, loqopedlər və digər mütəxəssislər işləməli;

- Təhlükəsizlik və şərait – Uşaqlar və böyüklər üçün uyğun şərait təmin edilməli;

- Psixoloji və loqopedik və digər xidmətlərin standartlaşdırılması – Beynəlxalq və milli metodikalara uyğun işlənmiş proqramlardan istifadə olunmalı;

- Daimi audit və yoxlamalar – Dövlət qurumları tərəfindən periodik yoxlamalar aparılmalı və qeyri-qanuni fəaliyyət göstərən mərkəzlər bağlanmalıdır”.

Rəşad Mahmudov əlavə edib ki, loqoped və psixoloqların fəaliyyətinə nəzarət Səhiyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və onların nəzdində yaradılmış peşə birlikləri və assosiasiyalar tərəfindən həyata keçirilməlidir: “Ali və orta ixtisas pedaqoji və ya tibbi təhsilə sahib olan və sertifikasiyadan keçmiş şəxslər loqoped işləməlidir. Onların fəaliyyətinə Elm və Təhsil və Səhiyyə nazirlikləri nəzarət etməlidir.

Ali psixoloji təhsil almış, klinik, inkişaf psixologiyası və digər istiqamətlər üzrə ixtisaslaşmış, müvafiq sertifikasiyalara sahib psixoloqlar işləməlidir. Onlara Psixoloqlar Birliyi və aidiyyəti dövlət qurumları nəzarət etməlidir.

Həmçinin mərkəzlərdə çalışan mütəxəssislərin işinin düzgün aparıldığını yoxlamaq üçün təcrübəli psixoloqların və loqopedlərin superviziya xidməti təşkil olunmalıdır.

Psixoloji xidmət göstərmək üçün yalnız müvafiq təhsilə və sertifikasiyaya malik psixoloqlar icazə almalıdır. Bu sahədə çalışan psixoloqlar:

- Ali psixoloji təhsil almalıdır (bakalavr və magistratura səviyyəsində).

- Sertifikat və lisenziyaya sahib olmalıdır – Dövlət tərəfindən təsdiqlənmiş psixoloji xidmət göstərmək üçün rəsmi sertifikat təqdim etməlidir.

- Təcrübə keçmiş olmalıdır – Xüsusilə autizm və inkişaf pozuntuları sahəsində çalışan mütəxəssislər xüsusi kurslardan keçməli və təcrübə proqramlarında iştirak etməlidir”.

Reklamlar, sosial mediadakı fəaliyyətlərinə əsasən aydın görünür ki, özəl psixologiya mərkəzlərində əsasən, autizmli uşaqların müalicəsi ilə məşğul olurlar.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova bildirib ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyətdə problemlərin olması ilə özünü göstərən ümumi inkişaf pozuntusudur: “Autizmin əlamətləri 3 yaşa qədər təzahür edir və sosial qarşılıqlı əlaqənin və təmasın məhdudluğu, təkrarlanma davranışın fəaliyyəti ilə xarakterizə olunur. Oğlanlarda bu pozuntu qızlara nisbətən 3-4 dəfə tez-tez rast gəlinir”.

Klinik psixoloq” və “Psixiatr” arasındakı fərq nədir?

Klinik psixoloqlar və psixiatrlar oxşar təcrübə sahələrində fəaliyyət göstərirlər, lakin fərqli peşə hazırlığına malikdirlər. Klinik psixoloqlar adətən psixologiya üzrə doktorluq dərəcəsinə (Ph.D. və ya Psy.D.) malikdirlər və psixoterapiyadan istifadə edərək fərdlərin psixoloji problemlərini həll edirlər. Psixiatrlar isə tibb həkimləridir (MD) və psixiatriya üzrə ixtisas təhsili alırlar. Psixiatrlar həm dərman, həm də psixoterapiya təyin edə bilərlər.

Autizm diaqnozu həkim psixiatr tərəfindən qoyulur

Gülnarə Musabəyova qeyd edib ki, autizm diaqnozu həkim psixiatr tərəfindən qoyulur.

Autizmin səbəbləri nələrdir?

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertinin sözlərinə görə, autizmin səbəbləri multifaktor xarakter daşıyır: “Genetik aspektləri, immun sisteminin zəifliyi, ekologiya, qida, makro və mikroelementlərin defisiti və s. Autizm spektrli pozuntuların inkişaf riskinə təsir göstərən prenatal risk faktorlarını -valideynlərin yaşı, ananın fiziki və psixi sağlamlığını göstərmək olar”

Autizmin dərman müalicəsi varmı?

Gülnarə Musabəyova qeyd edib ki, autizmin dərman üsulu ilə müalicəsi elmi sübutunu tapmayıb: “Autizmin müalicəsi psixososial müdaxilələrdən ibarətdir. Bu tədbirlərin məqsədi sosial qarşılıqlı münasibətləri və fəaliyyəti inkişaf etdirmək, ünsiyyətin yaxşılaşdırılması, davranışın mümkün qədər uyğunlaşması, bacarıqların artırılması, təhsil mərhələlərinə inteqrasiya strategiyasını hədəf almaqdır. Geniş istifadə olunan ABA metodikası sayılır (davranış analizinin tətbiqi); TEACCH metodikası, kognitiv-davranış terapiyası və s.

Reabilitasiya tədbirləri multidissinar yanaşma nəzərdə tutur - Psixoloq, loqoped, psixopedaqoq, bədən tərbiyəsi üzrə mütəxəssis, artterapevt, məşğulluq üzrə mütəxəssis.

Psixososial müdaxilələr peşəkar mütəxəssislər tərəfindən təşkil olunursa, həm dövlət, həm özəl mərkəzlərə aparıla bilər”.

Mənzərəyə əsasən deyə bilərik ki, bu gün belə ciddi bir problemin müalicəsi ilə təəssüf ki, lisenziyasız fəaliyyət göstərdiyi üçün nəzarətdən kənarda qalan özəl tibb müəssisələri məşğul olmaqdadır. Bu tibb müəssisələrində uşaqları necə müalicə edirlər, orda fəaliyyət göstərən psixoloqlar kimdir suallarına cavab tapa bilmirik.

Hüquq-mühafizə orqanlarından son bir il ərzində özəl psixoloqlar və ya özəl psixologiya mərkəzləri ilə bağlı vətəndaşlar tərəfindən hansısa şikayət daxil olmadığı bildirilib.

Autizm və spektr pozuntusu olan uşaqlar üçün psixoloji xidmət necə tənzimlənməlidir?

Rəşad Mahmudov bildirib ki, autizm spektr pozuntusu olan uşaqlara göstərilən xidmətin keyfiyyəti çox önəmlidir: “Bu sahədə tənzimləmə üçün xüsusi sertifikasiya proqramları tətbiq edilməli, autizmli uşaqlarla işləyən psixoloqlar və loqopedlər və digər mütəxəssislər üçün əlavə təlim və sertifikasiya keçirilməlidir, eyni zamanda, erkən müdaxilə proqramları hazırlanmalı, dövlət və özəl sektor birgə işləyərək erkən müdaxilə proqramlarını genişləndirməli, bu sahədə çalışan mərkəzlər üçün beynəlxalq və milli standartlar qəbul edilməli və bu standartlara uyğunluq yoxlanmalıdır.

Qeyd etdiyim kimi, psixoloji xidmətlər cəmiyyətin psixi sağlamlığına birbaşa təsir etdiyi üçün dövlət və mütəxəssis birlikləri tərəfindən ciddi şəkildə tənzimlənməlidir. Hər kəsin psixoloji xidmət almaq hüququ var, lakin bu xidmətlərin keyfiyyətli və peşəkar şəkildə göstərilməsi üçün qanunvericilik, nəzarət və maarifləndirmə mexanizmləri daha da gücləndirilməlidir.

Hər bir mütəxəssisin fəaliyyəti xüsusi qaydalara və peşə etikası normalarına uyğun tənzimlənməlidir.

Onların da işi xüsusi tənzimlənmə və sertifikasiya prosedurlarına uyğun aparılmalıdır. Mərkəzdə çalışan mütəxəssislərin fəaliyyət protokolları, sertifikat tələbləri və nəzarət mexanizmləri müəyyən edilməlidir”.

Sosial şəbəkələrdə “kouç”, “mentor”, “təlimçi” kimi adlarla fəaliyyət göstərən “məşhur”lardan bir neçəsinə yazıb, zəng edib fəaliyyətləri, təhsil və ixtisasları ilə bağlı maraqlanmaq istəsəm də, təəssüf ki, jurnalist olduğumu eşidəndə cavab verməkdən boyun qaçırdılar.

Bu dəfə də özəl psixologiya mərkəzlərindən narazı olan valideynlər axtarmaq fikrinə düşdüm. Yenə təəssüflə qeyd edirəm ki, sosial media hesablarında etiraz, şikayət postları paylaşan valideynlər də danışmaq, problemlərini dilə gətirmək istəmədilər.

Hətta autizmli uşağını səhv “müalicə etdiklərini” iddia edən bir xanım “şikayət etmirəm, amma hamısını Allaha tapşırıram” deyib suallarıma cavab verməkdən imtina etdi.

Bir gün sonra isə mənim ona yazdığım mesajı, ünvanladığım sualları skrin edib özünün dediyi kimi, “üç minlik səhifə”sində paylaşıb, bir jurnalistin ona sual ünvanlamağı ilə “öz səhifəsinin gücü”nü reklam edirdi.../APA