- İşin içi
- 6 Dekabr 2018 14:17
- 3 888
Bakıda daha bir beynəlxalq tədbir
Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək
Tələbə və gənclərin sosial inkişafı, karyera bacarıqlarının artırılması, onlar üçün yeni iş imkanlarının, sosial yanaşmaların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) yeni bir maarifləndirici beynəlxalq layihənin icrasına başlamışdır.
AzNews.az məlumat verir ki, cari ilin dekabr ayından start götürən və 3 ay davam edəcək, gənclərin karyera inkişafı, məşğulluq və iş imkanları sahəsində beynəlxalq təcrübə, informasiya mübadiləsini və şəbəkələşməni nəzərdə tutan bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də rəsmi tərəfdaş kimi qoşulduğu “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda Polşa, Rumıniya, Çex Respublikası, Sloveniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin iştirakı nəzərdə tutulur.
“Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında Bakı Konqres Mərkəzində keçiriləcək Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcəkdir.
Rəsmi açılış və bağlanış plenar sessiyaları ilə yanaşı, 4 mövzu üzrə panellərin təşkili, seminar və qruplar üzrə iş tapşırıqlarının aparılması, gənclər işi, gənclərin karyera və məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən müxtəlif hökumət strukturlarında görüşlərin keçirilməsi, Azərbaycanın uğurlu sosial brendlərinə çevrilən ASAN və DOST xidmət mərkəzləri ilə tanışlıq və Bakı Bəyannaməsinin qəbulu da 2019-cu ilin 24-28 yanvar tarixlərində keçiriləcək Beynəlxalq Gənclər Forumunun proqram gündəliyinə daxil edilmişdir. Layihə çərçivəsində geniş PR fəaliyyəti, sosial media və şəbəkələrdə təbliğati işlər və gənclərin karyera və məşğulluğuna dair 3 dildə (Azərbaycan, ingilis və rus) kitab nəşri də nəzərdə tutulur.
Qeyd edək ki, ADTGT Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və eləcədə digər milli və beynəlxalq donorların dəstəyilə ölkədə və ölkə xaricində çoxsaylı beynəlxalq layihələr icra etmiş və bu uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq, Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülmüşdür.
AzNews.az