Kəlbəcərin süfrəmizə qayıdan "İstisu"yu: Zavod mazutla işləyir, karbon qazı Rustavidən gətirilirdi...

Kəlbəcər rayonunda yerləşən "İstisu" mineral sudoldurma zavodunun tikintisi Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin göstərişinə əsasən başlanılıb. 1976-cı ildə zavod işə düşüb.

Zavodun direktoru vəzifəsində 1976-80-ci illərdə Tofiq Hacıyev, 1980-1989-cu illərdə Front Bayramov, 1989-1993-cü illərdə yenidən Tofiq Hacıyev çalışıb.

1976-1990-cı illərdə zavodun baş mühəndisi vəzifəsində Xoləzək kənd sakini Salman Babayev, 1990-1993-cü illərdə isə, 1977-ci ildən bu zavodda mühəndis-mexanik kimi fəaliyyət göstərən Nadirxanlı kənd sakini Məmməd Hacıyev çalışıb. Baş mühasib Zülfüqarlı ərazi dairəsi üzrə Qaragüney kənd sakini Abdulla Abışov işləyib.

1983-1992-ci illərdə zavodda iqtisadçı, sonradan baş mühasib vəzifəsində Zar kənd sakini, ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş Əhəd Bayramov çalışıb.

Zavodun tikintisi və fəaliyyəti üçün bu insanların böyük zəhmətləri olub, fədakarlıq göstəriblər. O dövrlərdə zavod mazutla işləyib, suyun qablaşdırılması zamanı əlavə olunan karbon qazı Rustavi şəhərindən gətirilib, müvafiq infrastruktur və şərait olmayıb.

1982-ci ildə baş mühəndis Salman Babayevin və mühəndis-mexanik Məmməd Hacıyevin səmərələşdirici təklifləri əsasında mineral suya əlavə edilən karbon qazı elə həmin suyun özündən alınaraq qablaşdırılan suya əlavə edilib.

Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonunun işgalı ilə əlaqədar zavodun fəaliyyəti dayanıb, əmlakı ermənilər tərəfindən dagıdılıb və Ermənistana daşınıb.

Həm Tofiq Hacıyev, həm Front Bayramov rayonun sayılıb seçilən ziyalılarından olmaqla,crespublikamızda böyük hörmət və nüfuz sahibi kimi öz mərdlikləri ,səmimiyyətləri, qonaqpərvərlikləri ilə xalqımızın dərin rəgbətini qazanmışdılar. Allah Tofiq Hacıyevə, Front Bayramova, Salman Babayevə, Abdulla Abışova, Əhəd Bayramova və digər zavodun dünyasını dəyişən əməkdaşlarına rəhmət eləsin! İndi ruhları şad, məkanları cənnətdir.

Məmməd Hacıyevə və hazırda yaşayan digər zavod əməkdaşlarına isə can saglıgı, uzun ömür, Kəlbəcərdə xoşbəxt günlər arzulayıram.

Kəlbəcər rayonu işgaldan azad edildikdən sonra 2022-ci il 26 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin zavodun yenidən təməli qoyuldu və 2024- cü ildə işlər başa çatdırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü il sentyabrın 2-də "İstisu" mineral sudoldurma zavodunun açılışında iştirak etdilər.

Allah Ali Baş Komandan,möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və onların ailəsini qorusun!

Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin!

Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Ruhları şad,məkanları cənnət olsun!

Allah qazilərimizə şəfa və can saglıgı versin!

Allah Müzəffər Ordumuzu qorusun!

Belə sevincli günlərimizdə dünyasını dəyişmiş, həmin zavodun fəaliyyəti üçün misilsiz xidmətləri olmuş, elimizin dəyərli insanlarını yad etməyi özümə borc bildim.

Qurban Sadıqov