Hüquqşünas: "Bu, sığortaçıların marağında olacaq və maliyyə bazarının dinamikliyini artıracaq"

“Problemli kreditlərə güzəştin verilməsi yenə də ən çox müzakirə edilən məsələlərdəndır. Bir çox dünya ölkələrdə bəzi sosial statusa malik və həssas qruplara daxil olan şəxslərin kredit borclarının bağışlanması təcrübəsi var”.

“Kredit “kredo” sözündən götürülüb. İtalyanca tərcümədə mənası etibar etmək deməkdir. Birinci devalvasiyadan sonra banklarımız müştərilərin qarşısında etibarını itirdi. Bu etibarı bərpa etmək üçün çox vaxt lazım oldu və buna müəyyən qədər nail oldular. Kredit götürüləndə, buna borc da demək olar, bir çox şərti olur ki, bunun da biri stabil iş yerinin olmasıdır. Stabil iş yerinin olması faktiki borc verən üçün zəmanət sayılır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.

Hüquqşünas qeyd edib ki, borc götürən ya zəlzələdən, ya vəlvələdən işsiz qalanda borcu ödəməkdə çətinlik çəkir.

“Bank borc verdiyi pulu əsaslı olaraq tələb edir. Borc veriləndə sabit iş yerinin olması, digər tərəfdən borc alanın hansısa səbəbdən işsiz qalması bank üçün önəm daşımır. Hesab edirəm ki, bank bu vəziyyəti nəzərə almalıdır. Bunun bir sadə yolu var. “İşsizlikdən sığorta haqqında” qanunda əlavələr etmək olar. Məsələn, pensiyaçılar kredit alanda onları həyat sığortası edirlər. Bank bu halda verdiyi pulu faktiki sığortalamış olur. Bunu işsizlikdə də tətbiq etmək mümkündür. Bu, həm də sığortaçıların marağında olacaq və maliyyə bazarının dinamikliyini artıracaq”.

Rəfiqə NAMAZƏLİYEVA