Slovakiya Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli əməkdaşlığı qiymətləndirir

Slovakiya Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətli əməkdaşlıq imkanlarını qiymətləndirir.

Bu barədə Slovakiyanın ən böyük enerji resursları tədarükçüsü olan "Slovensky plynárenský priemysel" (SPP) şirkətindən məlumat verilib.

"SPP şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə təbii qaz təchizatı üzrə qısamüddətli pilot müqavilə imzalayıb. Qaz dekabrda alınıb və çatdırılma məntəqəsi Avstriya olub. Hazırda biz mümkün növbəti addımlar üçün əməkdaşlığı qiymətləndiririk", - şirkətdən bildirilib.

Qeyd olunub ki, Ukrayna vasitəsilə Rusiyadan təchizatın dayandırılması ilə əlaqədar qaz mənbələrinin şaxələndirilməsi proqramı çərçivəsində SPP şirkəti BP, “ExxonMobil”, “Shell”, ENI və RWE ilə müqavilələr imzalayıb.

"Bu müqavilələr həm həcm, həm də müddət baxımından çevikdir", - SPP-dən vurğulanıb.

Xatırladaq ki, SOCAR Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə 2024-cü ilin dekabrın 1-dən başlayıb. Slovakiyaya qaz tədarükü “Həmrəylik Həlqəsi” (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bu ilin may ayında bildirmişdir ki, STRİNG təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.