Azərbaycan və Türkiyə arasında turizm sahəsində Protokol imzalanıb

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun Bakıda keçirilən 4-cü iclasında turizm sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarəedilməsi, sağlamlıq turizmi və dayanıqlı turizm istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi müzakirə olunub.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

İclasda dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin yaradılması, regional turizm və mədəni irsin idarəçiliyi üzrə əməkdaşlıq, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsi üçün 2025-ci il üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə baş tutan iclasda turizm sənayesi üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri də iştirak edib.

Görüş zamanı 2024-cü il üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər qiymətləndirilib və 2025-ci il üçün yeni Birgə Fəaliyyət Planı müzakirə olunub.

2025-ci il üzrə Birgə Fəaliyyət Planına BMT Turizm, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq mövzuları daxil edilib. Həmçinin Azərbaycanın BMT Turizmin “Ən yaxşı turizm kəndi” nominasiyasına müraciəti üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, iclas çərçivəsində regional turizmin inkişafı, Türkiyənin Rize və Trabzon bölgələrində aqroturizmin inkişafı təcrübəsi, “Turistik kənd” layihəsi üzrə İzmirin Birgi və Şirince kəndlərinin təcrübəsinin öyrənilməsi, Lənkəran Regional Turizm İdarəsi ilə Rize və Trabzon əyalətlərinin müvafiq qurumları arasında tərəfdaşlıq əlaqələrinin yaradılması müzakirə edilib.

2025-ci il üçün Fəaliyyət Planına DTA tabeliyində yaradılan Turizm və Rekreasiya Zonalarının İdarəedilməsi və İnkişaf Mərkəzi ilə Türkiyənin müvafiq qurumu arasında əlaqələrin qurulması, Azərbaycanın Türkiyədə nümayəndəlik ofisinin açılması, türk filmləri və seriallarında Azərbaycanın turizminin təbliğatı, işgüzar turizmin inkişafı üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda tanıtım layihələri üzrə qarşılıqlı dəstək, turizm sənayesi nümayəndələri üçün B2B formatlı görüşlərin və tanışlıq səfərlərinin təşkili kimi məsələlər daxil edilib.

Müzakirə olunan digər mövzular arasında mədəni turizm və irs idarəçiliyi istiqamətində Basqal və ya Şəkidə Azərbaycan və Türkiyə Sənətkarlıq Festivalının təşkili, arxeoloji turizmin inkişafı, mədəni irsin turizm məqsədli istifadəsi və qorunması, qastronomiya turizmi sahəsində paxlavanın UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə müraciət, Azərbaycan Turizm və Menecment Universitetində Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində qastronomiya ixtisasının açılması və restoranlar üçün “Michelin” ulduzlarının əldə edilməsi üzrə təcrübə mübadiləsi yer alıb.

Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, "Azərbaycan Hava Yolları" QSC, qarşı tərəfdən isə "Türk Hava Yolları" və Türkiyə Turizm İnvestorlar Assosiasiyasının nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən il noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək və turizm əlaqələrini inkişaf etdirmək məqsədilə saziş imzalanıb.

AzNews.az