Baş katib: TDT daxili ticarətin həcmini 10 %-ə qədər artırmağı hədəfləyir

Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında daxili ticarətin həcminin 10 %-ə (ümumi dövriyyədə) çatdırılması kimi iddialı hədəf qoyub.

“Report” xəbər verir ki, bunu TDT-nın Baş katibi Kubanıçbek Ömüralıyev “Euroreporter”a müsahibəsində bildirib.

"...hazırda TDT-yə üzv dövlətlər arasında daxili ticarətin həcmi təxminən 7 % (2024-cü ildə bu ölkələrin ümumi ticarət dövriyyəsi 850 milyard ABŞ dolları təşkil edib) və ya 58,17 milyard ABŞ dollarına yaxın olub. Bir neçə il əvvəl bu göstərici cəmi 3 % idi, buna görə də ümidverici artım müşahidə edirik. İndi hədəfimiz bu payı mümkün qədər tez bir zamanda 10 %-ə çatdırmaqdır", - Baş katib qeyd edib.

Onun sözlərinə görə, ticarət dövriyyəsinin artırılması üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla, nəqliyyat və logistikada maneələrin aradan qaldırılması istiqamətində iş aparılır: "Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi nəticəsində 2030-cu ilə qədər daşınan yüklərin həcminin üç dəfə artaraq 11 milyon tona çatacağı gözlənilir".

O qeyd edib ki, bu gün nəqliyyat və gömrük əməkdaşlığında əhəmiyyətli uğurlar əldə edilib: "Sadələşdirilmiş gömrük dəhlizi, Beynəlxalq kombinə edilmiş yük daşımaları kimi sazişlər və rəqəmsallaşdırma sahəsində təşəbbüslər (E-Permit, E-CMR və E-TIR) logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edir. Bütün bu səylər regional iqtisadi inteqrasiyanı dərinləşdirmək və üzv dövlətlərimiz arasında ticarət axınlarını yaxşılaşdırmaq kimi qarşıya qoyduğumuz daha böyük hədəfə nail olmağa kömək edir".

K.Ömüralıyev əlavə edib ki, TDT ölkələri tranzit üçün körpü rolunu oynayaraq təkcə malların hərəkətini asanlaşdırmağa deyil, həm də Şərq və Qərb arasında iqtisadi əməkdaşlığa və qarşılıqlı rifaha töhfə verməyə hazırdır.