Azərbaycanda qoz bağlarının güzəştli şərtlərlə sığortalanmasına başlanılır

Aqrar Sığorta Fondu qoz bağlarının güzəştli şərtlərlə sığortalanmasına başlayır.

AzNews.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, təsərrüfat sahibləri bağlarını 50 % güzəştli şərtlərlə sığorta etdirə bilərlər.

Azərbaycanda qoz bağlarının sahəsi 7 000 hektara çatıb. Bura son illər xüsusilə artan intensiv və superintensiv bağlar da daxildir.

Qoz bağlarının 40 %-dən çoxu, yəni təqribən 3 min hektarı Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunda qoz bağlarının sahəsi 1 335 hektar, Dağlıq Şirvan iqtisadi rayonunda 776 hektar təşkil edir.

Son illər ölkədəki qoz bağlarının sahəsi genişlənməkdədir. İstiyə tələbkar, eyni zamanda quraqlığa, sərt iqlim şərtlərinə, şaxtaya davamlı qoz bitkisinin əkin sahəsində təkcə 2024-cü ildə 210 hektar artım qeydə alınıb.

Qoz bağlarına fermerlərin marağının artması və bu sahəyə yatırılan investisiyaların artımı bağların çoxsaylı risklərdən sığortalanmasını da zəruri edir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sığortalana bilən 41 bitki arasında qoz məhsulu da var.

Aqrar sığorta qoz bağlarını, dolu, fırtına, qasırğa, subasma, vəhşi heyvan hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığota edir.

Artıq qoz bağlarına dəyən zərərlər üzrə ödənişlər də başlayıb. Belə ki, 2024-cü ildə Şəki-Zaqatala regionunda baş vermis hadisələr və qoz bağlarına dəyən zərərə görə fermerlərə 20 161 manat ödəniş edilib. Bu ödənişlər fırtına, qasırğa, sel-subasma kimi hadisələr üzrə həyata keçirilib.

Sığorta haqqının yarısını dövlət ödədiyinə görə, fermerlər cüzi ödənişlə bağlarını sığorta etdirə bilərlər. Belə ki, Qıba-Xaçmaz regionunda fermer 1 000 manatlıq qoz məhsulunun sığortalanması üçün 10 manat, Şəki-Zaqatalada 19 manat, Dağlıq Şirvan regionunda isə 17 manat sığorta haqqı ödəməlidir. Qoz bağında gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və tingləri də sığorta etdirmək mümlündür.